MİLLİ MƏCLİSDƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ DƏSTƏK MƏQSƏDİLƏ DİNLƏMƏ KEÇİRİLDİ

Tədbirlər
02 oktyabr 2019 | 06:10   
Paylaşın:        
Oktyabrın 2-də Milli Məclisdə Parlamentin Əmək və sosial siyasət komitəsi BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqı ilə birgə “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda dinləmə keçirdi.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu tədbiri Azərbaycanda keçirdiyinə görə BMT-yə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, tədbirin keçirilməsinin əsas məqsədi əlilliyin əvvəlcədən qarşısının alınması məsələsidir. Azərbaycanda əlillərin sosial müdafiəsi sahəsində qəbul olunmuş qanunlardan danışan Hadi Rəcəbli bildirdi ki, bu qanunların bir neçəsi MDB məkanında, bir neçəsi isə dünya miqyasında model qanun kimi qəbul edilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya və hemofiliya xəstəliklərinin qarşısının qalınması məqsədilə qanunlar hazırlanmış, nigaha daxil olanlarda bu xəstəliklərin yoxlanılması məsələsi qanuna daxil edilmişdir. O cümlədən ölkəmizdə endokrin xəstəliklərin qarşısının alınması məqsədilə “Duzun yodlaşdırılması haqqında” Qanun hazırlanmışdır.
Sonra çıxış edən Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli ölkəmizdə əlillərin sosial müdafiəsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələrdən danışdı.
İclasda iştirak edən 13 ölkənin nümayəndələrindən Almaniya, Rusiya, Ukrayna,  Belarus, Qazaxıstan nümayəndələri, BMT-nin nümayəndəsi Robert Venee, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək mövzu barədə fikirlərini bildirdilər, belə dinləmələrin əhəmiyyətini qeyd etdilər.
Dinləmələrə yekun vuran Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli tədbirin keçirilməsinə verilən dəstəyə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU