ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
22 aprel 2020 | 02:04   
Paylaşın:        

Aprelin 22-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.
İclasda “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə sənəd (ikinci oxunuş)  müzakirə  edilib.
Komitə sədri Bəxtiyar Əliyev  adı çəkilən  qanunlara təklif  olunan   dəyişikliklər haqqında məlumat verib.  Bildirib ki, ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək  məqsədi ilə Prezident İlham Əliyevin 2019-cu il  11 iyun tarixli fərmanı ilə   “Elmi dərəcələrin verilmə qaydası” və “Elmi adların verilmə qaydası” haqqında  əsasnamələr  təsdiq  edilmişdir.  Fərmanda  elmi dərəcələr və adların verilmə qaydaları,  xarici ölkələrdə  verilmiş elmi dərəcə və adların nostrifikasiyası,   elmi dərəcədən və elmi addan məhrumetmə,  elmi dərəcə və adların bərpası  və digər  məsələlər öz əksini tapıb. Mövcud  layihə  yuxarıda  qeyd  olunan  Fərmanla əlaqədar hazırlanıb və müvafiq  qanunvericiliyə uyğunlaşdırmaq   məqsədi daşıyır.
Komitə  üzvləri  Musa  Qasımlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova,  Etibar Əliyev,  Kamilə Əliyeva,  İsa  Həbibbəyli, Afət  Həsənova, Rəfael Hüseynov,  Anar İsgəndərov, Pərvin  Kazımzadə, Eldar Quliyev,  Müşfiq  Məmmədli,  Ceyhun Məmmədov,  Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə və Fatma Yıldırım iclasda  çıxış edərək  sənədlə bağlı  fikirlərini bildiriblər.
İclasın sonunda qanun layihəsinin Milli Məclisin plenar  iclasına  tövsiyə edilməsi qərara alınıb.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU