MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
13 mart 2020 | 05:03   
Paylaşın:        

Martın 13-də altıncı çağırış  Milli Məclisin  növbəti iclası  keçirildi. İclası açan parlament Sədri Sahibə Qafarova bildirdi ki, parlament seçkilərinin nəticəsi olaraq ölkəmizin altıncı çağırış Milli Məclisi uğurla formalaşmışdır. Bugünkü  iclasda Mərkəzi Seçki Komissiyasının Sədri  Məzahir Pənahov  iştirak  edir və  millət  vəkillərinə deputat  vəsiqələri paylanacaq.
Sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilərdə mandat qazanan millət vəkillərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, rəhbəri olduğu qurumun seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq vəzifəsini uğurla  həyata keçirdiyini diqqətə çatdırdı. Komissiya  sədri seçkilərdə beynəlxalq seçki standartlarına uyğun tələb və normaların tam olaraq yerinə yetirilməsinin ölkə rəhbərliyinin siyasi iradəsinin bariz nümunəsi kimi  dəyərləndirdi. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə etdi,  altıncı çağırış Milli Məclisin Azərbaycan xalqına layiqincə xidmət edəcəyinə əmin olduğunu söylədi.
Sonra Məzahir Pənahov Milli Məclisin Sədri Sahibə Qafarovaya, Sədrin birinci müavini Əli Hüseynliyə, müavinlər Adil Əliyevə, Fəzail İbrahimliyə və digər millət vəkillərinə deputat vəsiqələrini təqdim etdi.
Vəsiqələrin təqdimatından sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İclasın gündəliyinə 18 məsələ daxil edilmişdi.
 Milli Məclis  Sədrinin birinci  müavini, Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin sədri  Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında”   Konstitusiya qanunlarında  edilən  dəyişiklər  barədə məlumatında  bildirdi ki,  bu sənədlərdəki  dəyişiklik ötən il iyul ayında birinci oxunuşda  qəbul  edilib. Sənədlərdəki  birinci  dəyişiklik  “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya  qanununun müvafiq maddələrinin “Normativ hüquqi aktlar haqqında”   qanuna, ikinci  dəyişiklik isə  “Normativ hüquqi aktlar haqqında”    qanunun Milli Məclisin Daxili Nizamnaməsinə uyğunlaşdırılması  xarakteri daşıyır. Sənədlər   səsə  qoyularaq  ikinci oxunuşda qəbul edildi.
 Gündəlikdəki  digər  məsələ - “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  məlumat verdi. Bildirildi ki, qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb. Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin daha 9 ay, yəni, bu ilin dekabr ayınının 4-dək uzadılması nəzərdə tutulur. Müzakirələrdən  sonra  sənəd səsverməyə çıxarılaraq qəbul edildi.
Sonra islasda “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” sənəd müzakirəyə çıxarıldı. Millət  vəkilləri  Musa Qasımlı, Zahid  Oruc, Qüdrət  Həsənquliyev,  Tahir  Kərimli,  Fəzail Ağamalı,  Elman  Məmmədov,  Nəsib Məhəməliyev,  Erkin Qədirli,  Qənirə Paşayeva,  Sahib Alıyev,  Məlahət  İbrahimqızı müxtəlif təkliflərlə çıxış etdilər.  Çıxışlardan sonra Milli Məclisin 2020-ci il yaz sessiyasının Qanunvericilik İşləri Planı təsdiqləndi.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəlikdə qalan digər  məsələlər təşkilati xarakterlidir.  Milli Məclisin komitələrinin tərkibinin formalaşdırılması ilə bağlı məsələlərin  müzakirəsindən sonra  qanun layihələri ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiq  edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU