MİLLİ MƏCLİSİN İCLASINDA
Noyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə 21 məsələdən ibarət gündəlik təsdiqləndi.
Üçüncü oxunuşda müzakirəyə çıxarılmış iki məsələni təqdim edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” 30 oktyabr 2018-ci il tarixli qanunun icrası ilə əlaqədar olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi, həmçinin “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi zərurəti meydana gəlib.
Parlament bu qanun layihələrini üçüncü oxunuşda dəstəklədi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənildikdən sonra deputatlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun icrası ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə də (üçüncü oxunuş) razılıq verdilər.
Sonra iclasda ikinci oxunuşda müzakirəyə təqdim edilmiş 7 qanun layihəsinə baxıldı. Qanun layihələrini komitə sədrləri Aqiyə Naxçıvanlı və Əli Hüseynli, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdilər.
Bildirildi ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər (ikinci oxunuş) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma məqsədi daşıyır. Dəyişiklik övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Layihədə övladlığa götürmə üçün yaş həddi nikahda olan şəxslər üçün 25, nikahda olmayanlar üçün 30 yaş kimi müəyyənləşdirilib.
Məlumat verildi ki, Mülki Prosessual Məcəllədə edilən dəyişiklik də (ikinci oxunuş) “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Prezident Fərmanının icrası məqsədilə hazırlanıb.
Deputatların nəzərinə çatdırıldı ki, Mülki Məcəllədə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (ikinci oxunuş) Azərbaycan Prezidentinin 10 dekabr 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədardır. Təklif olunan dəyişikliklər mərkəzləşdirilmiş elektron informasiya sistemində övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, eləcə də onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun və övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını və mülki hüquq pozuntusunun tənzimlənməsini nəzərdə tutur. Qeyd olunur ki, hazırki 3 pilləli uçot sistemindən fərqli olaraq yeni yanaşma təkmil uçotun aparılmasına, məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcəkdir.
Gündəlikdəki növbəti qanun layihələrinin təqdimatında bildirildi ki, “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsinə (ikinci oxunuş) zərurət yaranıb.
Azərbaycan Prezidentinin 2019-cu il 11 aprel tarixli Fərmanına əsasən, Ali Baş Komandanın bayrağının vahid forması müəyyənləşdirildiyindən dəyişiklik edilməsi (ikinci oxunuş) təklif olunan “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda həmin münasibətlərin tənzimlənməsinə ehtiyac qalmır.
Deputatlara məlumat verildi ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun 5-ci maddəsinə 5.5 maddəsinin əlavə olunması, həmçinin 8.8-ci maddədə dəyişiklik edilməsi (ikinci oxunuş) 9 aprel 2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədardır.
Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər (ikinci oxunuş) “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 15 aprel 2019-cu il tarixli Prezident Fərmanına uyğunlaşdırma məqsədi daşıyır.
Plenar iclasda bu qanun layihələrinin hər biri barədə ayrı-ayrılıqda məlumat dinlənildikdən sonra qanun layihəsi öncə əsas kimi qəbul olundu, sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Sonra iclasda Milli Məclisə bir zərfdə daxil olmuş 11 məsələyə baxıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təqdim olunan qanun layihələrindəki dəyişikliklər Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb. Ölkəmizdə həmin istiqamətdə işlər görülməyə başlanıb və qısa müddətdə Fərmanın müsbət nəticələrini həm hüquq ictimaiyyəti, həm də bütövlükdə cəmiyyətimiz hiss etməkdədir. Fərmanın icrası ilə bağlı Milli Məclis öz öhdəsinə düşən işlərin bir hissəsini sessiyanın əvvəlində başa çatdırıb (kommersiya məhkəmələrinin və yeni inzibati məhkəmələrin yaradılması ilə bağlı layihə), hazırda təqdim olunmuş layihələr zərfi isə qanunvericilik işlərinin ikinci mərhələsini təşkil edir. Bir sıra qanunvericilik aktına əlavə və dəyişiklik edilməsi nəzərdə tutulur. Komitə sədri onu da qeyd etdi ki, cənab Prezidentin Fərmanındakı bir mühüm məsələ də vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır.
Məlumat dinlənildikdən sonra deputatlar birinci oxunuşda müzakirəyə çıxarılmış “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda və 4 Məcəllədə – Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrini, həmçinin bir oxunuşda müzakirəyə verilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini ətraflı müzakirə etdilər. Fikir mübadiləsində Qüdrət Həsənquliyev, Fazil Mustafa, Tahir Kərimli, Siyavuş Novruzov, Fəzail Ağamalı, Qənirə Paşayeva, Çingiz Qənizadə, Aytən Mustafazadə, Fərəc Quliyev rəy və təkliflərini bildirdilər.
Çıxışları yekunlaşdıran Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov vurğuladı ki, dövlətimizin başçısı məhkəmə sistemində vahid hüquqi yanaşmanın olmasını, ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsini istəyir.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu. Müzakirədən keçən 9 qanun layihəsi birinci oxunuşda qəbul edildi. Deputatlar bir oxunuşda müzakirəyə təqdim olunmuş “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, həmçinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsinə də müsbət münasibət bildirdilər.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti