MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

Komitə iclasları
24 aprel 2020 | 01:04   
Paylaşın:        

Aprelin 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov  deputatların diqqətinə çatdırıb ki, gündəliyə ikinci oxunuşda iki qanun layihəsi  daxil edilib.
Komitə sədri bildirib ki, birinci məsələ - “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının  qanun layihəsidir. Bu qanun sülhün və bəşəriyyətin təhlükəsizliyinin qorunması, Azərbaycan Respublikasının milli təhükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması, tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.
İkinci məsələ - “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarda Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsidir.
Ziyafət Əsgərov layihənin mahiyyəti barədə məlumat verərək qeyd edib ki, Azərbaycanda elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə  Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilmişdir. Mövcud layihə həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə bağlıdır.
İclasda çıxış edən Nizami Səfərov, Bəxtiyar Sadıqov və digər deputatlar təqdim olunan məsələlər barədə öz fikirlərini açıqlayıblar.
Müzakirələrin sonunda komitə üzvləri qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU