MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
30 aprel 2020 | 05:04   
Paylaşın:        

Aprelin  30-da  Milli Məclisin Mədəniyyət  komitəsinin növbəti onlayn iclası  keçirilib. İclası aparan komitə  sədri  Qənirə Paşayeva bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi  müzakirəyə  təqdim edilir.
Qeyd edilib ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub. Konvensiya 3 dekabr 1958-ci il tarixdə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilib,  23 noyabr 1961-ci ildə qüvvəyə minib və artıq 47 dövlət tərəfindən ratifikasiya edilib. Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər (kitablar, qəzetlər, dövri nəşrlər, xəritələr və planlar, reproduksiyalar, fotoşəkillər, musiqi əsərləri, brayl nəşrləri və s.) nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.
İclasda komitə  üzvləri Fazil Mustafa, Aqil Abbas, Ülviyyə  Ağayeva, Novruzəli Aslanov, Nizami  Cəfərov, Əziz  Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə  Həmzəyeva, Sabir  Rüstəmxanlı və  Mixail  Zabelin sənədin nəşrlərin dünya dövlətləri və xalqları arasında sərbəst yayılmasına şərait yaradılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıblar. 
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına  tövsiyə  edilməsi  qərara  alınıb.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU