MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
02 dekabr 2019 | 08:12   
Paylaşın:        

Dekabrın 2-də  Milli Məclisin  plenar iclası keçirildi. İclası  açan Milli Məclisin Sədri Oqtay Əsədov bugünkü plenar iclasda parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların  parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı etdiyi müraciətin müzakirəyə çıxarılacağını bildirdi. Spiker bu barədə danışaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir dövrün tələbləri səviyyəsində qurulan daxili və xarici siyasəti Azərbaycanın ardıcıl və dinamik inkişafını təmin edir. Ulu öndər Heydər Əliyevin başladığı işlərin yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirilməsi Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdir.
Cənab Prezident tərəfindən həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.
Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşdirilməsini, parlamentin yeniləşməsini zəruri etmişdir. Bildiyiniz kimi, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ediblər və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş ediblər.
Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti vardır. Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq.
Sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın təşəbbüsünü əsaslandırdı: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçiliyi ənənələri, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam etdirilir. Sosial-iqtisadi tərəqqi, ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.
 Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Nazirlər Kabinetində, məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bundan sonra da uğurla davam etdiriləcək. YAP üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini də əhatə etməsi məqsədilə prinsipial mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir.”
Komitə sədri deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətinə dəstək verməyə çağırdı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə çıxarılmış məsələni hüquqi cəhətdən əsaslandırdı.
Sonra Milli Məclisin qərar layihəsini hazırlamaq üçün parlament Sədrinin müavini Bahar Muradova, komitə sədrləri Əli Hüseynli, Səməd Seyidov, deputatlar Fəzail İbrahimli və Sahibə Qafarovadan ibarət redaksiya komissiyası yaradıldı.
Müzakirələr zamanı çıxış edən  millət  vəkilləri  Hikmət  Məmmədov,  Fəzail İbrahimli,  Azay Quliyev,  Aqiyə Naxçıvanlı, Elşən Musayev,  Sahibə Qafarova,  Azər Badamov,  Səməd Seyidov,  Şəmsəddin Hacıyev,  Qüdrət Həsənquliyev,  Kamilə Əliyeva,  Elmira Axundova,  Fəzail Ağamalı,  Məlahət  İbrahimqızı,  Fazil Mustafa,  Asim Mollazadə, Musa Quliyev,  Jalə Əliyeva,  Rasim Musabəyov,  Eldar İbrahimov,  Nəsib Məhəməliyev, Arif Rəhimzadə  Milli Məclisin hər zaman dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəklədiyini, cəmiyyətdə yeni siyasi proseslərin  başlandığını bildirdilər. Qeyd olundu ki, deputatların bu təşəbbüsü ölkəmizin inkişafına, tərəqqisinə xidmət edəcək və növbədənkənar parlament seçkiləri ölkəyə yeni dinamizm verəcək.
Çıxışlardan sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova  qərar layihəsini səsləndirdi. Qərar  səsə  qoyularaq  qəbul  edildi.
Bununla  Milli Məclisin bugünkü plenar iclası başa çatdı.

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU