İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Aprelin 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi.
Komitənin sədri Zahid Oruc bildirdi ki, gündəliyə iki məsələ daxil edilmişdir. Birinci məsələ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsinin dinlənilməsidir.
Komitə sədri diqqətə çatdırdı ki, ölkəmizin Avropa Şurasına üzvlüyündən sonra formalaşdırdığı müvəkkil institutu vətəndaşların hüquqları pozulduğu təqdirdə qanuna uyğun olaraq bir sıra səlahiyyətlərə malikdir. Bunlar - cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək, qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək, insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxmış etmək, dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməkdir.
Göründüyü kimi, bütün bu səlahiyyətlər imkan verir ki, müvəkkil illik məruzədə insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adlarını çəksin və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat versin.
Zahid Oruc onu da diqqətə çatdırdı ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı islahatlar nəticəsində 2019-cu il ölkəmizin həyatına mühüm dəyişikliklər ili kimi daxil olmuşdur.
Komitə sədri bildirdi ki, müvəkkilin məruzəsi ötən ildə dövlət tərəfindən müxtəlif sahələrdə - vətəndaşların azadlıq, şərəf və ləyaqətinin təminatı, informasiya əldə etmək, vicdan azadlığı və digər fundamental hüquqlar sahəsində görülən mühüm işləri özündə əks etdirir, eləcə də bir sıra istiqamətlərdə həllini gözləyən müxtəlif problemləri üzə çıxarır.
Sonra iclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsini təqdim etdi.
Bildirdi ki, illik məruzədə Ombudsmanın insan hüquqlarının qorunmasının bütün sahələrində fəaliyyəti öz əksini tapmışdır. Dövr ərzində 25500 müraciət daxil olmuşdur ki, bu da ötən illə müqayisədə 25 faiz çoxdur. Bu da həm müvəkkilə inamın artması, həm də müvəkkilə müraciət etmək imkanlarının geniş olması ilə əlaqədardır. Belə ki, Ombudsman Aparatının ölkənin bütün regionlarını əhatə edən 4 regional mərkəzi var. Vətəndaşlar poçt, qaynar xətt, onlayn şəkildə, sosial şəbəkələr və digər vasitələrlə müvəkkilə müraciət etmək imkanlarına malikdirlər. May ayından etibarən isə Ombudsmanın çağrı mərkəzlərini birləşdirən vahid çağrı mərkəzi fəaliyyətə başlayacaqdır. Ombudsman Səbinə xanım Əliyevanın tapşırığı ilə yeni facebook səhifəsi və tvitter hesabı da açılmış və vətəndaşlar tərəfindən fəal şəkildə istifadə olunur.
Aydın Səfixanlı bildirdi ki, ötən dövrdə Azərbaycan Ombudsmanı torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə bağlı insan hüquqlarının pozulması məsələlərini dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırmış, 20 yanvar faciəsi, Azərbaycanlıların Soyqırımı Günü, Xocalı faciəsi ilə bağlı bəyanatlar vermişdir.
Ombudsmanın işgəncələrə qarşı milli preventiv mexanizm kimi fəaliyyəti ilə əlaqədar olaraq ötən dövrdə azadlıqdan məhrumetmə yerlərinə, istintaq təcridxanalarına 268 başçəkmə həyata keçirilmiş, konfidensiallıq gözlənilməklə 1445 şəxs təkbətək dinlənilmiş, onların müraciətləri xüsusi diqqətə alınaraq bununla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilmişdir.
Seçki hüququnun təmini məsələsinə də xüsusi diqqət yetirilmiş, ötən ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Ombudsman Aparatının əməkdaşları seçkiləri yaxından müşahidə etmiş, seçki prosesi ilə bağlı edilən müraciətlərə dərhal reaksiya verilmişdir.
Ötən dövrdə məhkəmə qərarlarının icrası ilə əlaqədar məsələlər də diqqətdə saxlanmış, müvafiq tədbirlər görülmüşdür.
Müvəkkilin ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi ilə bağlı təklifləri də ölkə rəhbərliyinin qəbul etdiyi normativ-hüquqi aktlarda nəzərə alınmışdır. Qadın hüquqlarının təmin edilməsi xüsusi diqqətdə saxlanmış, belə müraciətlərə operativ reaksiya verilmişdir.
Aydın Səfixanlı diqqətə çatdırdı ki, məruzə dövründə uşaq hüquqlarının qorunması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin təmin olunması da əsas istiqamətlərdən olmuşdur.
Məruzə dinlənildikdən sonra komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Tural Gəncəliyev, Razi Nurullayev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Elşad Mirbəşir oğlu, vətəndaş cəmiyyətinin nümayəndələri Mehriban Zeynalova və Əliməmməd Nuriyev çıxış edərək məruzə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrin sonunda məruzə səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
İclasda ”İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında, “Televiziya və radio yayımı haqqında” “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Bununla da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti