ƏMƏK və SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
28 oktyabr 2019 | 05:10   
Paylaşın:        

Oktyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası oldu. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəlikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən dörd məsələ var.
 İclasda qanun layihələrinin şərhi zamanı qeyd olundu ki, Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) zərurəti bu sənədlərin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanına uyğunlaşdırılması məqsədini daşıyır. Adı çəkilən sahələrdə proseslərin elektronlaşdırılması və sadələşdirilməsi vətəndaşların rahatlığına, bəzi neqativ halların aradan qaldırılmasına yardımçı olacaq.
 Deputatlara məlumat verildi ki, birinci oxunuşda komitəyə təqdim olunmuş “Əmək pensiyaları haqqında” və “Məşğulluq haqqında” qanunlarda edilən dəyişikliklər də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.
İclasda “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişikliklərə (birinci oxunuş) də baxıldı. Komitə sədrinin müavini Rauf Əliyev, deputatlar Jalə Əliyeva, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirdilər. İclasda rəy və təkliflər dinlənildi, deputatları maraqlandıran suallar cavablandırıldı.
Fikir mübadiləsinin yekununda qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU