GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
24 sentyabr 2019 | 04:09   
Paylaşın:        

Sentyabrın 24-də Milli Məclisin Gənclər və İdman komitəsinin iclası keçirildi. Komitə sədri Ülvi Quliyev gündəlikdəki məsələləri təqdim etdi.
Əvvəlcə, komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyətinin hesabatı verildi. Bildirildi ki, ötən sessiyada  komitənin 7 iclası keçirilib, “Gənclər siyasəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə, paket halında daxil olan bir sıra qanunlara düzəlişlərlə bağlı sənədlər, Azərbaycan Respublikasının Gənclər Fondunun 2018-ci il ərzində fəaliyyəti haqqında Hesabat və digər məsələlər müzakirə olunub.
Bu müddətdə komitənin sədri və üzvləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər, bir sıra tədbirlərə qatılıblar. Bunlardan “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfransı, parlamentdə təşkil olunmuş “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masanı, Milli Məclisin dəstəyi ilə "Könüllülər Parlamenti-Azərbaycan 2019" layihəsi çərçivəsində gənclərlə görüşü, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə növbəti dəfə Prezident seçildikdən sonra 1 illik fəaliyyətinə həsr olunmuş tədbiri, "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatını, 15 İyun Milli Qurtuluş Günü ilə bağlı gənclərlə görüşü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı toplantıları, onun siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Ulu öndər” sənədli filminin təqdimat mərasimini və digər tədbirləri göstərmək olar.
Hesabat dövründə komitəyə ümumilikdə 189 yazılı və şifahi şəkildə  müraciət olunub. Daxil olan 59 məktubdan 48-i vətəndaşlar tərəfindən, 11-i isə müxtəlif qurumlardan olub. Müraciətlərdə ictimai-siyasi vəziyyət, kadr siyasəti, əhalinin sosial müdafiəsi, əmək mübahisələri, özəlləşdirmə, maliyyə, mənzil-məişət, elm, mədəniyyət, təhsil, idman haqqında məsələlər öz əksini tapıb. Məktublarda qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Sessiya ərzində komitə sədri tərəfindən 89 vətəndaş qəbul edilib.
Sonra komitənin 2019-cu il payız sessiyası üçün iş planı təqdim olundu. Diqqətə çatdırıldı ki, iş planında Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə tədbirlərinin təşkili, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə cari işlərin həyata keçirilməsi, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Deputatlar Şahin İsmayılov, Cavid Osmanov, Azər Badamov, Sevinc Hüseynova, Naqif Həmzəyev, Elşən Musayev bildirdilər ki, yaz və növbədənkənar sessiyalar çox məhsuldar keçib, komitə dövlət siyasətinin gənclərə çatdırılmasına öz layiqli töhfəsini verib. “Nəsimi ili” çərçivəsində, “Yüksəliş” müsabiqəsi ilə əlaqədar planlaşdırılan layihələrin əhəmiyyətli olduğunu dedilər, təkliflərini səsləndirdilər.
Çıxışlarda son vaxtlar informasiya texnologilyalarından istifadə qaydalarının pozulması, saxta profillərin açılması və digər bu kimi mənfi halların olması təəssüflə qeyd olundu. Millət vəkilləri bu istiqamətdə gənclər arasında maarifləndirmə işlərinin aparılması, onları düzgün yönləndirməyin vacibliyi barədə fikirlərini açıqladılar.  
Komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbət qiymətləndirildi, payız sessiyasının iş planı təsdiqləndi.
Sonra iclasda “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verildi. Bildirildi ki, qanunun 5.6.3-cü maddəsində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz olunur. Qeyd edildi ki, bu qanuna və eyni paketə daxil olan “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlara təklif olunan dəyişikliklər bu sənədləri “Psixoloji yardım  haqqında” 2018-ci il 7 dekabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU