REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Sentyabrın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə yeni sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik etdi, qarşıdakı sessiyada onlara uğurlar arzuladı.
Sonra o, bu ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərdən danışdı. Bildirildi ki, bu dövrdə komitənin 6 iclası keçirilib, bu iclaslarda 12 vacib məsələ müzakirə olunub ki, bunlardan 9-u qanun layihəsidir. Bildirildi ki, yaz və növbədənkənar sessiyalar müddətində komitənin ünvanına 119 təklif, ərizə və şikayət daxil olmuşdur. Bütün bu məsələlərə komitədə baxılıb müvafiq şəkildə həll edilmişdir.
Arif Rəhimzadə hesabat dövründə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsindən geniş söhbət açdı. Qeyd olundu ki, bu dövrdə komitədə bələdiyyələrin inkişaf məsələləri, onların işinin təkmilləşdirilməsi üçün bir sıra qanunlara mühüm dəyişikliklər edilmişdir. Sonra komitə üzvlərinin hesabat dövründə beynəlxalq tədbirlərdə, ölkə daxilində siyasi və iqtisadi xarakterli toplantılarda iştirakından söz açıldı, seçicilərlə aparılan işlərdən danışıldı.
Millət vəkilləri Fəttah Heydərov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov, Cavid Osmanov çıxış edərək komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Hesabat məqbul hesab edildi.
Arif Rəhimzadə payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı məlumatı da təqdim etdi. Bildirildi ki, qarşıdakı sessiya müddətində komitədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” və digər qanunlara dəyişikliklər edilməsi barədə yeni qanun layihələrinin hazırlanması və digər sənədlərin müzakirəsi planlaşdırılır.
İclasda bələdiyyələrin statusu ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsinin təşkil edilməsinin vacibliyi kimi təkliflər də səsləndirildi.
Ətraflı müzakirələrdən sonra komitənin 2019-cu ilin payız sessiyası üçün qanunvericilik işləri planı təsdiqləndi.
Milli Məclisin
Mətbuat xidməti