İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələyə baxıldı.
İnsan hüquqları komitəsinin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.
Azərbaycanda ombudsman təsisatının yaranma tarixindən söz açan vitse-spiker ötən illər ərzində bu institutun böyük inkişaf yolu keçdiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda əldə olunmuş nailiyyətlərə mühüm töhfələr verdiyini vurğuladı. Beynəlxalq əlaqələrin genişlənməsində ombudsman təsisatının rolundan danışdı. Qazanılan uğurlarda Azərbaycanın ilk Ombudsmanı olan Elmira Süleymanovanın xidmətlərini razılıqla qeyd etdi. Milli Məclisin deputatları ilə İnsan hüquqları üzrə müvəkkilin əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini namizədlərin nəzərinə çatdırdı.
Sonra deputatlar Hikmət Məmmədov, Elman Nəsirov, Tahir Kərimli, Flora Qasımova, Sona Əliyeva və Naqif Həmzəyev ombudsman vəzifəsinə təqdim olunmuş namizədlərə müsbət münasibətlərini bildirdilər. Azərbaycan Prezidentinin etimadına layiq görülmüş namizədlərin ombudsman seçilməsi məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti