ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
07 noyabr 2019 | 06:11   
Paylaşın:        
Noyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. 
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) daxildir.  
Gündəlikdəki ilk iki məsələ barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsinin gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 17 faiz, yəni 697,4 milyon manat artım deməkdir. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur. Gələn ildə 64 min yeni iş yerinin açılması gözlənilir.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, palata bu iki məsələyə dair rəyini hazırlayaraq təqdim edib. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin ən böyük hissəsi məcburi sosial sığorta haqlarına aid olacaq. Palata sədri qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəyə uyğun olduğunu diqqətə çatdırdı.
İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov statistikanın müəyyən edilməsində tətbiq edilmiş yeniliklərdən və onların effektivliyindən danışdı.
Sonra iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova  Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumunu və ehtiyac meyarının həddini diqqətə çatdırdı. Bildirdi ki,   2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilmişdir. Bu isə yaşayış minimumunun ötən illə müqayisədə 5,5 faiz, ehtiyac meyarının həddinin isə 11,9 faiz artması deməkdir.
İclasda çıxış edən komitə üzvləri Araz Əlizadə, Elmira Axundova, İlham Məmmədov, Musa Quliyev, Sevinc Hüseynova, Aytən Mustafayeva və müvafiq qurumların nümayəndələri ölkəmizdə aparılan sosial islahatları yüksək qiymətləndirdilər, qanun layihələri barədə fikirlərini bildirdilər.
İclasın sonunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qaldırılan məsələlərə münasibətini bildirdikdən sonra gündəlikdəki bütün məsələlər birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.   
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU