Səhiyyə komitəsinin iclasında
Noyabrın 26-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi.
İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələ daxildir.
Komitə sədri diqqətə çatdırdı ki, bu qanun layihəsi birinci oxunuşda komitədə və Milli Məclisin plenar iclasında müzakirə olunarkən müxtəlif təkliflər səsləndirilib. Qaldırılan məsələlərə aydınlıq gətirilib. Bu qanunun qəbulu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial islahatların tərkib hissələrindən biridir. 8 maddəyə təklif olunan 126 dəyişiklik əsasən icbari tibbi sığorta ilə bağlıdır. İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə mərhələli şəkildə tətbiq olunacaq.
Müzakirələr zamanı deputatlardan Musa Quliyev, İlham Məmmədov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Rafiq Məmmədhəsənov bu qanun layihəsinin qəbulunu ölkəmizin səhiyyə tarixində mühüm bir mərhələ kimi xarakterizə etdilər, qanunun vətəndaşlar tərəfindən səbirsizliklə gözləndiyini diqqətə çatdırdılar.
İclasda çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və bu qurumun Hüquq şöbəsinin müdiri Aysel İbayeva deputatların suallarına cavab verdilər.
Müzakirələrin sonunda “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti