MİLLİ MƏCLİSİN İCLASINDA
Noyabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov bildirdi ki, 19 məsələdən ibarət gündəlikdə 2020-ci ilin büdcə zərfinə daxil olan 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi, məhkəmə-hüquq sistemində islahatlarla bağlı parlamentə bir zərfdə daxil olmuş 9 qanun layihəsinin ikinci oxunuşu və “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.
Gündəlik təsdiqləndikdən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verdi. Bildirdi ki, gələn ilin büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin komitələrində ətraflı müzakirə edilib. Deputatlar ölkə iqtisadiyyatının daha davamlı və keyfiyyətli inkişafına xidmət edən kifayət qədər maraqlı və səmərəli təkliflər irəli sürüblər. Həmçinin KİV-də çoxsaylı yazılarla çıxış ediblər ki, bu da Azərbaycan dövlət büdcəsinin daha sanballı olmasını xarakterizə edir. Azərbaycan hökumətinin müvafiq strukturları, əlaqədar nazirliklər millət vəkillərinin təklifləri ilə bağlı xeyli işlər görüblər.
Məlumat dinlənildikdən sonra qanun layihəsi əsas kimi qəbul edildi və ikinci oxunuşda müzakirəyə başlandı. Deputatlar Elmira Axundova, Sahib Alıyev, Elman Məmmədov, İlham Məmmədov, Əflatun Amaşov, Azay Quliyev, Eldəniz Səlimov, Sevinc Hüseynova, Məlahət İbrahimqızı, Milli Məclis Sədrinin müavini Bahar Muradova qanun layihəsi barədə rəylərini bildirdilər. Çıxışlarda Azərbaycan Prezidentinin yürütdüyü iqtisadi siyasətdən razılıq ifadə olundu, hökumətin əlaqədar strukturlarının rayonlarda həyata keçirdikləri işlər təqdir edildi. Bölgələrdə tarixi-mədəniyyət abidələrinin bərpa edilərək turizm obyekti kimi istifadəyə verilməsi vacibliyi, müəllimlərə güzəştli ipoteka və sosial mənzillər verilməsi imkanlarının genişləndirilməsi, məcburi köçkünlərin müavinət almasını tənzimləyən normativ hüquqi sənədlərdəki ziddiyyətlərin aradan qaldırılması, ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması və digər məsələlər önə çəkildi.
Sonra iclasda parlamentdəki müzakirələri məzmunlu, fəal və məhsuldar fikir mübadiləsi kimi qiymətləndirən maliyyə naziri Samir Şərifov deputatların suallarını cavablandırdı, büdcə zərfinin müzakirəsində səslənmiş təklifləri qruplaşdıraraq münasibət bildirdi. Nəzərə alınan təkliflər barədə məlumat verdi. Qeyd etdi ki, dəyişikliklərdən sonra 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 19 milyon manat azaldılaraq 26 milyard 894,7 milyon manat təşkil edəcəkdir.
Plenar iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunda səsə qoyuldu və qəbul edildi.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdəki növbəti 4 qanun layihəsini təqdim etdi. Bildirdi ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri komitədə hökumət təmsilçilərinin iştirakı ilə ikinci oxunuşda geniş müzakirə olunub və razılıqla qarşılanıb.
Nəzərə çatdırıldı ki, İşsizlikdən sığorta fondunun büdcəsinin müzakirəsində üstünlük daha çox özünüməşğulluq məsələsinə verilib. 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində nəzərdə tutulub. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat olacaq ki, bunun nəticəsində daha 13 min ailənin müavinət almaq imkanı yaranacaq, beləliklə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 90 mini ötəcək.
Məlumat dinlənildikdən sonra təqdim olunan qanun layihələri ayrı-ayrılıqda öncə əsas kimi, sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
İclasda bildirildi ki, “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci və 14.4-cü maddələrinə edilən dəyişiklik vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Layihə öncə əsas kimi, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi. “Məşğulluq haqqında” qanunda edilən dəyişiklik də ikinci oxunuşda məqbul sayıldı. “Sosial müavinətlər haqqında” qanunda ailənin maddi durumunun yaxşılaşdırılması məqsədi daşıyan dəyişiklik (ikinci oxunuş) razılıqla qarşılandı. Parlament Vergi Məcəlləsində edilən dəyişikliklərə də (ikinci oxunuş) müsbət münasibət bildirdi.
Fasilədən sonra Milli Məclis öz işini “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələnin müzakirəsi ilə davam etdirdi.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, gələn ildən etibarən ölkəmizdə icbari tibbi sığortaya keçidlə bağlı “Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Dəyişikliklər 3 qrupa bölünür: anlayışlarla bağlı, stilistik və sığortaolunanlarla bağlı. Komitə sədri vurğuladı ki, icbari tibbi sığorta Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial islahatların ən vacib komponentlərindən biridir, çox böyük bir sosial proqramdır. Komitədə aparılan müzakirə göstərdi ki, 2020-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortaya keçilməsi tamamilə realdır. Amma qanunvericilik bazası da yenilənməlidir. Çünki “Tibbi sığorta haqqında” qanun 20 il öncə qəbul olunub, bir il öncə qanuna 100-dən artıq dəyişiklik edilib, hazırda daha 126 dəyişikliyin olunması zərurəti meydana gəlib.
İclasda komitə sədri Ziyad Səmədzadənin də məlumatı dinlənildikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış etdi. Bildirdi ki, ölkəmizdə icbari tibbi sığorta inzibati ərazi vahidləri üzrə, 4 mərhələdə tətbiq olunacaq. I rübdə 20 rayonu əhatə edən şimal bölgəsinin, II rübdə qərb bölgəsindəki 17 rayonun, III rübdə cənub bölgəsində 14 rayonun, IV rübdə isə Bakı, Sumqayıt və Abşeronun icbari tibbi sığorta prinsipləri ilə tam işləməsi nəzərdə tutulur.
Müzakirə zamanı deputatlar Aydın Mirzəzadə, Vahid Əhmədov, Siyavuş Novruzov, Rafiq Məmmədhəsənov, Əflatun Amaşov, İlham Əliyev, Qənirə Paşayeva, Azay Quliyev çıxış edərək rəy və təkliflərini bildirdilər. Qeyd olundu ki, bu dəyişikliklər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Fikir mübadiləsindən sonra qanun layihəsi konseptual baxımdan məqbul sayıldı və birinci oxunuşda qəbul edildi.
Sonra plenar iclasda məhkəmə-hüquq sistemində islahatlarla bağlı parlamentə bir zərfdə daxil olmuş 9 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başlandı.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təqdim olunan qanun layihələrindəki dəyişikliklər iki əsas mahiyyət daşıyır: birincisi, vahid məhkəmə təcrübəsinin yaranması; ikincisi, dövlət ekspertizası ilə yanaşı özəl ekspertizanın da olması. Komitə sədri birinci oxunuşda səslənmiş təkliflərə əsasən layihədə aparılmış dəyişikliklərdən bəhs etdi. Vurğuladı ki, vahid məhkəmə təcrübəsinin yaranması “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident Fərmanında verilmiş tövsiyənin ən vacib elementidir. Məqsəd bu sistemdə mövcud olan problemlərin həllidir.
Şərh dinlənildikdən sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Tahir Kərimli və Vahid Əhmədov fikirlərini bildirdilər.
İclasda “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda və 4 Məcəllədə – Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşun prosedur qaydalarına uyğun ayrı-ayrılıqda səsə qoyuldu, öncə əsas kimi, sonra bütövlükdə ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti