Kloun “siyasətçidən” terrora çağırış
Macarıstanda həbsdə olan Azərbaycan vətəndaşı Ramil Səfərovun məhkumların verilməsinə dair 1983-cü il beynəlxalq konvensiyasına müvafiq olaraq Azərbaycana verilməsi və Azərbaycan Konstitusiyası əsasında əfv edilməsindən sonra bəzi siyasətçilər, dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarını nəzərə almadan ona qarşı haqsız, ədalətsiz bəyanatlar verməkdədirlər. Bu zaman siyasi əxlaq qaydaları diqqətə alınmır və ədalətsiz fikirlər səsləndirilir.
Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovski dəfələrlə Azərbaycana və Türkiyəyə qarşı təhqiramiz ifadələr, bəyanatlar səsləndirib. Jirinovskinin siyasi siması hamıya məlumdur. Bu təlxəyin fikirləri artıq heç kimdə təəccüb doğurmur. Lakin özünü “liberal demokrat” adlandıran bu maskalanmış hoqqabazın 14 sentyabrda Rusiyanın paytaxtı Moskva şəhərində “Rus-Erməni Birliyi”nin təşkilatçılığı ilə Ramil Səfərovun azad edilməsinə qarşı keçirilmiş aksiyada söylədiyi fikirlər onun əsl simasını üzə çıxarır və əndazəni aşdığını göstərir. Son hadisələr göstərir ki, Jirinovski artıq sadəcə hoqqabaz deyil, eyni zamanda insanların qanına susamış bir yırtıcıdır əslində.
Vladimir Jirinovski Moskvada keçirilən aksiyada Azərbaycan-Rusiya dostluğunun ruhuna zidd olan, Azərbaycana qarşı siyasətçiyə, dövlət adamına yaraşmayan mənəviyyatsız, əxlaqsız və məsuliyyətsiz bəyanatlar səsləndirmişdir.
Jirinovski kimdir? Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biridir. Moskvada keçirilmiş aksiyada iştirak edən Jirinovski anadangəlmə məzhəkəçi istedadını bir daha nümayiş etdirərək təxminən 450 aksiya iştirakçısına yeni bir tragikomik tamaşa göstərmişdir.
Aksiyada çıxışında Jirinovski sadəcə Ermənistanı dəstəkləməmiş, eyni zamanda bəşəri problem olan terrorizmin yeni dalğalarının yaranmasına çağırış etmişdir. Rusiyanın öz daxilində terrorizm probleminin aktual olduğu, bütün dünyanın terrorizmə qarşı mübarizə apardığı bir vaxtda Rusiya Dövlət Dumasının vitse-spikeri olmuş bu şəxs Ermənistanı Azərbaycana qarşı terrora təşviq etmişdir. Bu sərsəm siyasətçi nəinki terrora çağırır, hətta ermənilərə azərbaycanlıları necə öldürməyin “texnologiyasını” izah edir. Jirinovski regionun təhlükəsizliyini ciddi şəkildə təhdid edən Ermənistanı Rusiya dövlətinin silahlandırmasını, ona ən müasir silahlar olan S-300 və S-400 raketlərini verməsini, Ermənistanı Cənubi Qafqazın ən böyük və güclü orduya malik dövləti etməyi, Rusiyanın qondarma DQR-in müstəqilliyini tanımalı olduğunu bildirmişdir.
Rusiyada yaşayan digər milli azlıqlara qarşı düşmən münasibəti ilə tanınan Jirinovski terrorizmə haqq qazandıran siyasətçi olduğunu bir daha təsdiqləmişdir.
Jirinovski aksiyadakı hoqqabazlığında “Mən erməni xalqına müraciət edirəm. Bu işi mitinqlərlə həll etmək olmaz. Erməni zabitini öldürəni sərbəst buraxan kimdirsə, ona gərəkli cavab vermək lazımdır. Ermənistan xüsusi xidmət orqanları azərbaycanlıların bir daha belə etməmələri üçün bu sualı cavabsız qoymamalıdırlar...” fikirlərini səsləndirmişdir. Dünyada elə bir parlament tapmaq olarmı ki, onun üzvü mitinqdə hansısa millətin nümayəndələrini qətl etməyə dair açıq-aşkar çağırışlar etsin?
Jirinovski Gürcüstanın da ərazi bütövlüyünü təhdid edən fikirlər səsləndirir, Cavaxetiyadakı erməniləri öz torpaqları uğrunda mübarizə aparmağa səsləyir. Terrorçuluğu və separatizmi təşviq edən, müharibə çağırışları edən, dövlətlərin ərazi bütövlüyünə hörmət etməyən, humanistliyə zidd olan qorxunc fikirlər səsləndirən bu şəxsə Rusiya siyasi səhnəsində yer olmamalıdır.
Bu insan nə etdiyini anlamır? Moskvanın ortasında Azərbaycana və azərbaycanlılara qarşı terrora çağırış etməklə nəyə nail olmaq istəyir?
Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür insanın ağılsız fikirləri ilə zədələnəcək deyil, lakin bu təlxəyin demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq öz axmaq fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdədir.
Milli Məclis Sədrinin birinci müavini
Ziyafət Əsgərov