MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
23 dekabr 2011 | 07:12   
Paylaşın:        

Dekabrın 23-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sabah Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin doğum günü, 50 illik yubileyidir.
Möhtərəm Prezidentimiz Azərbaycanın bugünkü inkişafını təmin etmək və xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanmışdır. Biz Prezidentimizə xüsusən ona görə minnətdarıq ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək üçün, geosiyasi təlatümlərdən, gizli axınlardan, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz Vətənini sevən, xalqını sevən, Azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir. 
Dünya siyasətində belə bir məfhum vardır ki, “Xarici siyasətin başlıca prinsipi ölkə daxilində yaxşı idarəçilikdir”. Azərbaycanın ötən illər ərzində apardığı uğurlu xarici siyasət, geniş bir bölgədə söz sahibi olması, tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi məhz ölkə daxilində möhtərəm Prezidentimizin həyata keçirdiyi müdrik siyasətin məntiqi davamı olmuşdur.
Biz hamımız əminik ki, Azərbaycan ildən-ilə daha da irəli gedəcək, daha da inkişaf edəcək  və dünyanın inkişaf etmiş dövlətləri arasında layiq olduğu yerini tutacaqdır. Bu gün xalqımızı düşündürən problemlər, xüsusən torpaqlarımızın erməni işğalından azad edilməsi, qaçqın və köçkün soydaşlarımızın öz yurd-yuvalarına qayıtması məsələsi həll ediləcəkdir.
Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət buna təminat verir. Bu işdə dövlət başçısına kömək göstərmək, ölkəmizin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək yolunda Milli Məclis bundan sonra da öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir. 
Milli Məclisin Sədri çıxışının sonunda 50 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevi deputatlar adından ürəkdən təbrik etdi, ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzuladı!
Sonra Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin Prezidentə ünvanlanmış təbrikinin mətnini oxudu. Təbrikdə deyilir:
“Əziz və möhtərəm cənab Prezident! 
Sizi anadan olmağınızın 50 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı arzulayır, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarılması, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik! 
Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə davam etdirməyiniz sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası hər gün yeni bəhrələr verir. İndi Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri və Cənubi Qafqaz bölgəsinin lider dövlətidir.
Ölkəmizin ildən-ilə daha da zənginləşməsi qarşıya qoyulan ən mürəkkəb və çətin vəzifələrin öhdəsindən gəlməyə imkan yaradır. Sənaye və kənd təsərrüfatı potensialının güclənməsinə, regionların sosial-iqtisadi inkişafına yönələn möhtəşəm dövlət proqramları icra olunur, xalqımızın rifah halının yüksəlməsinə xidmət edən tədbirlər həyata keçirilir, əmək haqları, müavinətlər, pensiyalar artırılır, elm və təhsilin, mədəniyyət və incəsənətin, səhiyyə və idmanın  tərəqqisi üçün lazımi işlər görülür.
Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə geniş miqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, ölkəmizin Avropa xalqları ailəsində nüfuzu artır.
Elmi əsaslar üzərində qurulmuş xarici siyasətiniz Azərbaycanın dünya siyasətinə təsirinin dönmədən artmasına gətirib çıxarır. Dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi yüksək zirvənin fəth edilməsində öz parlaq ifadəsini tapmışdır.
Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur. Şübhə yoxdur ki, qısa zamanda Siz dövlətimizin bu probleminin də həllinə nail olacaqsınız.
Əziz və möhtərəm cənab Prezident!
Xalqımızın maraqları və tələbatı üzərində qurulan siyasətiniz, müasir idarəçilik üslubunuz Sizə ölkəmizdə və xaricdə böyük hörmət və nüfuz qazandırmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün Sizin əzmlə həyata keçirdiyiniz quruculuq və inkişaf strategiyası ilə bağlıdır. 
Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından tələb olunan yüksək erudisiya və intellekt, siyasətə, iqtisadiyyata, incəsənətə, tarixə, başqa sahələrə dərindən bələdlik kimi xüsusiyyətlərlə yanaşı, Siz Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə maliksiniz. Sizin nümunəvi insani keyfiyyətləriniz gözəl ailə başçısı olmağınızda da təcəssümünü tapmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, övladlarınız ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, xalqımızı düşündürən problemlərin həllinə kömək göstərmək üçün mümkün olan hər şeyi edirlər.  
Əziz cənab Prezident!
Biz əminik ki, Sizə xas olan siyasi bəsirət və səriştə dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Bu işdə biz Sizə yeni uğurlar arzulayırıq. Sizi əmin edirik ki, xalqımızın və dövlətimizin işıqlı sabahı naminə həyata keçirdiyiniz quruculuq işlərinin qanunvericilik bazasını möhkəmləndirmək və təkmilləşdirmək üçün parlament öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.”
 Təbrik məktubu diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar çıxış edərək Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsini kəskin pislədilər. Bildirildi ki, bu məsələ cəmiyyətdə çox ciddi hiddətlə qarşılanır. Çünki olmayan bir məsələni Avropa dövlətinin öz parlamentində müzakirə etməsi və belə bir qərar qəbul etməsi Avropa dəyərlərinin əleyhinə olan addımdır. Bu məsələnin araşdırılması tarixçilərin işidir. Azərbaycanın bu məsələdə Türkiyənin yanında olduğunu deyən deputatlar Azərbaycanın bu qərarın qəti əleyhinə olduğunu və Türkiyə ilə eyni mövqedən çıxış etdiyini diqqətə çatdırdılar.
Çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova Türkiyədə yaşayan bütün soydaşlarımıza, türk siyasətçilərinə və rəsmilərinə səslənərək Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının, parlamentinin, Azərbaycan dövlətinin həmişə onların yanında olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan bütün haqq işinizdə hər zaman sizi dəstəkləyib bundan sonra da dəstəkləyəcək. Bahar Muradova Avropa İttifaqına və ona daxil olan ölkələrə də müraciətlə bu qərarın təkcə Fransada yaşayan türklərə və yaxud da azərbaycanlılara qarşı yönəlmədiyini vurğuladı. Çünki Avropa İttifaqına daxil olan ölkələrdə kifayət qədər rəsmi şəxslər və sıravi vətəndaşlar var ki, onlar tarixdə belə bir hadisənin olmadığını və yaxud da belə hadisələrə görə insanların azadlıqlarını məhdudlaşdıran belə bir qərarın yolverilməz olduğunu bilirlər. Bahar Muradovanın sözlərinə görə, bu addım təkcə Türkiyənin Şərqdə, eləcə də ərəb dünyasında söz sahibi olmasının qarşısını almağa deyil, həm də Türkiyənin Avropa İttifaqına girişinin qarşısının alınmasına yönəlib. Bu qərar qəbul ediləcəyi təqdirdə, Türkiyə çox ciddi cavab tədbirləri görəcək.
Bahar Muradova onu da bildirdi ki, Fransa parlamentinin bu qərarı bu günə qədər Avropanın əldə etdiyi nailiyyətləri, dəyərləri təhlükə altında qoyur. Bu demokratiyanın beşiyi olan Avropada söz, ifadə azadlığına, fikir plüralizminə qarşı yönəldilmiş addımdır. Bundan sonra Fransanın və yaxud da onun bu addımını dəstəkləyən dairələrin nə haqqı ola bilər ki, hansısa ölkədə ifadə azadlığının pozulduğunu söyləsinlər.
Fransa parlamentinin qərarını pisləyən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov dedi ki, 5 respublika qurmuş Fransa demokratiyasına bu cür hərəkətlər yaraşmır. Birinci vitse-spiker qeyd etdi ki, bu cür qərarın  qəbul olunmasının məsuliyyətini bütün Fransa xalqına aid etmək olmaz.  Bu, bir qrup vəzifə azarkeşinin, vəzifə hərisinin hakimiyyətdə qalmaq naminə ortaya atdığı bir məsələdir. Bu, birinci mərhələdir. İkinci mərhələdə Türkiyənin qarşısına məsələ qoyacaqlar ki, bu qərarı ya qəbul edirik, ya da siz özünüz “erməni soyqırımı”nı qəbul etməlisiniz. Yəni bu siyasətdə artıq bazarlıq ediləcək. Məqsəd isə Türkiyənin Avropa İttifaqına qəbul edilməməsidir. Çünki Türkiyə Avropa İttifaqının bütün şərtlərini qəbul etsə belə, axırda deyəcəklər ki, “erməni soyqırımı”nı qəbul et, sonra biz sizi bu birliyə qəbul edək. Təbii ki, Türkiyə də buna getməyəcək. Ziyafət Əsgərov əlavə etdi ki, bu məsələ tarixçilərin işidir. Onda biz də adekvat bir addım atmalıyıq. Əgər Azərbaycana gəlmiş hər hansı bir fransız Xocalı soyqırımını qəbul etmirsə, o zaman ona qarşı biz cinayət işi qaldırmalıyıq. Burada deyilən fikirlərin hamısına qoşuluram və bu qərarın heç bir hüquqi, mənəvi, əxlaqi əsası yoxdur və bu məsələdə hər zaman Türkiyənin yanında olacağıq.
Müzakirələrə yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi sənəd erməni diasporunun dəstəyi ilə bu ölkədə hakimiyyətdə qalmaq istəyən qüvvələrin çox cılız bir siyasətidir. Bu qərar təkcə Türkiyəyə qarşı yox, Fransanın və Ermənistanın özünə də  qarşı yönəlib. Oqtay Əsədov qeyd etdi ki, Türkiyənin Avropa İttifaqına ehtiyacı yoxdur. Çünki Türkiyə inkişaf edən, güclü iqtisadiyyata malik olan ölkədir. Ona görə də, bu dövlətə belə üsullarla təsir etmək mümkün deyil. Spikerin sözlərinə görə, Azərbaycan xalqı həmişə qardaş Türkiyənin yanında olub və olacaq.
Milli Məclis Sədri onu da bildirdi ki, baş verən hadisələr erməni diasporunun fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət erməni xalqının faciəsidir. Ermənilər yazıq xalqdır. Çünki özü-özünü idarə etmir, onu diaspor və kənardan olan dövlətlər idarə edir. Bu isə o deməkdir ki, erməni xalqının ixtiyarı öz əlində deyil. Erməni xalqı öz gələcəyini fikirləşməlidir, onların dövlətinin iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Bunu fikirləşmək əvəzinə özlərini daha da pis vəziyyətə salırlar. Mən inanmaq istəyirəm ki, Fransa Senatı 2006-cı ildə olduğu kimi aşağı palatanın qəbul etdiyi qanuna öz etirazını bildirəcək. İnanıram ki, Senat bu sənədi təsdiqləsə də, Fransa prezidenti ona qol çəkməyəcək. Biz çalışmalıyıq ki, Fransa Senatında bu sənəd öz təsdiqini tapmasın. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı qəti mövqeyini bildirib. Biz bu məsələdə təmkinli olmalıyıq. Azərbaycan tərəfi olaraq Senatda bu qanun layihəsinin təsdiq olunmaması üçün qarşı tərəflə işləməliyik. 
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini birinci  oxunuşda deputatlara təqdim etdi. Bildirdi ki, dünyada 2,5 milyon adam bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyə düçar olmuş şəxslərə dövlət qayğısının təşkili üçün Azərbaycan üzrə dağınıq skleroz xəstələrinin statistikası aparılmalıdır. Qeyd olundu ki, bu qanun dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edəcək, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyəcəkdir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqləndi.
Sonra iclasda Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi birinci oxunuşda müzakirə edildi.
Məcəllə layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihənin hazırlanması prosesinə müvafiq qurumların, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti mütəxəssislərinin cəlb olunduğunu, bu sahədə dünya təcrübəsinin öyrənildiyini qeyd etdi. Bildirildi ki, ölkədə aparılan islahatlar, investisiya mühitinin yaxşılaşdırılması və tikinti sektorunun inkişafı bu sahənin tənzimlənməsində təkmil qanunvericilik bazasının formalaşdırılması zərurətini yaradır. Şəhərsalma və Tikinti Məcəlləsi bu fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının və vətəndaşların bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcək.
 Qeyd olundu ki, Məcəllə 3 bölmədən ibarətdir. İlk bölmədə şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı, bu sahədə dövlətin və bələdiyyələrin səlahiyyəti, normativ-texniki sənədlər, informasiya təminatı sistemləri əksini tapıb. Sənədin ikinci bölməsi şəhərsalma, üçüncü bölməsi isə tikinti fəaliyyətini əhatələyir. 99 maddədən ibarət qanun layihəsində ərazi planlaşdırılması, tikinti fəaliyyətinin subyektləri, tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikinti obyektlərinin təhlükəsiz istismarı, tikintiyə icazənin verilməsi üçün icraat, icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikintilərin dövlət reyestri və digər məsələlər ətraflı şərh edilib.
Layihə barədə danışan Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev də məcəllənin ölkə iqtisadiyyatının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. 
Məlumat dinlənildikdən sonra layihə geniş müzakirə olundu. Deputatlar ölkəmizdə sürətli tikinti-quruculuq işlərinin getdiyi bir vaxtda belə bir Məcəllənin qəbuluna çox ehtiyac olduğunu diqqətə çatdırdılar.
Axşam iclasında  Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Sonra parlament Sədrinin birinci müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdəki “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verdi. Bildirdi ki, sənəddə ölkənin  silahlı qüvvələrində hərbi vəzifələrin və xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydaları müəyyənləşdirilib. 9 fəsil, 54 maddədən ibarət olan qanun layihəsində vətəndaşların hərbi qeydiyyatı, gənclərin hərbi xidmətə hazırlanması və çağırılması, ehtiyatda xidmət və başqa məsələlər öz əksini tapıb. Qeyd olundu ki, sənəddə parlamentdə birinci oxunuşda səslənən bir sıra məsələlər nəzərə alınıb və redaktə xarakterli dəyişikliklər edilib.
Çıxış edən deputatlar qanun layihəsini yüksək qiymətləndirdilər, müharibə şəraitində olan ölkəmiz üçün bu sənədin əhəmiyyətini xüsusi vurğuladılar. Millət vəkillərinin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci və üçüncü oxunuşlarda təsdiq edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU