MİLLİ MƏCLİSİN İCLASINDA 2020-ci İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏLƏRİNƏ BAŞLANDI

Tədbirlər
13 noyabr 2019 | 08:11   
Paylaşın:        

Noyabrın 12-də  Milli Məclisin növbəti plenar iclası  keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov “Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirə ediləcəyini bildirdi. Gündəliyə 11 məsələnin daxil edildiyini  vurğulayan spiker bugünkü iclasın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən “Konstitusiya günü”nə təsadüf etdiyini dedi və   bu  münasibətlə iclas iştirakçılarını təbrik etdi.
Gündəliyin təsdiqindən sonra parlamentin Sədri çıxış edərək dedi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu inkişaf strategiyası 2019-cu ilin ötən dövründə də iqtisadiyyatın yüksəlişini təmin etmişdir. Ölkənin bütün makroiqtisadi göstəricilərində artım müşahidə olunur. 
Keçən ilin aprel ayında möhtərəm Prezidentimizin andiçmə mərasimindəki çıxışında müəyyənləşdirdiyi strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar iqtisadi inkişafımıza yeni dinamika gətirmişdir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində, xüsusən vergi və gömrük sistemində islahatlardan sonra bu gün geniş miqyaslı struktur islahatları aparılır, dövlət idarəçiliyinə yeni yanaşmalar tətbiq edilir, o cümlədən gəncləşdirmə siyasəti həyata keçirilir.
Ona görə də tamamilə məntiqlidir ki, Dünya Bankının hazırladığı sonuncu “Doing Business” hesabatına əsasən, Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsindən biri olmuşdur. Biznesə başlama göstəricisinə görə ölkəmiz dünyada 9-cu yeri tutur. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da möhkəmləndirir və artırır. 
Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfi sənədləri ölkə iqtisadiyyatında müşahidə olunan müsbət dəyişiklikləri dolğun əks etdirir. Məruzə və çıxışlarda bu barədə geniş məlumat veriləcəkdir, odur ki, mən yalnız bir neçə rəqəmi qeyd edəcəyəm.
Ötən 9 ayda ümumi daxili məhsulun artımı 2,5 faiz təşkil etmişdir. Burada diqqəti çəkən məqam qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının sürətlə artmasıdır.
Oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı İlham Əliyevin dediyi kimi, “...son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
Sədr   daha  sonra bildirdi ki, ölkəmizin valyuta ehtiyatları son 1 ildə 9 faizdən çox artaraq 48,5 milyard dollar təşkil etmişdir. 9 ayda ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılmışdır. Bu vəsaitin 60 faizindən çoxu qeyri-neft sektoruna yönəldilmişdir. Bu müddət ərzində əhalinin gəlirləri 8,9 faiz artmış, inflyasiya isə 2,6 faiz təşkil etmişdir. Bunlar əhalinin sosial rifahının daha da yüksəlməsinin mühüm göstəriciləridir.
Spiker  vurğuladı ki, parlamentə təqdim edilən sənədlərdən göründüyü kimi, iqtisadi göstəricilərin artımı 2020-ci ildə də davam edəcəkdir. İlk növbədə bunu söyləmək lazımdır ki, gələn il dövlət büdcəsinin gəlirləri 24,1 milyard manat, xərcləri 26,9 milyard manat olacaqdır. Bu, cari ilin göstəricilərindən müvafiq olaraq 4,2 faiz və 6,8 faiz çoxdur.
Proqnozlara görə, əsas iqtisadi göstərici olan ümumi daxili məhsul 3 faiz, o cümlədən qeyri-neft sektorunda yaradılacaq məhsul 3,8 faiz artacaqdır. Bunun nəticəsində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşacaqdır.
Hər il olduğu kimi, 2020-ci ilin dövlət büdcəsi də əhalinin sosial rifahının yüksəlməsinə, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin güclənməsinə, iqtisadiyyata investisiya qoyuluşunun daha da artmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, dövlət borcu üzrə öhdəliklərin icrasına möhkəm maliyyə əsasları yaradır.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturunda diqqəti çəkən mühüm məqamlardan biri cari xərclərin həcminin artmasıdır. Belə ki, 2020-ci ildə cari xərclərin həcmi bu ilə nisbətən ciddi şəkildə, yəni 40 faizə yaxın artacaqdır.
Ölkə üçün strateji sahələr olan təhsil xərcləri 38 faizdən çox, elm xərcləri 42 faiz, müdafiə və təhlükəsizlik xərcləri 21 faiz artırılacaqdır. Digər strateji sahələrdə də ciddi artımlar nəzərdə tutulur.
Büdcə sənədlərindən göründüyü kimi, 2020-ci ilin büdcəsi də sosialyönümlü olacaqdır. Gələn il sosial müdafiə və sosial təminat xərcləri 31 faiz artırılacaqdır. Nəticədə dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi 39 faizə yaxınlaşacaqdır.  
2019-cu ildə həyata keçirilmiş iki sosial paketin icrasının gələn il davam etdirilməsi üçün 4 milyard manatadək əlavə vəsait nəzərdə tutulmuşdur. Qeyd etmək istərdim ki, bu sosial paketlərin əhatə dairəsinə 4 milyon 200 min nəfər, bütövlükdə isə hər bir azərbaycanlı ailəsi düşür.
2020-ci ildən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə xərcləri 1 milyard 369 milyon manata çatdırılır.
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən daimi diqqət gələn il də davam etdiriləcəkdir. 
2020-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında ətraflı müzakirə olunmuşdur. Bu müzakirələrdən sonra komitələr dövlət büdcəsini Milli Məclisin plenar iclasına tövsiyə etmişlər. Hesablama Palatası da büdcə zərfinə öz müsbət rəyini bildirmişdir. Hesab edirəm ki, plenar iclaslarda aparacağımız müzakirələr səmərəli olacaqdır.”
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad  Səmədzadə çıxış edərək  bildirdi ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsindədir. Azərbaycan dövləti öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün bütün  tədbirləri görür.  Komitə  sədri  onu da söylədi ki, büdcə layihəsi “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq hazırlanıb və bütün komitələrdə geniş müzakirələr aparılıb. Səslənən təkliflərə münasibət bildirilib. Gələn ilin büdcəsi həm sosial, həm də investisiya yönümlüdür. Büdcə layihəsi başlıca iqtisadi sənəd olaraq 2020-ci ildə həyatımızın müxtəlif istiqamətlərini əhatə edəcəyini, dünya və ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə  tam uyğundur.
İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov  gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verərək dedi ki,  2020-ci il və ortamüddətli dövrdə milli iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol xəritələrinin icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq. Ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.
İnsan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, kompetensiyalı işçi qüvvəsinin yaradılması üzrə tədbirlər büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda, təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq.
Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq. Bununla əlaqədar, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılacaq, maliyyə dəstəyi və subsidiyalar ayrılacaq. 2020-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsində islahatların dəstəklənməsi olacaq. Belə ki, 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır ki, bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulub. 2020-ci il və orta müddətli dövrdə nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq.
Nazir bildirdi ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.
Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.
Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14 milyon manat az transfert nəzərdə tutulur.
İcmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3 faizinə bərabər olacaq.
Sonra iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov  çıxış etdi. O, vurğuladı ki, dövlətin iqtisadi sənədi Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının proqnoz göstəriciləri, “Büdcə sistemi haqqında” qanuna əsasən qlobal iqtisadi çağırışlar, ölkə iqtisadiyyatının inkişaf meylləri və dövlət başçısı tərəfindən müəyyən edilmiş hədəflər nəzərə alınmaqla hazırlanıb.
Nazir  çıxışında  bildirdi ki, dövlət başçısı dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan artıq postneft dövründə yaşayır. Bu dövrdə daha dayanıqlı sosial-iqtisadi inkşafı təmin etmək üçün daha dərin islahatlar aparılmalıdır. Bu gün milli iqtisadiyyatın inkişafında neft-qaz sektoru öz lokomotiv rolunu saxlamaqda davam edir və qeyri-neft iqtisadiyyatının inkişafına dəstək göstərir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun büdcə ilə bağlı hazırladığı rəyi təqdim etdi və  bildirdi ki, 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsi haqqında rəy “Hesablama Palatası haqqında”, “Büdcə sistemi haqqında” qanunların tələblərinə, həmçinin digər müvafiq sənədlərə uyğun hazırlanıb. Palata  sədrinin sözlərinə görə, büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Gələn ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir. Hesablama Palatası tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı rəy və tövsiyələr verilib. Palata hesab edir ki, təqdim edilən rəy, dövlət maliyyəsinin şəffaflaşmasına xidmət edir.
Sonra  iclasda  müzakirələr başlandı. Deputatlardan Vahid  Əhmədov, Aqiyə Naxçıvanlı, Eldar İbrahimov, Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Musa Qasımlı  büdcə layihəsi ilə bağlı fikirlərini bildirdilər.
Fasilədən  sonra  Milli Məclisin iclası öz işini  davam  etdirdi.
Millət  vəkilləri Fəzail Ağamalı, Tahir  Rzayev, Siyavuş Novruzov, Fazil Mustafa, Rəşad Mahmudov, Əli Məsimli, Novruzəli Aslanov,  Sahibə Qafarova, Elman Nəsirov, Musa Quliyev, Kamilə Əliyeva,  Bəxtiyar Əliyev, Əli Hüseynli, Aytən Mustafayeva, Qüdrət Həsənquliyev,  Aydın Mirzəzadə, Nəsib Məhəməliyev, Tahir Mirkişili, Fərəc Quliyev, Cavid Osmanov, Aydın Hüseynov, Azər Badamov, Elmira Axundova, Mirkazım Kazımov  çıxış edərək gələn ilin dövlət büdcəsi layihəsi ilə əlaqədar dəyərli  təkliflər  səsləndirdilər. 
Milli Məclisdə büdcə müzakirələri noyabrın 13-də davam etdiriləcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU