MİLLİ MƏCLİSDƏ GƏLƏN İLİN BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR
Noyabrın 13-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başladılar.
Millət vəkilləri Eldar Quliyev, Elçin Quliyev, Tahir Kərimli, Hüseynbala Mirələmov, Mahir Abbaszadə, Rəfael Hüseynov, Şahin İsmayılov, Hikmət Məmmədov, Rauf Əliyev çıxış edərək 2020-ci il dövlət büdcəsini mükəmməl şəkildə hazırlanmış, sosial yönümlü büdcə kimi dəyərləndirdilər. Qeyd olundu ki, ölkəmizdə dövlət büdcəsi ildən-ilə təkmilləşir. Büdcə layihəsinin əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxşdir. Son illər ərzində Azərbaycanda dinamik inkişaf var, ölkədə qərarlaşmış, səriştəli büdcə institutu artıq formalaşmışdır. Azərbaycan sürətlə inkişaf edir. Əhalinin sosial müdafiəsini xarakterizə edən göstəricilər, Ümumi Daxili Məhsulun həcmi, büdcə gəlirləri parametrləri onu göstərir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə doğru aparır.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iclasda çıxış edərək Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal infrastruktur layihələrdən söz açdı, büdcədən belə layihələrə ayrılan vəsaitin yetərli olduğunu vurğuladı. O, ölkəmizdə neft-qaz ixracından əldə edilən daxilolmaların yüksək səviyyədə olduğunu, bu gün bu göstəricilərin dünyanın mədən sənayesi gəlirləri arasında ən yüksək səviyyədə durduğunu bildirdi. Dövlət büdcəsinə xarici neft-qaz şirkətləri tərəfindən daxil olan vergilərin miqyasını açıqladı.
Vitse-spiker çıxışında tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklifini də bildirdi. O, dünyanın bir çox ölkələrində “Tik-idarə et-təhvil ver!” (TİT) modelindən səmərəli istifadə olunduğunu, bu modeldən istifadə edərək tez bir vaxtda tələbə kampuslarının tikilməsinin məqsədəuyğun hesab edildiyini dedi.
Valeh Ələsgərovun çıxışından sonra “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim etdi. Komitə sədri bildirdi ki, 2019-cu ilin ötən dövrü Azərbaycan dövlətçiliyi tarixində çox ciddi məqamlarla yadda qalmışdır. 2019-cu il ölkəmizdə sosial müdafiənin gücləndirilməsi ili kimi xatırlanacaq. Belə ki, Azərbaycan əhalisinin 4,2 milyon nəfəri, təxminən 3 milyard manat civarında sosial müdafiə ilə əhatə olundu, vətəndaşlarımızın böyük bir qrupuna ödənişlər 2 dəfəyə qədər yüksəldi. Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq gələn ilki büdcəmiz təxminən 27 milyard manat təşkil edəcək. Bu maliyyə toplumunun böyük bir hissəsi - təxminən 40 faizi bilavasitə sosial məqsədlərə yönələcəkdir.
Ünvanlı dövlət sosial yardımları üçün 2019-cu ilə nəzərdə tutulmuş vəsaitlərin həcmi gələn il 30 faiz artırılacaq və əlavə 13 min ailənin müavinət almaq imkanları artacaq, Belə ailələrin sayı 90 mini ötəcəkdir. Hadi Rəcəbli vurğuladı ki, gələn il üçün bu büdcədə nəzərdə tutulan vəsait əvvəlki illə müqayisədə 697,41 milyon manat və ya 17 faiz çoxdur. Bu büdcənin artan böyük məbləği məhz DSMF-nin öz imkanları hesabına toplanacaqdır. Sevindirici hal bir də odur ki, Prezidentimizin apardığı struktur islahatları nəticəsində qeyri-leqal məşğulluğun 160 min nəfərinin sığortaya cəlb olunmasıdır. Bu büdcənin artımında özünü göstərdi. Ehtimallar var ki, bu artımlar gələn ildə çoxalacaq və DSMF-yə əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaqdır. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əmək haqqlarının artım tempi davamlı surətdə çoxalacaqdır.
Sonra iclasda Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi barədə birinci oxunuşda məlumat verdi. Qeyd olundu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb. Gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 manat və sair gəlirlərdən daxilolmalar hesabına təmin ediləcək. Nazir çıxışında Fondun xərclərinin istiqamətləri barədə ətraflı danışdı . 2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi, əmək yarmarkaları və əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, peşə standartlarının hazırlanması üzrə xərclərin miqyası açıqlandı.
Fasilədən sonra Milli Məclisin iclası öz işini davam etdirdi.
Millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail Ağamalı, Jalə Əliyeva, Əli Məsimli, Qənirə Paşayeva, Elmira Axundova, Musa Quliyev, Sədaqət Vəliyeva, Cavid Osmanov çıxış edərək bölgələrdə aztəminatli və xüsusi imtiyazlı ailələr üçün tikilən mənzillərin kommunal infrastruktur problemləri, sosial evlərin tikintisi, rayonlarda yaşayan sahibkarlara güzəştli kreditlərin verilməsi, pensiyaların artırılması, əlil və müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi məsələlərinə diqqətin artırılmasının vacibliyini bildirdilər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev millət vəkillərini maraqlandıran bəzi məsələlərə aydınlıq gətirdi.
Sonra hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini birinci oxunuşda təqdim etdi. Bildirildi ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 151 manat, uşaqlar üçün 170 manat nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” sənədi birinci oxunuşda şərh edərək bildirdi ki, gələn il üçün ehtiyac meyarı 160 manat nəzərdə tutulur. Qanun səsvermə yolu ilə təsdiqləndi.
Sonra iclasda “Əmək pensiyaları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər müzakirə edilərək birinci oxunuşda təsdiq edildi.
Hadi Rəcəbli “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda şərh edərək bildirdi ki, əvvəllər sağlamlıq imkanları məhdud və valideynlərini itirən uşaqlar onlar üçün nəzərdə tutulan müavinətlərdən yalnız birini almaq hüququna malik idilər. Amma növbəti ildən bu müavinətlərin ayrı-ayrılıqda hər ikisini ala biləcəklər. Bu qanun layihəsi də razılıqla qarşılandı.
Milli Məclisdə büdcə müzakirələri noyabrın 14-də davam etdiriləcək.
Milli Məclisin
Mətbuat xidməti