MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
11 oktyabr 2019 | 02:10   
Paylaşın:        

Oktyabrın 11-də Milli Məclisin  Ailə, qadın  və uşaq məsələləri, Hüquq  siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası  keçirildi.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə  Naxçıvanlı iclası açaraq  gündəlikdəki qanun  layihələri barədə məlumat verdi. Komitə  sədri qeyd etdi ki,  Ailə məcəlləsində, Mülki-Prosessual və Mülki məcəllələrdə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər  ölkə prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuşdur. 
Bildirildi ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklər övladlığagötürmə sahəsində idarəetmə mexanizmlərini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi  məsələlərini əhatə edir.
  Mövcud qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. Yeni yanaşma isə təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə, övladlığa  uşaq götürmək istəyən şəxslərin həyat şəraitinin, uşaqla ailənin uyğunlaşmasının müəyyən edilməsinə tam imkan verəcək.
Sənədlərdə  aparılan  dəyişikliklərin  əhəmiyyətini vurğulayan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söylədi ki, təklif olunan əlavə və dəyişikliklər övladlığa götürmə sahəsində şəffaflığın təmin olunması, məsuliyyətliliyin artırılması və idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcək.
Millət  vəkilləri Tahir  Kərimli, Sədaqət Vəliyeva, Sahibə Qafarova, Çingiz Qənizadə, Elşən Musayev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Təhsil Nazirliyinin idarə rəisi Məlahət Hacıyeva, Səhiyyə Nazirliyinin, Daxili İşlər  Nazirliyinin, Ailə, qadın və Uşaq  məsələləri  üzrə Dövlət Komitəsinin  nümayəndələri  sənədlə  bağlı  fikirlərini bildirdilər, qanun layihəsinin övladlığa uşaq  götürmə sahəsində mövcud olan boşluqlarn aradan qaldırılması  üçün təkmil bir şəkildə işləndiyini qeyd  etdilər.
Müzakirə olunan qanun layihələrinin baxılması üçün Milli Məclisin  plenar iclasına  tövsiyə edilməsi qərara alındı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU