MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev bu günlərdə yeni bir humanist addım atmışdır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan 65 yaşından yuxarı 176 nəfər məhkum əfv edilmişdir. Ölkə və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu tədbir ilk növbədə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətində insana və vətəndaşa qayğının dayandığını göstərir və sübut edir ki, bu gün siyasi mənsubiyyətindən, əqidəsindən, cəmiyyətdə mövqeyindən, statusundan asılı olmayaraq, hər bir insanın həyatı və sağlamlığı dövlətimiz üçün ən böyük dəyərdir.
Xanım Spiker vurğuladı ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən bütün işlər möhtərəm Prezidentimizin diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Möhtərəm Prezidentimiz öz çıxışında koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən geniş miqyaslı tədbirlər haqqında xalqa məlumat verdi. Dövlət başçısının iki gün öncə imzaladığı digər bir Sərəncama əsasən pandemiya şəraitində tibb müəssisələrinə tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədi ilə modul tipli 6 xəstəxananın quraşdırılması üçün dövlət büdcəsindən 15 milyon manata yaxın vəsait ayrılmışdır.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dünyada koronavirus pandemiyasına qarşı mübarizənin ön sıralarında dayanmışdır, bu sahədə beynəlxalq miqyasda göstərilən səylərə sanballı töhfə verir.
Sahibə Qafarova çıxışında onu da qeyd etdi ki, ölkədə iqtisadi fəallığın qorunması, iqtisadi böhrana yol verilməməsi üçün də səmərəli tədbirlər həyata keçirilir. Orta və kiçik sahibkarlara şərait yaradılır, işçilərin ixtisar edilməsinin qarşısı alınır, aztəminatlı insanlara yardım göstərilir.
Spiker çıxışının sonunda həyata keçirilən bu tədbirlərə görə cənab Prezidentə Milli Məclis adından təşəkkürünü bildirdi və onun təklifi ilə Azərbaycanda infeksiyaya qarşı mübarizədə fəal iştirak edən həkimlər, tibb işçiləri, polis və gömrük xidməti əməkdaşları, sərhəd qoşunlarının əsgər və zabitləri, hərbi tibb personalı - bir sözlə, pandemiyaya qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəf və vicdanla yerinə yetirən bütün fədakar insanlar millət vəkilləri tərəfindən ayaq üstə alqışlandı.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə iclasda “E.S.Rüstəmovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında”məsələ müzakirəyə çıxarıldı. Məsələ ilə bağlı məlumatı diqqətə çatdıran İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında parlamentə göndərdiyi təqdimat “Milli Məclisin Komitələri haqqında” qanunun 12-ci maddəsinə uyğun olaraq komitədə müzakirə olunmuşdur. Elman Rüstəmov uzun illərdir ki, Mərkəzi Banka rəhbərlik edir. O, iqtisadi sahədə kifayət qədər tanınan alim və təcrübəli bank işçisidir. İndiki dünya iqtisadiyyatında baş verən təhlükələri dəf etmək yolunda Mərkəzi Bank onun rəhbərlik etdiyi dövrdə mühüm nailiyyətlər əldə etmişdir. Dünyada baş verən və sürətlə dəyişən maliyyə kataklizmlərinə baxdıqda görünür ki, bank-maliyyə sektorunda məhz belə təcrübəli insanlar işləməlidir. Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda iştirak edən Elman Rüstəmov çıxış edərək ona göstərilən etimada görə ölkə başçısına və millət vəkillərinə dərin təşəkkürünü bildirdi.
İclasın gündəliyinə daxil edilən növbəti məsələ - “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı barədə” məsələ ilə əlaqədar fikirlərini bildirən parlamentin sədri Sahibə Qafarova qeyd etdi ki, Konstitusiya Qanununa uyğun olaraq hər il yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir. Ölkədə yaranmış epidemioloji vəziyyət səbəbindən və Nazirlər Kabinetinin təxirəsalınmaz problemlərlə məşğul olması ilə əlaqədar qərara alınmışdır ki, Baş nazir və onun müavinləri, nazirlər, komitə sədrləri, digər qurumların rəhbərləri Milli Məclisin iclasında birbaşa iştirak etməsinlər. Amma burada səslənən bütün çıxışlar, fikirlər və suallar Nazirlər Kabinetinə göndəriləcək və onun fəaliyyətində nəzərə alınacaqdır. Buna görə də Xanım Sədrin təklifi ilə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun videohesabatı dinlənildi.
Baş nazir əvvəlcə VI çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə deputat mandatı qazanmış bütün millət vəkillərinə, parlamentin yeni seçilmiş rəhbərliyinə təbriklərini çatdırdı.
Baş nazirin hesabatında qeyd olunurdu ki, Prezident İlham Əliyevin yeniləşmə istiqamətində atdığı addımlar fonunda Nazirlər Kabineti öz fəaliyyətini daim təkmilləşdirməyə, dövlət idarəçiliyinin modernləşdirilməsini nəzərdə tutan siyasi qərarların ardıcıl və səmərəli icrasına çalışır. O, Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyətinin bundan sonra da sistemli və ardıcıl şəkildə davam etdiriləcəyini vurğuladı.
Əli Əsədov bildirdi ki, 2019-cu il müasir Azərbaycanın tarixinə köklü islahatlar ili kimi daxil olmuş, dövlət başçısının rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə etmiş, ölkəni yeni inkişaf mərhələsinə çıxarmışdır. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Dünya Bankı tərəfindən 2020-ci il üçün dərc olunan hesabatda Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alır.
Baş nazir bildirdi ki, ümumilikdə, hesabat dövrü Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuşdur. İlk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, sosial-iqtisadi inkişafla bağlı strateji hədəflərin dəqiq müəyyən edilməsini şərtləndirmişdir. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin gücləndiyi bir şəraitdə islahat proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində 2019-cu ildə makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilmişdir. 2018-ci illə müqayisədə Ümumi Daxili Məhsul 2,2 faiz, sənaye məhsulu istehsalı isə 1,8 faiz, əlavə dəyər istehsalı qeyri-neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz artmışdır. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə inflyasiyanın səviyyəsi minimuma, işsizlik ən aşağı həddə endrilmişdir. 2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artmışdır.
Hesabatda bildirildi ki, ötən dövrdə dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülmüş, vergi və gömrük borcları üzrə yığım səviyyəsi yüksəlmiş, qeydiyyatdan keçmiş ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 mlrd. dollara çatmış və ÜDM-in həcmini üstələmişdir. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötmüşdür. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 mlrd. ABŞ dolları, o cümlədən ixrac 19,5 mlrd. dollar, idxal isə 13.7 mlrd. dollar təşkil etmiş, nəticədə 5,8 mlrd. dollarlıq müsbət saldo yaranmışdır. Bu dövrdə qeyri-neft ixracı 14,4 faiz artmışdır.
Baş nazirin təqdim etdiyi hesabatda vurğulandı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu sənayeləşmə siyasəti həyata keçirilmiş, çoxsaylı müasir istehsal sahələri yaradılmışdır. Ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun və “SOCAR Polimer” zavodunun istifadəyə verilməsini buna misal olaraq qeyd etmək olar. Ölkəmizdə kosmik sənayenin inkişafında da mühüm nailiyyətlər əldə edilib. Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Artıq orbitə buraxılmış üç peyk həm də ölkəmizin ixrac potensialının artırılmasına xidmət edir.
Əli Əsədovun çıxışında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı dövlət büdcəsindən 639 mln. manat məbləğində pul vəsaitinin vaxtı keçmiş kredit borclarının ödənilməsinə yönəldildiyi də açıqlandı.
Baş nazir bildirdi ki, 2019-ci ildə sosial siyasət sahəsində mühüm hadisə baş verdi ki, bu da ölkədə icbari tibbi sığortaya keçid üçün hazırlıq işlərinin tamamlanması olmuşdur. Bu Azərbaycanın səhiyyə sahəsində tarixi bir islahat kimi dəyərləndirilə bilər.
Baş nazir çıxışında şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi, məcburi köçkün ailələrinin rifah halının yaxşılaşdırılması, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş verən dağıdıcı zəlzələdən zərərçəkənlərə edilən yardımlar, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni torpaqların istifadəyə verilməsi, nasos stansiyalarının, magistral su kanallarının və digər obyektlərin tikintisi, nəqliyyat infrastrukturunun inkişafı, informasiya və rabitə sektorunda göstərilən xidmətlərin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr, ölkənin hərbi potensialının və müdafiə qabiliyyətinin güclənməsi istiqamətində görülən işlərdən geniş söhbət açdı.
Qeyd olundu ki, 2019-cu il həm də TANAP qaz kəmərinin istismara verilməsi ilə əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP layihəsinin reallaşdırılması ölkəmizin iqtisadi tarixində mühüm nailiyyətlərdən biri kimi qeyd edilməlidir. Bu dəhlizin sonuncu layihəsi olan TAP layihəsi icra olunmaqdadır.
Əli Əsədov bu gün üzləşdiyimiz koronavirus pandemiyasının doğurduğu risklərdən söz açaraq bildirdi ki, epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün cənab Prezidentin Sərəncamı ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılmışdır. Nazirlər Kabineti “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Tədbirlər Planı”təsdiq etmişdir. Hazırda nəzərdə tutulmuş silsilə tədbirlər ardıcıl qaydada həyata keçirilməkdədir. Ölkənin sanitar-epidemioloji vəziyyəti ciddi nəzarətdədir. Epidemiyadan qorunmaq üçün tibbi ləvazimatların yerli istehsalının təşkili istiqamətində konkret işlər görülür. Kabinet tərəfindən bu il martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri elan edilmiş, martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Koronavirus pandemiyası və sosial təcriddən, eləcə də dünya neft bazarında dalğalanmalardan irəli gələn problemlərin digər ölkələrdə olduğu kimi milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir. Hökumət milli iqtisadiyyatımıza belə mənfi təsirlərin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və bu alətlərdən çevik şəkildə istifadə olunacaqdır.
Belə ki, cənab Prezidentin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb, həmçinin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradılıb və hazırda vahid tədbirlər planı hazırlanıb və təsdiq olunub. Tədbirlər Planı Hökumət tərəfindən vaxtında və tam həcmdə icra olunacaqdır.
Baş nazir çıxışının sonunda onu da qeyd etdi ki, parlament tərəfindən qəbul edilən qanunlar sosial-iqtisadi və institusional inkişafın hüquqi bazasını təmin edir. Qanunvericilik bazası müasir çağırışları nəzərə almaqla təkmilləşdirilməli, yeni prioritetlər və hədəflərlə uzlaşdırılmalı, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu daha da artmalıdır. Dövlət başçısının VI çağırış parlamentin ilk iclasında səsləndirdiyi tövsiyələri nəzərə almaqla Nazirlər Kabineti olaraq parlamentlə daha səmərəli və konstruktiv əməkdaşlığı, birgə fəaliyyəti üçün zəruri olan bütün tədbirləri görmək əzmindəyik.
Hesabatla əlaqədar millət vəkillərindən Tahir Mirkişili, Sadiq Qurbaov, Azər Badamov, Musa Quliyev, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Siyavuş Novruzov, Sahib Alıyev, Bəhruz Məhərrəmli, Anar İsgəndərov, Qənirə Paşayeva, İlham Məmmədov, İltizam Yusifov, Nigar Arpadarai, Zahid Oruc, Səməd Seyidov çıxış edərək fikirlərini bildirdilər, yeni təkliflər səsləndirildi.
Hesabat səsə qoyularaq nəzərə alındı.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki digər 3 məsələ “Milli Məclis deputatının statusu haqqında”, “Milli Məclisin komitələri haqqında” qanunlarda və “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli qanunu ilə təsdiq edilmiş Milli Məclisin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında sənədləri ikinci oxunuş üçün şərh etdi. Əli Hüseynli bildirdi ki, bu sənədlərdə edilən dəyişiklik indiki karantin rejimində həm millət vəkillərinin fəaliyyəti, həm də parlamentin komitələrinin və plenar iclaslarının onlayn üsulla keçirilməsi ilə bağlı yaranan problemləri tənzimləmək üçün hazırlanmışdır. Belə ki, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində qoyulan məhdudiyyətlər deputata, onun xidməti və şəxsi nəqliyyat vasitələrinin istifadəsinə şamil edilmir. Sənədlərdə edilən digər mühüm bir dəyişiklik isə ondan ibarətdir ki, Milli Məclisin 42 deputatının təklifi ilə parlamentin sədri müəyyən dövr üçün parlamentin komitələrinin iclaslarının və plenar iclaslarının videokonfrans sistemi vasitəsilə keçirilməsi ilə bağlı sərəncam qəbul edir. Hər üç sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İclasda Əli Hüseynli “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi də ikinci oxunuşda təqdim etdi. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.
Bununla da Milli Məclisin növbəti plenar iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti