HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq 11 qanuna dəyişiklik edilməsi barədə məsələ eyni zərfdə Milli Məclisə daxil olmuşdur. Bu dəyişikliklər ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi daşıyır.
İclasda çıxış edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev bildirdi ki, müvafiq fərmandan irəli gələrək “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara (birinci oxunuş), həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi (birinci oxunuş) təklif olunur. Bu dəyişikliklər vahid məhkəmə təcrübəsinin yaradılmasına xidmət edəcək, məhkəmələr arasında fikir ayrılığını aradan qaldıracaq və məhkəmə ekspertizasının təyin edilməsindəki problemlərin həllinə kömək edəcəkdir.
Sonra çıxış edən Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi Elçin Nəsibov bildirdi ki, bu dəyişikliklər hazırlanarkən bir sıra ölkələrin qanunvericiliyi araşdırılmış, beynəlxalq təcrübə nəzərə alınmışdır. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişiklərdə məhkəmə ekspertinə verilən tələblər, məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi, məhkəmə ekspertlərinin attestasiyası, məhkəmə ekspertlərinin reyestri, məhkəmə ekspertizası tədqiqat metodlarının dövlət reyestri, məhkəmə ekspertizasının aparılmasının əsasları və digər məsələlər öz əksini tapmışdır. Bildirildi ki, gündəlikdəki digər qanunlara təklif olunan dəyişikliklər də bu qanuna ediləcək dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
İclasda çıxış edən komitə üzvləri Tahir Kərimli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Elşən Musayev, Azay Quliyev və Məlahət İbrahimqızı ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi baxımından təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər.
Müzakirələrdən sonra gündəlikdəki 11 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti