AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Komitə iclasları
18 oktyabr 2019 | 03:10   
Paylaşın:        

Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin növbəti iclası keçirildi.  Komitə sədri  Aqiyə Naxçıvanlı iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə komitəyə daxil olmuş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirə olunacağını bildirdi.
Qeyd olundu ki, sənəd  Avropa Şurasının dövlət və hökümət rəhbərlərinin 3-cü Zirvə Toplantısında qəbul edilmiş Fəaliyyət Planına, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya, BMT-nin “Uşaq hüquqları haqqında” və “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyalarına, eləcə də digər beynəlxalq hüquq normalarına istinad olunaraq  hazırlanıb.
Komitə sədri çıxışında onu da vurğuladı ki,  “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası Prezident İlham Əliyevin qərarı ilə verilmiş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunmuşdur. Bəyanatda deyilir:
Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir.
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə  Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir.
 Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır və digər Tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacalar.
Çıxış edən komitə üzvləri Sahibə Qafarova, Sədaqət Vəliyeva, Tahir Rzayev, Ağacan Abiyev, Dilarə Cəbrayılova milli maraqlarımızın qorunmasına xidmət edən sənədin uşaqların gələcəyində böyük əhəmiyyətə malik  olacağını  söylədilər.
 Müzakirələrin sonunda  qanun layihəsi  “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasına dair Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birgə Milli Məclisin  plenar  iclasına  baxılmaq  üçün tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU