MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
17 aprel 2020 | 07:04   
Paylaşın:        

Aprelin 17-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi.
Öncə xanım Spiker aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirəyə diqqət yönəltdi. Milli Məclisin Sədri vurğuladı ki, bu müşavirə bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Möhtərəm Prezidentimiz özünün dərin məzmunlu nitqində ölkə iqtisadiyyatının vəziyyətini və inkişaf perspektivlərini ətraflı təhlil etdi. Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün göstəricilərinə görə ölkə iqtisadiyyatının əldə etdiyi nəticələr bütövlükdə müsbətdir.
Dünyanın bütün ölkələrində yaşanan koronavirus pandemiyasının Azərbaycandan da yan keçmədiyini və sosial-iqtisadi həyatımıza mənfi təsir göstərməkdə davam etdiyini deyən Spiker əminliklə bildirdi ki, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza dəyən ziyanın sürətlə  aradan qaldırılmasına imkan verəcəkdir.
Cənab Prezident öz çıxışında ölkədə struktur islahatlarının davam etdirilməsi məsələlərinə də toxundu, icra orqanlarında, parlamentdə aparılan kadr dəyişikliklərini qeyd etdi. Dövlət başçısı belə bir fikri də ifadə etdi ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır.
Sahibə Qafarova əminliklə vurğuladı ki, altıncı çağırış Milli Məclisin birinci iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələr bundan sonra da ardıcıl yerinə yetiriləcək və ölkə parlamenti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.
Plenar iclasda daha bir vacib məqama toxunan Milli Məclisin Sədri qeyd etdi ki, həmin müşavirədə Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox mühüm məsələlərlə bağlı əsaslandırılmış, ciddi arqumentlərə söykənən münasibətini diqqətə çatdırdı. O cümlədən, möhtərəm Prezidentimiz Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsini haqlı olaraq kəskin tənqid etdi.
Son on ildə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, həmin qurumun Büro üzvü və Komitə sədri kimi fəaliyyət göstərdiyini xatırladan xanım Sədr dedi ki, həmin dövr ərzində mən və mənim hörmətli həmkarlarım bir çox hallarda qurumda ölkəmizə qarşı qərəzli münasibətin şahidi olmuşuq. Avropa Şurası Parlament Assambleyasında cəmləşmiş ermənipərəst dairələrin Azərbaycana böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr və qərarlar qəbul etmək, Azərbaycanı qaralamaq cəhdlərini dəfələrlə müşahidə etmişik. Mən deyərdim ki, bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də artıq onların maraqlarını müdafiə ediblər.
Bu gün AŞPA-nın qondarma “Dağlıq Qarabağ”dakı cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsini, susqunluq nümayiş etdirməsini qəbulolunmaz davranış kimi qiymətləndirən Milli Məclisin Spikeri dedi ki, bu həm də beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlikdir. Ona görə də, biz AŞPA-nın bu davranışını qəti şəkildə pisləyirik və bununla əlaqədar Milli Məclis tərəfindən Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərilmişdir.
Bildirildi ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədəki nitqində dövlət başçısı ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyanın və siyasi dialoq mühitinin gücləndirilməsi istiqamətində atılan addımları təqdir etdi.
Azərbaycanda milli mənafedən, dövlətçilik maraqlarından çıxış edən bütün sağlam müxalifət partiyaları bu dialoqda iştirak edir, prosesə töhfə vermək üçün müvafiq addımlar atırlar. Çox təəssüf ki, hər zaman Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə qarşı çıxış edən bəzi marginal qruplar bu dialoqdan imtina edib, xarici amilə bel bağlayıblar. Dövlətə qarşı düşmənçilik edən belə qrupların əsl məqsədi ölkəmizdə gərginlik yaratmaqdır. Özlərinə radikal müxalifət adını verən bu cür dağıdıcı qüvvələr hətta bütün bəşəriyyəti sarsıdan pandemiyadan və koronavirusdan belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etmək istəyirlər. Təbii ki, Azərbaycan cəmiyyəti, xalqımız bu cür davranışları görür və onların qeyri-sağlam, antimilli fəaliyyətini qətiyyətlə pisləyir,- deyən Sədr qətiyyətlə vurğuladı ki, Azərbaycan xalqının mövqeyi bu yöndədir ki, ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyada belə qüvvələrə yer yoxdur.     
Ölkəmizdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlandığını, xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirildiyini diqqətə çatdıran Sahibə Qafarova Milli Məclisin də bu təşəbbüsə qoşulmalı olduğunu bildirdi. Bunun üçün parlamentdə müvafiq tədbirlərin görüldüyünü və aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən deputatlar və Aparatın əməkdaşları üçün könüllü qanvermə aksiyasının keçiriləcəyini söylədi.
Çıxışının yekununda ötən plenar iclasda Nazirlər Kabinetinin hesabatının dinlənilməsi və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq Baş nazirin məruzəsinin videoyazı şəklində təqdim edilməsi məsələsinə toxunan Spiker deputatların diqqətinə çatdırdı ki, Milli Məclisin iclasının bu hissəsinin stenoqramı və videoyazısı, eləcə də çıxış edə bilməmiş 31 deputatın çıxışlarının və suallarının yazılı mətnləri Nazirlər Kabinetinə göndərilib. Əlavə çıxışı, təklifi və ya sualı olanlar da Nazirlər Kabinetinə göndərilməsi üçün yazılı mətnlərini rəhbərliyə təqdim edə bilərlər.
 Sonra plenar iclasda iyirmi dörd məsələdən ibarət gündəlik təsdiqləndi. Öncə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi.
2019-cu il üzrə hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov qeyd etdi ki, ötən il ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da uğurlar əldə edilib. Bələdiyyələrin formalaşmasının 20 ilinin tamam olduğu 2019-cu ildə keçirilən növbəti bələdiyyə seçkiləri ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrdən olub. Seçkilər nəticəsində 1597 bələdiyyə üzrə 15 min 79 bələdiyyə üzvü seçilib. Onlardan 5 min 847 nəfəri qadın, 6 min 12 nəfəri gənclərdir. Bu seçkidə qadınların sayı 2014-cü ildə keçirilmiş əvvəlki seçki ilə müqayisədə 11,7 faiz artaraq 38,8 faizə çatıb, gənclərin sayı isə 10,3 faiz artaraq ümumi sayda 39,9 faiz təşkil edib.
 Ötən il ərzində yerli özünüidarəetmənin inkişafı diqqət mərkəzində saxlanılıb. Müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra yeni normativ hüquqi aktlar qəbul edilib. “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara zəruri dəyişikliklər olunub, Ədliyyə Nazirliyi Kollegiyasının qərarıyla “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” təlimat dəyişdirilərək həmin qanuna uyğunlaşdırılıb.  Nazirlər Kabineti əlilliyi olan şəxslərin reabilitasiyasını özündə ehtiva edən “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”ı təsdiq edib.
 Deputatlara məlumat verildi ki, 2019-cu ildə Azərbaycan Ədliyyə Nazirliyində 80 min 261 bələdiyyə aktı, Naxçıvan MR-in Ədliyyə Nazirliyində isə 1 min 796 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib. Nəticədə 77 min 427 bələdiyyə aktı, yəni ekspertizadan keçirilən sənədlərin 96,5 faizi qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2 min 765 aktın dəyişdirilməsi və ya ləğvi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib.
Bələdiyyələr tərəfindən təmin olunmayan 19 təklif üzrə məhkəmədə iddia qaldırılıb. Ötən il qanunsuz verilmiş 7 min 19 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə geri qaytarılıb ki, bu da 2018-ci illə müqayisədə 18,5 faiz çoxdur.
 Parlamentin nəzərinə çatdırıldı ki, inzibati nəzarət icraatı qaydasında aparılmış 24 inzibati araşdırmada cinayət əməlləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 17-si üzrə istintaq orqanlarında cinayət işi başlanılıb, 1 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılmaqdadır. İnzibati araşdırma materialları əsasən torpaq sahələrinin real qiymətindən ucuz satılması nəticəsində bələdiyyə büdcəsinə xeyli ziyan vurulması, müvafiq sənədlər olmadan təmir-abadlıq işləri adı altında bələdiyyə büdcəsindən pul vəsaitinin silinməsi, torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması kimi məsələlərlə bağlı olmuşdur.
 Nazir müavini bildirdi ki, hesabat dövründə Ədliyyə Nazirliyi yerli özünüidarəetmə sahəsində maarifləndirmə işini, bələdiyyələrə metodoloji yardım göstərilməsini diqqət mərkəzində saxlayıb. Bələdiyyə üzvü və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 292 maarifçilik tədbiri keçirilib. Bu, 2018-ci illə müqayisədə 17,3 faiz çoxdur. Həmin tədbirlərdə 11 min 50 bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Qanunvericilik aktları barədə məlumatlandırma və qanunların tətbiqinə kömək məqsədilə 25 metodik vəsait və tövsiyə hazırlanaraq istifadəyə verilib. İl ərzində 235 bələdiyyədə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işi öyrənilibdir. 
 Vilayət Zahirov parlamentə məlumat verdi ki, ötən il bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması da diqqət mərkəzində olub. Mədən vergisi, mehmanxana, sanatoriya-kurort, turizm xidməti göstərən şəxslərdən ödənişlərin yerli büdcələrə ödənilməsi vəziyyəti təhlil edilib. Aşkar olunan çatışmazlıqların və qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Bələdiyyələrə tövsiyə olunub ki, yerli vergi və ödənişlərin yığımı sahəsində yaranmış borcların məcburi tutulmasını təmin etmək üçün pul tələbləri üzrə inzibati akt qəbul edilməsi ilə bağlı qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə etsinlər. 
Məruzəçi onu da vurğuladı ki, il ərzində bələdiyyələrin milli assosiasiyaları ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri davam etdirilmişdir. 
Sonra iclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov illik məruzəyə dair fikirlərini açıqladı, təkliflərini bildirdi. Müzakirə zamanı deputatlar Musa Quliyev, Sadiq Qurbanov, Elman Nəsirov, Azay Quliyev, Tahir Kərimli, Tahir Rzayev, Azər Badamov, Aydın Mirzəzadə, Fazil Mustafa illik məruzəyə münasibət bildirdilər. Çıxışlarda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2019-cu ildə gördüyü işlər əsasən müsbət dəyərləndirildi. Bir sıra təkliflər və iradlar səsləndirildi.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qanunvericiliklə bağlı bəzi məsələlərə aydınlıq gətirdi.
Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alındı.
Sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli üçüncü oxunuşda müzakirəyə çıxarılmış üç qanun layihəsini təqdim etdi. Bildirdi ki, məqsəd ölkədə karantin rejiminin tətbiqi ilə əlaqədar qarşıya çıxa biləcək problemlərin həllidir. Layihələrdə parlamentin və komitələrinin iclaslarının videokonfrans sistemi vasitəsilə, onlayn rejimdə keçirilməsi nəzərdə tutulur. Bu məsələ “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda edilən dəyişikliklərlə tənzimlənəcək. Həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 4-cü maddəsinə karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlərin deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmədiyi barədə 2-ci hissə əlavə olunur.
İclasda Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Razi Nurullayev rəylərini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu və üçü də üçüncü oxunuşda qəbul edildi.
Plenar iclasda “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi də (üçüncü oxunuş)  məqsədəuyğun sayıldı.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda edilən dəyişikliyin (birinci oxunuş) “Təhsil haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıdığını bildirdi. Fikir mübadiləsində Bəhruz Məhərrəmovun rəyi dinlənildi. Layihə səsə qoyuldu və birinci oxunuşda qəbul edildi. 
