BEŞ KOMİTƏNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
18 noyabr 2019 | 03:11   
Paylaşın:        

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.
Öncə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələ barədə məlumat verdi. Sonra maliyyə nazirinin müavini Azər Bayramov birinci oxunuş zamanı  parlamentdə keçən gərgin müzakirələrdə millət vəkillərinin verdikləri təkliflərə baxıldığını bildirdi. Qeyd etdi ki, gələn ilin dövlət büdcəsində bir sıra təkliflərin nəzərə alınması üçün əlaqədar nazirliklərlə birgə məsləhətləşmələr aparılır.
Komitələrin birgə iclasında çıxış edən deputatlar Vahid Əhmədov, Fazil Mustafa, Rüfət Quliyev, Aydın Hüseynov, Kamran Nəbizadə, Aydın Mirzəzadə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə fikirlərini bildirdilər, təkliflərini diqqətə çatdırdılar. Çıxışlarda Azərbaycan Prezidentinin yürütdüyü iqtisadi siyasətdən razılıq ifadə olundu. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı, turizmin genişlənməsi, ali məktəblər üçün yeni korpusların və tələbə yataqxanalarının tikilməsi, təhsil kreditinin verilmə mexanizminin müəyyənləşdirilməsi, investisiya proqramlarının həyata keçirilməsi  və digər məsələlər önə çəkildi.
Müzakirə zamanı Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deputatların çıxışlarına münasibət bildirdilər.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışdı, gələn ilin dövlət büdcəsinə dair qeydlərini bildirdi. 
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd etdi ki, yeni büdcə ilində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarla yanaşı ixrac bazarının da genişləndirilməsi, bir sıra layihələrin gerçəkləşməsi üçün özəl investisiyanın cəlb olunması və s. prioritet  məsələlərdəndir.  
Maliyyə nazirinin müavini Azər Bayramov deputatların suallarını cavablandırdıqdan sonra komitə sədri Ziyad Səmədzadə çıxışlara yekun vurdu. Yekdil qərarla “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti    


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU