ALTINCI ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ

Tədbirlər
10 mart 2020 | 06:03   
Paylaşın:        
Martın 10-da Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edirdi. 
Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq dedi: 
“Zati aliləri, möhtərəm cənab Prezident! 
Sizi Milli Məclisdə salamlamaq böyük qürurdur. Milli Məclisə, doğma evinizə  xoş gəlmisiniz! 
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını yaradıcı surətdə davam etdirdiyinizə və Azərbaycan xalqının maraqlarına xidmət edən dövlətçilik fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildirir, gələcək işlərinizdə yeni böyük uğurlar arzulayırıq. 
Hörmətli deputatlar! 
Hörmətli qonaqlar, xanımlar və cənablar! 
Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış Altıncı çağırış Milli Məclis fəaliyyətə başlayır. Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. 
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı akademik Ziyad Səmədzadəyə  nəsib olmuşdur. 
Hörmətli Ziyad müəllim, xahiş edirəm, iclasa başlayasınız”.
İclasa sədrlik edən Ziyad Səmədzadə Altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. 
Ziyad Səmədzadə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, siyasi qüdrətinin güclənməsinə böyük töhfələr verdiyinə görə, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyinə görə deputatlar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, biz əminik ki, qloballaşan dünyada risklərin artdığı bir şəraitdə Siz bundan sonra da Azərbaycan dövlətinə uğurla rəhbərlik edəcəksiniz, Azərbaycanı gündən-günə çiçəklənən, dünyada sözü, gücü, qüdrəti olan bir dövlətə çevirəcəksiniz.  
Sonra Ziyad Səmədzadə Milli Məclisə üzv seçildiklərinə görə deputatları təbrik etdi və Altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu. Sonra Altıncı çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev geniş nitq söylədi.  Prezident Altıncı çağırış Milli Məclisə seçilmələri münasibətlə bütün deputatları təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. Prezidentin çıxışı sürəkli alqışlarla qarşılandı. (Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə söylədiyi nitqin geniş mətni mətbuatda dərc olunacaq.)
İclasa sədrlik edən Ziyad Səmədzadə dərin məzmunlu nitqinə və Milli Məclisin fəaliyyətinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə deputatlar adından minnətdarlığını bildirdi. O, Prezident İlham Əliyevə Azərbaycanın bundan sonra da çiçəklənməsi və rifahı naminə deputatlar adından ən xoş arzularını çatdırdı. 
Sonra Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə uyğun olaraq Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov parlamentin sədri vəzifəsinə Yeni Azərbaycan Partiyasından deputat seçilmiş Sahibə xanım Qafarovanın namizədliyini irəli sürdü. 
Çıxış edən Milli Məclisin deputatı Sahibə xanım Qafarova onun namizədliyini Milli Məclisin Sədri vəzifəsinə irəli sürdüyünə görə partiyanın sədri Cənab İlham Əliyevə və partiya üzvlərinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu vəzifəyə seçiləcəyi təqdirdə bütün bilik və bacarığını sərf etməyə hazırdır. 
Sonra Sahibə Əli qızı Qafarova gizli səsvermə nəticəsində Milli Məclisin Sədri vəzifəsinə seçildi. 
Çıxış edən Milli Məclisin Sədri Sahibə xanım Qafarova dedi: 
“Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar! 
Xanımlar və cənablar! 
Etimad göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçdiyinizə görə sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. 
Əmin etmək istəyirəm ki, parlamentin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm. 
Bununla əlaqədar xüsusi qeyd etmək istəyirəm ki, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan, parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil etməyim mənim üçün həm qürur yeri, həm də güc mənbəyidir. 
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan  Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında cəmiyyətimizin siyasi təkamülündə mühüm rol oynayır. 
Hörmətli deputatlar, 2018-ci ilin Prezident seçkilərindən sonra elan olunmuş əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. 
Bu islahatların daha da dərinləşməsi və sürətlənməsi  Milli Məclisin tərkibinin də yenidən formalaşmasını zəruri etmişdir. 
Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Milli Məclisin cənab Prezidentə müraciəti əsasında növbədənkənar parlament seçkiləri təyin edilmişdir. 
Fevralın 9-da demokratik şəraitdə keçirilən azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açmışdır.   
Yeni Azərbaycan Partiyası üzvlərinin parlamentdə yerlərin əksəriyyətini əldə etməsi cənab İlham Əliyev başda olmaqla partiyamıza bəslənən böyük ümid və etimadı bir daha ifadə etmişdir.  
Beləliklə, Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisi fəaliyyətə başlamışdır. 
Bu münasibətlə icazə verin, mən də deputat həmkarlarımı ürəkdən təbrik edim və onlara gələcək fəaliyyətində uğurlar arzulayım! 
İnanıram ki, Milli Məclis Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəkdir. 
Bununla əlaqədar olaraq, ölkədə geniş vüsət alan sistemli islahatların yeni mərhələsinin başlanması qanunvericilik orqanının qarşısında da yeni vəzifələr irəli sürür. 
Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları ölkəmizin ictimai-siyasi və iqtisadi inkişafına yeni təkan vermişdir. 
Əminəm ki, bu islahatlar müasir dövrün yeni çağırışları şəraitində Azərbaycanın ardıcıl və dinamik yüksəlişini təmin etməyə kömək göstərəcəkdir. 
Hörmətli deputatlar!
Bizim təcrübəmiz göstərir ki, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məkanıdır. 
Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. 
Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək olacaqdır. 
Milli Məclis özünün bütün fəaliyyəti ilə möhtərəm Prezidentimizin rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcəkdir. 
Parlament xalqın maraqlarını ifadə etməli, millət vəkili onu seçmiş insanların problemlərinə bələd olmalı, qayğılarına diqqət göstərməlidir. 
Milli Məclisin deputatlarının öz seçiciləri ilə əlaqələri müntəzəm xarakter daşımalı, millət vəkilləri ayda bir neçə dəfə seçildiyi dairənin ərazisində olmalıdırlar. 
İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir. 
Hörmətli deputatlar, məlum olduğu kimi, beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolunun yüksəlməsi müasir dünya siyasətinin önəmli cəhətlərindən biridir. 
Məhz buna görə də Milli Məclis beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına diqqəti daha da artırmalıdır. 
Milli Məclis dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament vasitələrinin verdiyi imkanlar daxilində kömək göstərməkdə davam etməlidir.  
Milli Məclisin deputatları iştirak etdikləri hər bir beynəlxalq tədbirdə və görüşdə ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olması, 1 milyon soydaşımızın qaçqın və köçkün kimi yaşaması barədə həqiqətləri çatdırmalı, ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsini qaldırmalı, yalançı erməni təbliğatını ifşa etməli, haqq işimizin müdafiəsində mübariz və mətin olmalıdırlar. 
Bütün digər sahələrdə olduğu kimi, bu sahədə də cənab Prezidentin göstərdiyi nümunə daim gözümüzün önündə olmalıdır. 
Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində möhtərəm İlham Əliyevin çıxışı Azərbaycan diplomatiyasının növbəti böyük uğuru oldu. 
Qısaca desəm, dövlətimizin başçısı Ermənistanın baş nazirinə beynəlxalq hüquq və tarix dərsi keçdi. 
Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz  faktlar  və dəlillər qarşısında Ermənistan rəhbəri aciz və gülünc halına düşdü. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti mövqeyi bir daha beynəlxalq ictimaiyyətə çatdırıldı. 
Bu polemika Azərbaycan və Ermənistan rəhbərlərinin səviyyələri arasında nə qədər böyük bir uçurum olduğunu göstərdi, eyni zamanda, möhtərəm Prezident İlham Əliyevin dünya miqyaslı siyasi və dövlət xadimi olduğunu bir daha nümayiş etdirdi. 
Münxendə Ermənistana endirilən sarsıdıcı zərbə ötən ilin oktyabr ayında Rusiyanın Soçi şəhərində “Valday” diskussiya klubunun toplantısında  və Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında işğalçı dövlətin aldığı diplomatik zərbələrin uğurlu davamı oldu. 
Hörmətli deputatlar, Milli Məclisin qanunvericilik fəaliyyətində əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məsələləri xüsusi yer tutur. Parlament bu istiqamətdə fəaliyyətini təkmilləşdirərək, yeni qanunvericilik aktları qəbul etməlidir. 
Milli-mənəvi dəyərlərimizin qorunması, ailə və uşaqların müdafiəsi, bədən tərbiyəsi və idmanın inkişafı, dövlətimizin gənclər və qadın siyasətinin həyata keçirilməsi üçün zəruri qanunvericilik tədbirləri görülməlidir. 
Bütün bu vəzifələrin uğurla yerinə yetirilməsi Milli Məclisin hər bir üzvündən yüksək peşəkarlıq, səriştə, işə məsuliyyətli münasibət, yaradıcı düşüncə və digər zəruri keyfiyyətlər tələb edir. 
Əminəm ki, möhtərəm Prezidentimizin çıxışında irəli sürdüyü dəyərli tövsiyələri biz fəaliyyətimizin əsas cəhətlərini müəyyənləşdirən yol xəritəsi kimi qəbul edəcəyik, onun söylədiyi iradların aradan qaldırılması isə mühüm hədəflərimizdən birini təşkil edəcəkdir. 
Milli Məclis dövlət hakimiyyətinin digər qolları ilə sıx qarşılıqlı əlaqə şəraitində səmərəli işləyəcək, sizinlə birlikdə biz Azərbaycan parlamentinin üzvü adını şərəflə qoruyacağıq.  
Diqqətinizə görə çox sağ olun.”
Sonra iclasda Milli Məclis sədrinin müavinlərinin seçilməsinə başlandı. Milli Məclisin Sədri Sahibə xanım Qafarova Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynlinin namizədliyini irəli sürdü. Açıq səsvermə yolu ilə Əli Hüseynli Milli Məclis Sədrinin birinci müavini seçildi. Milli Məclisin sədr müavinləri vəzifələrinə bitərəf deputatların namizədi Adil Əliyevin namizədliyi deputat Ziyad Səmədzadə tərəfindən, Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndəsi, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimlinin namizədliyi isə deputat Rafael Hüseynov tərəfindən irəli sürüldü. Səsvermə nəticəsində hər iki namizəd Milli Məclis Sədrinin müavinləri seçildilər.  
İclasda Milli Məclisin İntizam Komissiyası təşkil edildi. Deputatlar Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev və Nizami Səfərov  komissiyanın üzvləri seçildilər.
Sonra Milli Məclisin Hesablayıcı Komissiyasının təşkilinə başlandı. Deputatlar Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Fəttah Heydərov, Sevinc Hüseynova, Sədaqət Vəliyeva və Mixail Zabelin komissiyanın üzvləri seçildilər. 
Daha sonra Milli Məclisin komitə sədrlərinin seçilməsinə başlandı. 
Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq edildilər.
İclasda komitə sədrlərinin müavinləri də seçildi. 
Deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Hikmət Məmmədov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Kərimli İnsan hüquqları komitəsinin, Asim Mollazadə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sabir Hacıyev Aqrar siyasət komitəsinin, Məlahət İbrahimqızı Əmək və sosial siyasət komitəsinin, Rəşad Mahmudov Səhiyyə komitəsinin, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Sahib Alıyev İctimai birliklər və dini qurumlar komitəsinin, Elşən Musayev Regional məsələlər komitəsinin, Musa Qasımlı Elm və təhsil komitəsinin, Fazil Mustafa Mədəniyyət komitəsinin, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinləri təsdiq edildilər.
Bununla da Altıncı çağırış Milli Məclisin birinci iş günü başa çatdı.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Altıncı çağırış Milli Məclisin birinci iclasında iştirak etdiyinə görə deputatlar adından dərin təşəkkürünü bildirdi,  xalqımızın firavanlığı və xoşbəxtliyi naminə dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzuladı.   

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU