REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
12 sentyabr 2012 | 05:09   
Paylaşın:        

Sentyabrın 12-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdi.
Əvvəlcə 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə iştirakçılara məlumat verildi. Bildirildi ki, bu dövrdə komitənin 8 iclası keçirilib və 12 məsələyə baxılıb. Keçən dövr ərzində Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”  qanun layihələrinə əlavə və dəyişikliklər edilib, bir sıra rayonların ərazi bölgüsündə və bəzi qəsəbələrin adlarında dəyişikliklər edilib. Cari ilin yanvar ayında komitə üzvləri Türkiyənin Ankara şəhərində səfərdə olub və bələdiyyə institutunun inkişaf prespektivləri haqqında fikir mübadiləsi apararaq bir sıra səmərəli görüşlər keçiriblər. Bu dövr ərzində vətəndaşların 125 məktubuna baxılıb, komitə üzvləri tərəfindən 485 nəfər qəbul edilib.
Sonra Arif Rəhimzadə 2012-ci il payız sessiyası ərzində komitənin işlər planı haqqında məlumat verdi. Bildirildi ki, növbəti sessiyada Bələdiyyələrin hesabatları haqqında qanun layihəsinin müzakirəsi, “Torpaq Məcəlləsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanun layihələrinə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Daha sonra gündəlikdəki “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında danışıldı. Qeyd edildi ki, düzəlişlər Tovuz rayonunun inzibati ərzi bölgüsünə qismən  dəyişikliklərin edilməsi ilə bağlıdır.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqnları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə komitənin fəaliyyətini yüksək qiymətləndirdilər.
Çıxış edən millət vəkilləri müzakirə olunan məsələləri Milli Məclisin plenar iclasına tövsiyyə etdilər.


Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU