MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2020-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ MÜZAKİRƏ OLUNDU
Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, bugünkü iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunacaq. Komitə sədri qeyd etdi ki, illər keçdikcə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür. Büdcə layihəsi “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq vaxtında Milli Məclisə təqdim edilmişdir. 2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən iri həcmli büdcədir.
Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcəkdir. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3 faizinə bərabər olacaqdır. 2020-ci il Dövlət Büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalmış, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artmışdır. Vergi orqanlarının xətti ilə Dövlət Büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.
2020-ci il Dövlət Büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.
Sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır.
Nazir qeyd etdi ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, 2020-ci ilin dövlət büdcəsi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir.
Vüqar Gülməmmədov cari ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırdı.
Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı dayanır.
Nazir qeyd etdi ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov isə bildirdi ki, 2020-ci ildə qarşımızda dayanan başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.
Elman Rüstəmov qeyd etdi ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.
İslasda iştirak edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə əldə olunmuş uğurlardan danışdı. Qeyd etdi ki, bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq.
Səfər Mehdiyev bildirdi ki, növbəti ildə də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır.
İclasda çıxış edən Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov Fondun gəlir və xərcləri barədə məlumat verdi. Bildirdi ki, gələn ilin büdcəsində neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulmuşdur.
2020-ci ilin Dövlət büdcəsi layihəsinin müzakirələri zamanı çıxış edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Fazil Mustafa və Mirzəcan Xəlilov büdcə layihəsi barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
İclasın sonunda maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirdi, bir sıra təkliflərin nəzərə alınacağını diqqətə çatdırdı.
Sonra 2020-ci ilin Dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Bununla da 5 komitənin birgə iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti