ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin VI çağırış parlamentdə ilk iclası keçirildi. Komitə sədri Musa Quliyev millət vəkillərinə yeni sessiyada uğurlar arzuladı.
Bildirildi ki, iclasın gündəliyinə üç məsələ daxil edilib. Əvvəlcə millət vəkilləri “Turizm haqqında” qanuna edilən dəyişiklikləri müzakirə etdilər. Musa Quliyev vurğuladı ki, bununla bağlı yeni qanun layihəsi hazırlıqlarının davam etdirilməsi nəzərdə tutulur.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev qeyd etdi ki, sənəd üzərində aparılan dəyişikliklər Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında 2019-cu il 9 mart tarixli, 612 nömrəli dəyişikliklərlə bağlıdır. Fərmanda elektron viza ilə bağlı məsələlərin “Turizm haqqında” qanunda təsbit edilməsi nəzərdə tutulur.
İclasda sonra “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarısatn Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi nəzərdən keçirildi.
Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Sonra Musa Quliyev 2020-ci ilin yaz sessiyası dönəmində komitənin qanunvericilik işlər planı barədə məlumatı diqqətə çatdırdı. Bildirdildi ki, sessiya dövründə komitədə iki vacib dinləmə keçiriləcək. Bunlar əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər, digəri isə tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icrası yönündə ictimai dinləmədir. Birinci ictimai dinləmənin aprel ayında keçirilməsi nəzərdə tutulub.
Komitə üzvləri Ziyad Səmədzadə, Rauf Əliyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Sevinc Hüseynova, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev, Vüqar Bayramov, Əziz Ələkbərov, Aqil Məmmədov yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı təkliflərini səsləndirdilər və sənəd təsdiqləndi.
Milli Məclisin
Mətbuat xidməti