MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

Komitə iclasları
17 oktyabr 2019 | 02:10   
Paylaşın:        

Oktyabrın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirildi. Milli Məclis  Sədrinin birinci müavini, komitə sədri  Ziyafət Əsgərov  iclası açaraq gündəlikdəki məsələlərlə  bağlı  məlumat verdi.
Əvvəlcə millət vəkilləri “Azərbaycan Hökuməti ilə Polşa Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin  təsdiq  edilməsi barədə  qanun layihəsinə baxdılar. Qeyd olundu ki,  artıq ölkəmiz bir neçə  dövlətlərlə  bu qəbildən olan Sazişlər bağlayıb.  Sənəddə  Sazişin məqsədi,  məxfi məlumatların qorunması, prinsipləri, ötürülməsi, məxfi məlumatların məhv edilməsi, çoxaldılması, tərcüməsi, məxfi  kontraktlar, bu sahədəki  səlahiyyətli orqanlar barədə anlayışlar ətraflı şəkildə əksini tapır. Millət vəkilləri sənədin mükəmməl şəkildə hazırlandığını və böyük əhəmiyyətə malik olduğunu  diqqətə  çatdırdılar.
Sonra iclasda “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Dövlət  bayrağının istifadə qaydaları haqqında” qanunlarda  dəyişiklik  edilməsi barədə  qanun layihəsi  müzakirə edildi. Bildirildi ki,  ölkə Prezidentinin  2019-cu  il 11 aprel  tarixli  623 nömrəli  Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı  haqqında Əsasnamə” və “Silahlı  Qüvvələrin Ali Baş Komandanının bayrağının təsviri”  təsdiq  edilmişdir.  Həmin fərmanlarla Ali Baş Komandanının bayrağının vahid forması müəyyənləşdirildiyindən, təklif edilən bu qanunlarda  dəyişikliklər edilməsi həmin münasibətlərin tənzimlənməsinə xidmət edir.
Müzakirələrdən sonra hər iki sənəd komitədə üç oxunuşda  baxılmış sayılaraq Milli Məclisin plenar  iclasına  baxılmaq  üçün  tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU