MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 sentyabr 2012 | 04:09   
Paylaşın:        

Sentyabrın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin payız  sessiyasında  ilk iclası keçirildi. İslası açan komitə sədri Nizami Cəfərov  yaz və növbədənkənar  sessiyalar  zamanı görülən işlər  barədə məlumat verdi. O,  qeyd  etdi ki, rəhbəri olduğu komitə ötən dövrdə ölkə mədəniyyətinin inkişafı  üçün  əhəmiyyətli olan bir sıra sənədlər işləyib Milli Məclisin müzakirəsinə vermişdir. Sessiyalar  müddətində komitədə  80-ə yaxın vətəndaş  qəbul  edilib, onların müraciətləri əsasında  komitə  üzvləri lazımi köməklik  göstərmişlər. 
Komitə sədri  payız sessiyasının qanunvericilik işləri planı  barədə  də söhbət  açdı. Bildirildi ki,  sessiya müddətində “Mədəniyyət haqqında”, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri  müzakirə  ediləcək. Bundan başqa, komitə “Aşıq sənəti haqqında” qanun layihəsini də hazırlamağı  planlaşdırır.
İclasda “Milli arxiv fondu” haqqında qanuna dəyişikliklər  edilməsi  barədə məsələ müzakirə edildi. Dəyişiklik barədə məlumat verən Nizami Cəfərov bildirdi ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə daxil olub. Dəyişikliklərə əsasən fövqəladə hallar orqanlarına əlavə səlahiyyətlər verilir. Qanunda göstərilir ki, milli təhlükəsizlik, sərhəd xidməti, mirqasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər orqanları və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə yanaşı fövqəladə hallar orqanlarında da arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək. Komitə  sədrinin müavini Rəfael Hüseynov qeyd  etdi ki,  qanuna arxivlərdə elmi-tədqiat işlərinin aparılması üçün gələcəkdə də əlavələr edilməsi vacibdir. 

Sonra  deputatlar  “Tarix  və mədəniyyət  abidələrinin qorunması haqqında” qanuna təklif  olunan  dəyişiklikləri  müzakirə etdilər. 
İclasın  sonunda  hər iki  sənəd parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU