MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
24 aprel 2020 | 07:04   
Paylaşın:        
Aprelin 24-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verdi.
Cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin komitə sədrləri Zahid Oruc, Səməd Seyidov, Qənirə Paşayeva, deputatlardan Məlahət İbrahimqızı, Vahid Əhmədov, Tahir Kərimli, Fazil Mustafa, Azay Quliyev, Sahib Alıyev, Rauf Əliyev, Jalə Əliyeva, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Razi Nurullayev, Bəhruz Məhərrəmov müxtəlif məsələlərlə bağlı fikirlərini açıqladılar.
 Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Əvvəlcə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənildi.
Məruzəni diqqətə çatdıran İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirdi ki, 2019-cu il uğurlu olub və bütün sahələrdə inkişaf təmin edilib. Ötən il iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində 100-dən çox fərman və sərəncam imzalanıb. 4,2 milyon vətəndaşı əhatə edən sosial paket həyata keçirilib. Bütün bu faktlar bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşlarının dayandığını təsdiq edir.
Ombudsman qeyd etdi ki, ötən il insan hüquqlarının etibarlı müdafiəsi baxımından da uğurlu olub. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Ombudsman Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əhatəli iş aparmış, müxtəlif tədbirlər həyata keçirmişdir.
2019-cu il ərzində Ombudsmanın ünvanına 25.500 müraciət daxil olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur. Ombudsman və əməkdaşlar tərəfindən aparatda və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali qrupları ilə görüşlər, həmçinin cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə, hauptvaxtlara, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışlar və başçəkmələr zamanı ümumilikdə 3013 şəxs qəbul edilmişdir.
Qeyd olundu ki, məruzədə Ombudsmanın mülki və siyasi, iqtisadi-sosial və mədəni hüquqların, əhali qruplarının hüquqlarının müdafiəsi ilə bağlı, o cümlədən  insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik iş, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində gördüyü işlər öz əksini tapmışdır.
Ombudsman öz çıxışında ölkədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində vəziyyəti geniş təhlil etdi, koronavirus pandemiyasına qarşı mübarizədə hökumətin həyata keçirdiyi tədbirlər, eyni zamanda insan hüquqlarının daha etibarlı müdafiəsi və səmərəli təmin edilməsi barədə fikirlərini bildirdi.
 Məruzə ətrafında müzakirələr zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Məlahət İbrahimqızı, Əli Məsimli, Tahir Kərimli, Aydın Mirzəzadə, Naqif Həmzəyev, Qüdrət Həsənquliyev, Azər Badamov məruzə ilə bağlı fikirlərini səsləndirdilər, sual və təkliflərlə çıxış etdilər.
Müzakirələr zamanı qeyd olunan məsələlərə münasibət bildirən Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırdı ki,  Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ildönümü münasibəti ilə dünən Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinə təbrik məktubu ünvanlanıb.
Sədr həmçinin qeyd etdi ki, dünən Türkiyə parlamentinin sədri Mustafa Şəntopla telefonla danışıb, Türkiyəli deputatları Milli Məclis adından təbrik edib.
Müzakirələrin sonunda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi səsə qoyularaq məqbul hesab edildi.
Fasilədən sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun və Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin məlumatları dinlənilərək "Torpaq icarəsi haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında",  
 "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə, "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ovçuluq haqqında" qanunlar və Torpaq Məcəlləsində, həmçinin "Elm haqqında", "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında", "Elm haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edildi. Bildirildi ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. 
  "Nəqliyyat haqqında", "Aviasiya haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Dəniz limanları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verdi. Bildirdi ki, bu dəyişiklik qanunların icrasının təkmilləşdirilməsi məqsədi ilə edilir. Bu dəyişiklik də səsə qoyularaq qəbul olundu. 
 Millət vəkilləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatını dinlədikdən sonra "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda, həmçinin Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanunlarda da uyğunlaşdırma xarakterli dəyişikliklər etdilər. 
  "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, təklif olunan dəyişiklik xaricdəki vətəndaşlarımızdan konsul əməliyyatları üçün tutulan bir sıra rüsumların 3-4 dəfə azaldılmasını nəzərdə tutur. Bundan başqa, 4 yeni rüsum da müəyyən olunur. 
Qanun layihəsi səsə qoyularaq  birinci oxunuşda qəbul edildi.   
 İclasda Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Ətraf mühitə dair informasiya almaq haqqında", "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara, Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə də dəyişiklik edilməsi haqqında məsələlər birinci oxunuşda qəbul edildi.  
 Deputatlar "Yol hərəkəti haqqında", "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də, həmçinin Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini də ikinci oxunuşda qəbul etdilər.   
Bildirildi ki, bu dəyişikliklər əməyin stimullaşdırılması ilə bağlıdır və büdcə vəsaitlərinin daha da güclənməsinə xidmət edir.  
 Məlumat verildi ki, Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" Qanuna təklif olunan dəyişikliklər isə vizaların verilməsinin əhatəsini genişləndirəcək və vizanın verilmə müddəti qısaldılacaq. Hər iki qanun layihəsi ikinci oxunuşda qəbul edildi.  
 İclasda "Dövlət satınalmaları haqqında", Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də,  həmçinin "Nağdsız hesablaşmalar haqqında" qanunlara dəyişiklik edilməsi haqqında qanun layihələri də ikinci oxunuşda qəbul edildi.  
Gündəlikdəki növbəti üç qanun layihəsini – Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim etdi. 
Bildirildi ki, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsinə dair qanun layihələri “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədardır. Qanun layihələri ölkədə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Kamal Cəfərov birinci oxunuşdan sonra nəzərə alınmış təklifləri diqqətə çatdırdı.
Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsində edilən dəyişiklik də 3 aprel 2019-cu il tarixli Prezident Fərmanı ilə əlaqədar olub, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının bu barədə ölkəmizin Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməsi vacibliyini ehtiva edir. 
Müzakirələrdən sonra bu üç qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
 Daha sonra deputatlar Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələni də səsə qoyaraq təsdiqlədilər.  
İclasda müxtəlif məsələlərin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova, deputatlardan Qüdrət Həsənquliyev, Rasim Musabəyov, Tahir Kərimli, Aydın Hüseynov, Erkin Qədirli, Rəşad Mahmudov, Arzu Nağıyev, Siyavuş Novruzov, Kamran Bayramov, Bəhruz Məhərrəmov, Əli Məsimli, Azay Quliyev, Məlahət İbrahimqızı, Azər Kərimli, Etibar Əliyev, Fəzail Ağamalı, Razi Nurullayev çıxış edərək öz fikirlərini bildirdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU