MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” parlamentə ünvanlandığı təqdimatı oxudu.
Spiker qeyd etdi ki, Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.
Millət vəkilləri Siyavuş Novruzov, Vahid Əhmədov, Hikmət Məmmədov, Fəzail Ağamalı Əli Əsədovun müsbət insani keyfiyyətlərə, yüksək savada, dərin iqtisadi biliklərə malik, dövlətə və dövlətçiliyə sadiq bir mütəxəssis olması barədə fikirlərini söylədilər.
Müzakirələrdən sonra məsələ səsə qoyuldu və Milli Məclis Əli Əsədovun Azərbaycanın baş naziri təyin edilməsinə razılıq verdi.
Əli Əsədov çıxış edərək ölkədəki iqtisadi yüksəlişdən söz açdı, ona göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkür etdi. O, çıxışında bu böyük etimadı doğruldacağı ilə bağlı əlindən gələni əsirgəməyəcəyini dedi: “Son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət nəticəsində əmək haqqı 2,4 dəfə, pensiyalar 3 dəfə yüksəlib. Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharibə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən məcburi köçkünlər, ahıllar, uşaqlar daim ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Bu insanlara Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi məhəbbət və mərhəmətlə qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, Sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.
Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə sənədləri üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, notariat hərəkətlərinin aparılması sahəsində yeni müasir texnologiyaların tətbiqi, notariat elektron məlumat bazasının yaradılması informasiya sistemi vasitəsilə fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılmasına xidmət edir. Təqdim olunan qanun layihəsindən irəli gələn dəyişikliklər texniki xarakter daşıyır və “Notariat haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 15 noyabr tarixli qanuna uyğunlaşdırma çərçivəsində hazırlanmışdır. Əli Hüseynli müvafiq qaydada İnzibati Xətalar Məcəlləsində dəyişikliyin edilməsinin də eyni xarakterli olduğunu qeyd etdi. Hər iki məsələ səsvermə yolu ilə təsdiqləndi.
Əli Hüseynli “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri də üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, sənəd “Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa uyğunlaşdırma xarakteri daşıyır və qanunun ötən dəfəki müzakirəsi zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflər nəzərə alınıb. Sənəd səsə qoyularaq qəbul edildi.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı gündəlikdəki növbəti iki məsələ - “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda şərh etdi. Bu sənədlərdə edilən dəyişikliklərin “Psixoloji yardım haqqında” 2018-ci il 7 dekabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi ilə edildiyi vurğulandı. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Sonra Əli Hüseynli Cəzaların İcrası, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrində “Psixoloji yardım haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə aparılan dəyişiklikləri üçüncü oxunuşda diqqətə çatdırdı. Qanun layihələri səsvermə yolu ilə təsdiq edildi.
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri ikinci oxunuşda şərh etdi. Komitə sədri vurğuladı ki, qanun layihələrində yerin təkindən istifadə, faydalı qazıntıların çıxarılması zamanı ətraf mühitə təsirin qiymətləndiriməsi, yerin təkindən istifadə hüquqlarının dayandırılması və ləğvinin əsasları, bu sahədə sənədlərin rəsmiləşdirilməsi qaydaları, yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi dəqiqləşdirilir. Vitse-spiker qanunun ilk oxunuşda müzakirəsi zamanı səsləndirilən təkliflərin də nəzərə alındığını bildirdi. Sənəd səsə qoyularaq təsdiq edildi.
Əli Hüseynli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda müzakirəyə çıxardı. Qeyd edildi ki, qanun layihəsi ölkə ərazisində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, müvafiq hüquqi normaların dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması məqsədi ilə hazırlanmışdır. Sənəd səsə qoyularaq məqbul hesab edildi.
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlərin təqdimatında vurğuladı ki, layihələr 2018-ci il 12 oktyabrda qəbul edilmiş “Hərbi vəzifə və xidmət keçmə haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədə uyğunlaşdırılır. Qanun layihələri səsə qoyularaq təsdiqləndi
İclasda Ziyad Səmədzadənin təqdimatı ilə ikinci oxunuşda “Lisenziyalar və icazələr haqqında” qanunda edilən texniki xarakterli dəyişikliklərə də baxıldı. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
Əli Hüseynli “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim etdi. Bildirildi ki, bu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində təsis edilən medallardan biridir. Sənəd razılıqla qarşılandı.
İclasda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd ikinci oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanun layihəsi parlamentdə birinci oxunuşda ətraflı müzakirə ediləndən sonra komitəyə heç bir yeni təklif daxil olmayıb. Bu sənəd də səsə qoyularaq təsdiqləndi.
Sonra “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinə ikinci oxunuşda baxıldı. Əli Hüseynli bildirdi ki, sənəd ölkə Konstitusiyasının 94-cü maddəsinin 1-ci bəndinə və 96-cı maddəsinin VI hissəsinə uyğun olaraq ölkə vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydalarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimlənir. Komitə sədri vurğuladı ki, qanunun parlamentdə ötən dəfəki müzakirəsindən sonra sənədlə bağlı ictimai dinləmələr keçirilib və daxil olan maraqlı təkliflər dəyərləndirilib. Layihə bütövlükdə və maddə-maddə səsə qoyularaq təsdiq edildi.
Bununla da Milli Məclis bugünkü işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti