SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
13 sentyabr 2012 | 06:09   
Paylaşın:        

Sentyabrın 13-də Milli Məclisin Sosial siyasət Komitəsinin payız sessiyasında ilk iclası keçirildi.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə dörd məsələ daxil edilmişdir. Gündəlikdəki birinci və ikinci məsələ - “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutur. Hadi Rəcəbli məlumat verdi ki, əvvəl Böyük Vətən Müharibəsi iştirakçıları və veteranlarının pensiyası fərqli hesablansa da, qanuna dəyişikliklə onlar arasındakı fərq aradan qaldırılacaq. Hazırda Böyük Vətən Müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50 faiz əlavə ödəmə nəzərdə tutulubsa, hazırlanan dəyişiklik qəbul olunandan sonra baza hissəsində bu əlavə 90 faiz təşkil edəcək.
“Əmək pensiyaları haqqında” qanuna təklif olunan digər dəyişiklikdə isə qeyd olunur ki, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Dəyişikliklərdə həmçinin xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri üçün əmək pensiyasına əlavələr almaq hüququ, pensiyaçı vəfat etdikdə isə bu hüququn digər ailə üzvünə verilməsi nəzərdə tutulur.
Sonra çıxış edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışdı, bu yeniliklərin insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırdı.
İclasda “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun tətbiqi ilə əlaqədar Əmək Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mühafizəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər də müzakirə olundu.
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mühafizəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə təklif olunan dəyişikliyə əsasən komissiyalara qanun əsasında müəyyənləşdirilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaq hüquqlarının təminatına dövlət nəzarətini həyata keçirmək, uşaq hüquqlarının  təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək, nəticələri qiymətləndirmək, həmin hesabat barədə komissiyanın yekun rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, normativ hüquqi aktlara uyğun olaraq uşaq müəssisələrində monitorinqlər keçirmək səlahiyyətləri veriləcək.
Çıxış edən deputatlar təklif olunan bütün dəyişiklikləri zəruri saydılar və bu dəyişikliklərin ölkəmizdə sosial sahədə irəliyə doğru mühüm bir addım olduğunu diqqətə çatdırdılar. Müzakirələrdən sonra gündəlikdəki hər 4 məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti
  

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU