MİLLİ MƏCLİSDƏ NAXÇIVAN SAZİŞİNİN 10 İLLİK YUBİLEYİ QEYD OLUNDU
Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan Sazişi - 10 il” mövzusunda beynəlxalq konfrans keçirildi.
Tədbiri açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı Saziş imzaladı. Keçən 10 il sübut etdi ki, belə bir sazişin imzalanmasına doğrudan da böyük ehtiyac vardı. Bu 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirildi. Onlardan biri də 2008-ci ildən fəaliyyət göstərən Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır.
Ziyafət Əsgərov diqqətə çatdırdı ki, ötən dövrdə mədəniyyət, incəsənət, iqtisadiyyat, ticari əlaqələr və digər sahələrdə əməkdaşlığımız inkişaf etdi və hesab edirəm ki, bu işlər bundan sonra daha da uğurla davam edəcəkdir.
Bildirdi ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlamışdır. Türkdilli xalqların inteqrasiyası yolunda ümummilli liderimiz Heydər Əliyevin müdrik təşəbbüsü hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olundu ki, 2009-cu ildə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas məqsədi Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Ötən 10 ildə bu təşkilatın ciddi siyasi çəkiyə malik təşkilat kimi formalaşmasına imkan yaranmışdır. Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mühüm töhfələr vermişdir.
Bu il oktyabrın 14-də və 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə görüşü keçiriləcək və təşkilata sədrlik Azərbaycana ötürüləcəkdir. Cari ilin sentyabrın 4-də Naxçıvan Sazişinin Özbəkistan tərəfindən ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin əlaqələrinin möhkəmlənməsi baxımından mühüm tarixi hadisə oldu.
Ziyafət Əsgərov bu mühüm tarixi hadisə münasibətilə qardaş Özbəkistan dövlətini və xalqını təbrik etdi. Qeyd etdi ki, Özbəkistanın bu şuraya qoşulmasının Naxçıvan sazişinin 10 illiyinə təsadüf etməsi bizim üçün rəmzi məna daşıyır. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üçün digər əlamətdar hadisə Budapeştdə təşkilatın nümayəndəliyinin təsis edilməsi olmuşdur. Bir il öncə Macarıstan bu təşkilata müşahidəçi statusu ilə qoşulmuşdur. Nümayəndəliyin yaradılması bu təşkilatın Avropaya da genişlənməsi baxımından mühüm hadisədir. Türkdilli xalqlar arasında birliyin möhkəmləndirilməsi baxımından bu Şura ilə yanaşı, Türksoy Beynəlxalq Akademiyası və Türk mədəniyyəti və İrsi Fondu da yaxından iştirak edir.
Bu mühüm fəaliyyətdən parlamentlərimizin də kənarda qalmamasını xüsusi vurğulayan Ziyafət Əsgərov bildirdi ki, bu işdə Türkdilli Ölkələrin Parlament Assambleyası da yaxından köməklik göstərir. Bu baxımdan TÜRKPA 11 illik fəaliyyəti dövründə bir sıra uğurlara imza atmışdır. Ziyafət Əsgərov Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırdı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzuladı.
Sonra çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov bildirdi ki, Naxçıvan Sazişinin imzalanması türkdilli ölkələrin əməkdaşlığının inkişafında yeni mərhələ olmuşdur. Bu sazişin imzalanması türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə təkan vermişdir. Bu baxımdan TÜRKPA-nın yaradılması da mühüm addım olmuşdur. TÜRKPA parlamentlər arasında təcrübə mübadiləsi, milli qanunvericiliyin yaxından öyrənilməsi, seçkilərin müşahidəsi, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Baş katib bildirdi ki, TÜRKPA-nın qarşıdakı sessiyasında bir sıra model qanun layihələrinin hazırlanması və bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Baş katib TÜRKPA-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi. Qeyd etdi ki, TÜRKPA türkdilli dövlətlərin münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün qanunvericilik dəstəyi verməyə hazırdır. Baş katib Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırdı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzuladı.
Sonra toplantı panellər üzrə davam etdirildi.
“Naxçıvan sazişi: Türk birliyinin inkişafının yeni mərhələsi” mövzusunda keçirilən paneldə ilk olaraq Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış etdi. Komitə sədri bildirdi ki, 3 oktyabr 2009-cu ildə imzalanan Sazişin əsas məqsədi türk dilli dövlətlərin bir araya gəlməsi, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanın sürətlənməsi idi. Qeyd edildi ki, türk dövlətləri arasındakı münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun iştirakı ilə 4 böyük türk dövləti arasında Türkdilli dövlətlərin Parlament Assambleyası yaradıldı. Çox sevindiricidir ki, artıq qardaş Özbəkistan da quruma üzv olmağa hazırlaşır. Komitə sədri TürkPA-nın tərkibində fəaliyyət göstərən komitələrin işindən, həyata keçirilən layihələrdən danışdı.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli böyük bir coğrafiyanı bölüşən türk xalqlarının ortaq dəyərlərindən, dil və din birliyindən, onların həyat tərzləri, yaşam və məişət fəlsəfələrindən geniş söhbət açdı. “Naxçıvan sazişi”nin imzalanmasından keçən 10 il ərzində görülən işlərin, qarşılıqlı səfərlərin əhəmiyyəti, türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaların rolu barədə fikirlərini söylədi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı zamandan keçmiş İttifaqın süqutu ilə ayrı-ayrı türk dövlətləri arasında münasibətləri əngəlləyən manelərin aradan qaldırılması sahəsində xidmətlərindən, onun türkdilli xalqların dövlət başçılarının zirvə görüşlərində iştirakından söz acdı. İsa Həbibbəyli Beynəlxalq Türk dili Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə fikirlərini də diqqətə çatdırdı. Akademiyanın Monqolustanda, Sibirdə, Qafqazda türk izləri barədə araşdırma layihələrinin uğurlu nəticələrini vurğuladı.
Sonra Milli Məclisin deputatları Nizami Cəfərov, Hikmət Məmmədov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının layihə rəhbəri Yıldız Uzakova çıxış edərək türk xalqları arasında əməkdaşlığın milli əsaslarından, qardaş dövlətlər arasında iqtisadi, siyası, mədəni əməkdaşlığın genişləndirilməsi çərçivəsində görülən işlərdən söz açdılar.
Tədbirdə o da vurğulandı ki, Heydər Əliyevin “Bir millət - iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı digər türkdilli dövlətlər üçün yaxşı nümunədir. Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə keçirilən “Valday” klubunun toplantısında “Qarabağ Azərbaycandır və nida!” fikrinə diqqət çəkərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində türkdilli dövlətlərin cəhdlərini birləşdirməli olduğunu ifadə etdilər.
Daha sonra tədbir “Türkdilli dövlətlər arasında institusional əməkdaşlığın inkişaf etdirilməsində parlament ölçüsünün rolu: yeni çağırışlar və vəzifələr” mövzusunda müzakirələrlə davam etdirildi.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov öz çıxışında bildirdi ki, türkdilli ölkələr arasında əməkdaşlığın vacib istiqamətlərindən biri qanunvericilik sahəsində inteqrasiyadır. Bizim gələcək vəzifələrimizdən birini türkdilli dövlətlərin oxşar hüquqi məkanının formalaşması təşkil edir. Hal-hazırda bu sahədə TÜRKPA çərçivəsində çox mühüm inkişaf müşahidə olunur. Bunun bariz nümunəsi olaraq Türkdilli dövlətlərin terrorçuluğa münasibətdə ortaq mövqeyinin müəyyən edilməsini göstərmək olar. Qeyd edildi ki, bir müddət əvvəl müvafiq sənədlər hazırlanıb qurumun aidiyyəti komissiyasına təqdim edilib. Bu sənəddə terrorçuluqla mübarizədə beynəlxalq konvensiyalarda müəyyən olunmuş prinsiplər öz əksini tapıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, eyni cinayətə münasibətdə türkdilli dövlətlərin ümumi yanaşması tətbiq olunacaq.
Digər istiqamət TÜRKPA çərçivəsində model qanunvericilik aktlarının hazırlanmasıdır. Buna uyğun olaraq quruma üzv dövlətlərdə qəbul edilən qanunların bir-birinə uyğunlaşdırılması prosesi həyata keçiriləcək. Növbəti addım beynəlxalq cinayətlərin qarşısının alınması və həmin cinayətlərin cəzalandırlması ilə bağlı qanun layihəsi olacaq. Heç bir dövlət bundan sığortalanmayıb. Azərbaycan da bunun bariz nümunəsidir. Xocalı soyqırımı, digər çoxsaylı hərbi cinayətlərin qarşısının alınmasında türkdilli dövlətlərin ümumi mövqedən çıxış etməsi mühüm əhəmiyyət daşıyır. Hazırda insanlıq əleyhinə cinayətlərlə bağlı konvensiyanın hazırlanması prosesi gedir.
Sonra Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, İqtisadi qanunvericilik şöbəsinin Təbii Ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunun müdiri Vasif Əmiraslanov mövzu ilə bağlı çıxış etdilər. Məruzəçilər sosial və iqtisadi sahələrdə hazırlanan model qanun layihələrindən danışdılar. “Turizm haqqında”, “Elektron ticarət haqında”, “Enerji resurslarından səmərəli istifadə haqqında” sənədlər barədə məlumat verdilər.
İclasa yekun vuran Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov müzakirələrin səmərəli keçdiyini, konfransın quruma üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini söylədi.
Milli Məclisin
Mətbuat xidməti