Plenar iclasda “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş)  məsələni Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim etdi. Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qanun layihəsinə münasibət bildirdi. Hər iki komitə sədri nəzərə çatdırdı ki, bu layihə qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.
Deputatlar qanun layihəsinə birinci oxunuşda müsbət münasibət bildirdilər.
Gündəlikdəki növbəti üç qanun layihəsini – Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim etdi. Bildirildi ki, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsinə dair qanun layihələri “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədardır. 200-ə yaxın dəyişikliyin nəzərdə tutulduğu qanun layihələri ölkədə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Bu sənədlərdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə məsuliyyətin yaranmasına əsas olan dəymiş zərərin məbləğləri artırılmaq yolu ilə həmin həddə qədər olan əməllər dekriminallaşdırılmışdır.
Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsində edilən dəyişiklik də 3 aprel 2019-cu il tarixli Prezident Fərmanı ilə əlaqədar olub, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının bu barədə ölkəmizin Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməsi vacibliyini ehtiva edir.
Milli Məclisdə qanun layihələri ətrafında geniş müzakirə aparıldı. Fazil Mustafa, Azay Quliyev, Qüdrət Həsənquliyev, Rəşad Mahmudov, Jalə Əliyeva, Zahid Oruc, Sədaqət Vəliyeva, Nurlan Həsənov, Əminə Ağazadə, Aydın Hüseynov, Bəhruz Məhərrəmov, İlham Məmmədov, Arzu Nağıyev, Ziyafət Əsgərov rəy və təkliflərini bildirdilər. Kamal Cəfərov suallara aydınlıq gətirdi. Fikir mübadiləsinin yekununda hər üç qanun layihəsi konseptual baxımdan məqbul sayıldı və ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Miqrasiya Məcəlləsindəki dəyişikliyi (birinci oxunuş) şərh edən I vitse-spiker, komitə sədri Əli Hüseynli  qeyd etdi ki, Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, təklif olunur ki, peşə təhsili müəssisələrində təhsil alan şəxslərə də Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilsin. Həmçinin viza siyasətinin liberallaşdırılması ilə əlaqədar olaraq həmin şəxslərə viza verilməsi müddəti 15 günədək deyil,  beş dəfə azaldılaraq 3 iş günü müddətində nəzərdə tutulur.
Fikir mübadiləsində Ramil Həsən qeyd etdi ki, bu qanun böyük rəğbətlə qarşılanacaq.  Qanun layihəsi səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.
 İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  bildirdi ki, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan  dəyişiklik (birinci oxunuş) ölkəmizdə müvəqqəti yaşamağa gələn şəxslərdən icazə vəsiqəsinə görə tutulacaq dövlət rüsumunun məbləğini tənzimləyəcək. Bu qanun layihəsi də birinci oxunuşda məqbul sayıldı.
Sonra Tahir Mirkişili parlamentə məlumat verdi ki, “Dövlət satınalmaları haqqında” qanuna təklif olunan  dəyişikliyə görə (birinci oxunuş) dövlət satınalmalarında istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan ərazisində  həyata keçirilən mallara güzəştlərin tətbiqini (yerli mallarla eyni səviyyədə) nəzərdə tutur. İstehsal prosesinin hər hansı mərhələsi qeyri-neft sektorunu əhatə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq. 
Müzakirə zamanı Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Siyavuş Novruzov, Məşhur Məmmədov fikirlərini bölüşdülər. Qanun layihəsi birinci oxunuşda qəbul olundu.
Millət vəkilləri vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında (birinci oxunuş) məsələyə də birinci oxunuşda müsbət yanaşdılar.
Parlament “Nağdsız hesablaşmalar haqqında” qanunun 3-cü maddəsinə təklif olunan dəyişikliyi (birinci oxunuş) də müzakirə etdi. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutan layihə müsbət dəyərləndirildi. Layihəyə görə, həmin ödənişin yuxarı həddi 20 manat müəyyən edilir. Deputatlar qanun layihəsinə birinci oxunuşda səs verdilər.
Milli Məclisə bir zərfdə daxil olmuş iki qanun layihəsi – “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi (birinci oxunuş), eləcə də  Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrinə dair altı komitənin ümumiləşdirilmiş rəyini parlamentə Əli Hüseynli təqdim etdi. Ətraflı şərhdən sonra Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Hikmət Məmmədov, Fəzail Ağamalı rəylərini bildirdilər.
Parlament hər iki qanunu birinci oxunuşda qəbul etdi.
Sonra 3 fəsil, 6 maddədən ibarət “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş)  Milli Məclisə təqdim edən komitə sədri Ziyafət Əsgərov vurğuladı ki, kimyəvi silahın qadağan edilməsi müasir şəraitdə mahiyyətinə görə tərksilah siyasətinin mühüm komponentlərindən biridir.
İlk dəfə olaraq kimyəvi silahın I dünya müharibəsi dövründə, 1914-cü ilin avqustunda Fransa ordusu tərəfindən tətbiq olunduğunu nəzərə çatdıran komitə sədri kimyəvi silahın tətbiqi tarixi barədə də deputatlara məlumat verdi. 
Müzakirə zamanı Vahid Əhmədov, Asim Mollazadə, Razi Nurullayev, Hicran Hüseynova rəy və təkliflərini bildirdilər. Qeyd olundu ki, Dağlıq Qarabağ münaqişəsi ucbatından uzun müddət müharibə şəraitində yaşayan Azərbaycanın bu kimi məsələlərə diqqət yetirməsi vacibdir. Yekunda Ziyafət Əsgərov deputatları maraqlandıran suallara aydınlıq gətirdi. Qanun layihəsi səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.
İclasda “Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi (birinci oxunuş) barədə məlumat verən Ziyafət Əsgərov qeyd etdi ki, elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək məqsədilə Azərbaycan Prezidentinin 11 iyun 2019-cu ildə imzaladığı Fərmana əsasən, elmi dərəcələr və elmi adlar verilməsi qaydası haqqında Əsasnamələr təsdiqlənib. Qanunlara təklif olunan dəyişiklik terminologiyanın uyğunluğu baxımından tamamilə əsaslıdır. 
  Deputatlar qanun layihəsinə birinci oxunuşda səs verdilər.
Plenar iclasa təqdim olunmuş növbəti qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev təqdim etdi. Bildirdi ki, Mənzil Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif olunan dəyişiklik (birinci oxunuş)  2019-cu ilin 5 martında qəbul edilmiş “Gənclər siyasəti haqqında” qanunla əlaqədardır və uyğunlaşdırma xarakteri daşıyır.
  Qanun layihəsi birinci oxunuşda razılıqla qarşılandı.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda edilən  dəyişikliyi (birinci oxunuş)  şərh etdi. Qənirə Paşayeva, Nigar Arpadarai layihəyə münasibət bildirdilər. Məsələ səsə qoyuldu və layihə birinci oxunuşda qəbul olundu.
  İclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) və Azərbaycan Respublikasının 1996-cı il 17 mart tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi (birinci oxunuş) məsələlərinə də baxıldı.
 Müzakirələrdə Qüdrət Həsənquliyevin, Şahin İsmayılovun, Razi Nurullayevin, Nigar Arpadarainin, Hikmət Məmmədovun rəyləri dinlənildikdən sonra hər iki qanun layihəsi birinci oxunuşda qəbul olundu.
İclasın yekununda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələni təqdim etdi. Bildirdi ki, bu qanun layihəsi 2019-cu ildə qəbul olunmuş “Reklam haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Səsvermə zamanı deputatlar bu qanun layihəsini də birinci oxunuşda dəstəklədilər.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU