MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 1-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verdi.
Əvvəlcə iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edildi. İclasda iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürüldüyünü bildirdi. Namizədin bioqrafiyası haqqında məlumat verən Ədalət Vəliyev Kamran Əliyevin fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, bu illər ərzində Milli Məclislə Baş Prokurorluq arasında sıx əməkdaşlıq olub. O, dedi ki, Kamran Bayram oğlu Əliyevin namizədliyini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitənin üzvləri dəstəkləyərək müsbət rəy veriblər. Belə bir fikir vurğulandı ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən də müsbət qarşılanır.
Səsvermə yolu ilə Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyi dəstəkləndi.
Sonra iclasda iştirak edən Kamran Əliyev çıxış edərək dedi: “Mənə yüksək etimad göstərdiyinə görə möhtərəm Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada qabaqcıl mövqelərdən birini tutub. Xalqın maraqlarının qorunması, hüquqi qaydaların qorunması, təhlükəsizliyin təminatına ciddi nəzarət Azərbaycan Prokurorluğu qarşısında da ciddi vəzifələr qoyur.
Bu yüksək kürsüdən bütün Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Prokurorluğu bundan sonra da hər zaman qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi sahəsində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcək, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəcəkdir.”
İclasda sonra Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinlənildi. Hesabatı təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov qeyd etdi ki, qurumun hesabatı qanunun tələblərinə uyğun hazırlanıb. 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, qurumun ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr hesabatda öz əksini tapıb.
Qeyd edildi ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihəsi, eləcə də dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisdən daxil olan qanun layihələrinə dair Hesablama Palatasının verdiyi rəylərdə həm icra, həm də layihə sənədləri ciddi təhlil edilib, mümkün risklər araşdırılıb, problemlər göstərilib və onların aradan qaldırılması məqsədilə tövsiyələr verilib.
Palata sədri məlumat verdi ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Yeni Qanunun tələblərinə uyğun olaraq 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib.
Palata sədri əlavə edib ki, ötən il Hesablama Palatası 561 nöqsan müəyyən edib. Əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrində baş verib. Mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular da üstünlük təşkil edib. Əvvəlki illə müqayisədə 2019-cu ildə nəticələr üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilib, nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb.
Bildirildi ki, 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib ki, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə və 335,4 min manat vəsait qurumların hesabına daxil olub.
Vüqar Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə geniş məlumat verib.
Daha sonra məsələ ilə bağlı müzakirələr aparıldı. Çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkillərindən Fazil Mustafa, Vahid Əhmədov, Malik Həsənov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Sahib Alıyev, Vüqar Bayramov, Erkin Qədirli, Əli Hüseynli, Razi Nurullayev və Sədaqət Vəliyeva hesabatdakı yenilikləri və mütərəqqi cəhətləri vurğuladılar, fikirlərini bildirdilər.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müzakirədə səslənmiş təkliflərə münasibət bildirdi, suallara cavab verdi.
Müzakirələrin sonunda Hesablama Palatasının 2019-cu ildəki fəaliyyətinə dair hesabatı səsə qoyularaq məqbul hesab edildi.
Fasilədən sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diploma verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Qeyd olundu ki, bu sənəd hər iki tərəf arasında dənizçilərə ixtisas şəhadətnamələrinin verilməsini nəzərdə tutur. Sənəd səsə qoyularaq qəbul edildi.
Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi haqqında sənədi də ətraflı şərh etdi. Qeyd olundu ki, Azərbaycan bu Protokola xüsusi qeyd-şərtlə qoşulub. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad edilməyincə və işğalın zərərləri tam aradan qaldırılmayınca Protokolda göstərilmiş heç bir hüquqi öhdəlik və müddəalar ölkəmiz tərəfindən Ermənistana tətbiq edilməyəcəkdir. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəlikdəki növbəti 3 məsələni - Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələləri üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Qeyd olundu ki, sənədlərdə aparılan dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Hər 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edildi.
Sonra iclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini, eləcə də Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədləri üçüncü oxunuşda təqdim etdi. Sənədlər səsə qoyularaq qəbul edildi.
İclasda Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda təsdiqləndi.
Tahir Mirkişili “Dövlət rüsumu haqqında” , “Dövlət satınalmaları haqqında" qanunlarda və Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə sənədləri üçüncü oxunuşda təqdim edərək bildirdi ki, sənədlərin əvvəlki oxunuşdakı müzakirəsindən sonra mətnlərdə heç bir dəyişiklik aparılmayıb. Qanun layihələri səsvermə yolu ilə təsdiqləndi.
Sonra “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verən Tahir Mirkişili qeyd etdi ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan verəcək. Sənəd təsdiq edildi.
Tahir Mirkişili “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərkən vurğuladı ki, sənəd ölkəmizdə və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsulluq əməliyyatlarının dövlət rüsumunun azaldılması ilə bağlıdır. Sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul edildi.
İclasda “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi də müzakirə edildi. Sənədi ikinci oxunuşda şərh edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, qanun sülhün və bəşəriyyətin təhlükəsizliyinin qorunması, Azərbaycanın milli təhükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması, tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir. Sənəd səsə qoyularaq təsdiq edildi.
“Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə (ikinci oxunuş) həm Ziyafət Əsgərov, həm də Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verdi. Layihənin mahiyyəti barədə məlumat verilərkən qeyd olundu ki, Azərbaycanda elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilmişdir. Mövcud layihə həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə bağlıdır. Sənəd səsə qoyularaq qəbul edildi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim etdi. Qeyd edildi ki, sənədlərə təklif olunan düzəlişlər “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliklər gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Sənədlə əlaqədar fikirlərini bildirən Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev bildirdi ki, “Bədən tərbiyəsi və idman haqqında” qanuna “Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilmir” bəndinin əlavə edilməsi nəzərdə tutulur. Bu dəyişiklikdən əvvəl yetkinlik yaşına çatmayan gənclər idman mərc oyunlarında iştirak edirdilər və buna görə hər hansı məhdudlaşdırıcı norma yox idi. Təbii ki, yetkinlik yaşına çatmayan gəncin mərc oyunlarında iştirak etməsinin onun üçün yarada biləcəyi çətinlikləri o dərk etmir. Mərc oyunlarında iştirak edir, burada o pul uduzur və ya borcu yaranır, sonra bu borcu ödəmək üçün məcbur olub başqa qanunazidd əməllər (oğurluq, soyğunçuluq, quldurluq) törədir. Bu kimi əməllərin nəticəsi sonda o gəncin, bəzi hallarda isə həmin ailələrin faciəsi ilə bitir. Bu dəyişikliklə yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakı məhdudlaşacaq. Mövcud dəyişikliklə yanaşı İnzibati Xətalar Məcəlləsinə 401.3-cü maddə əlavə edilir ki, bu yetkinlik yaşına çatmayanın idman mərc oyununda birbaşa və ya dolayı yolla iştirakına şərait yaradan şəxsin cəzalandırılmasını nəzərdə tutur. Belə ki, yetkinlik yaşına çatmayan gəncin idman mərc oyununda iştirak etməsinə şərait yaradacaq şəxs 500 manat məbləğində cərimələnəcək. Adil Əliyev bildirdi ki, mövcud layihələr gənclər sahəsində görülən işlərin genişləndirilməsinə, gənclərimizin ölkəmizə, dövlətimizə layiqli vətəndaş kimi yetişdirilməsinə, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə edilməsinə, pis vərdişlərdən çəkindirməyə hesablanıb.
Sənəd səsə qoyularaq qəbul edildi.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) sənədi şərh edərək bildirdi ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Layihəyə əsasən, adı çəkilən 5 qanunun 8 maddəsinə bir formulada dəyişiklik təklif olunur. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydalarının pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır. Ətraflı müzakirələrdən sonra qanun layihəsi səsvermə qolu ilə təsdiqləndi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev İnzibati Xətalar Məcəlləsində və 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli qanunla təsdiq edilmiş “Milli Məclisin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında sənədləri ikinci oxunuşda şərh etdi. Komitə sədrinin müavini bildirdi ki, bu qanun layihələri “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanının icrası ilə əlaqədardır. Sənədlər səsvermə yolu ilə təsdiqləndi.
İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim etdi. Layihə səsə qoyularaq təsdiq edildi.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda şərh etdi. Bildirildi ki, sənəd ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Prezident İlham Əliyev cari ilin 19 martında imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 10.2-ci bəndinin icrasıyla əlaqədar Nazirlər Kabineti 4 aprel 2020-ci il tarixdə Tədbirlər Planını təsdiqləyib. “Sosial sığorta haqqında” qanunda aparılan dəyişikliklər bu məsələlərlə əlaqədardır. Qanun layihəsi özündə bir sıra sahibkarlıq subyektlərində, fiziki və hüquqi şəxslər arasında sosial sığorta haqlarının azaldılması və bununla bağlı güzəştləri ehtiva edir. Sənəd səsə qoyularaq təsdiqləndi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsini də ilk oxunuşda müzakirəyə təqdim etdi. Bildirildi ki, koronavirus pandemiyası dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur. Pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir. Mikrosahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Qeyd edildi ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır. Ətraflı müzakirələrdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində və “Turizm haqqında” qanunda dəyişiklik edilməsi haqqında sənədləri (birinci oxunuş) təqdim etdi. Bildirildi ki, ölkə Prezidenti 2019-cu ilin aprel ayında “ASAN VİZA” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı fərman imzalamışdır. Artıq əsasnamədə edilən birdəfəlik və çoxdəfəlik asan vizaların, sürətlənmiş elektron vizanın və hava limanında alınan vizaların verilmə müddəti ilə bağlı dəyişikliklər qüvvədədir. Təklif olunan dəyişikliklər bu məsələlərin qanunlarda da öz əksini tapması məqsədi ilə edilib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi şərh etdi. Qeyd olundu ki, bu 28 dekabr 2018-ci ildə qəbul edilmiş “İcra haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edildi.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi: “Ölkə Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən köklü islahatlar ölkəmizin siyasi və ictimai həyatının bütün sahələrini əhatə etmişdir. Bu islahatların əsas məqsədlərindən biri də dövlət hakimiyyəti orqanlarının fəaliyyətini müasir dövrün çağırışları səviyyəsində qurmaqdır. Prezident Administrasiyası və Nazirlər Kabineti ilə yanaşı Milli Məclis Aparatında da struktur və kadr islahatlarının aparılması zərurəti yaranmışdı. Bununla əlaqədar mən cari ilin aprelin 2-də sərəncam imzalamışdım. Sərəncama əsasən Milli Məclis Aparatında və İşlər idarəsində çalışan dövlət qulluqçuları ştatdankənar elan olunmuş və yeni struktura uyğun ştat cədvəli təsdiq edilənədək onların öz fəaliyyətini əvvəlki ştat cədvəlinə uyğun davam etdirməsi nəzərdə tutulmuşdur. Ötən bir ay müddətində Aparatın və İşlər idarəsinin hər bir bölməsinin fəaliyyəti, hər bir əməkdaşın işi ətraflı və dərin təhlil edilmişdir. Artıq bu iş başa çatıb.
Mən dünən bir neçə yeni sərəncam imzalamışam. Bu sərəncamlara əsasən Milli Məclis Aparatının və İşlər idarəsinin yeni strukturu müəyyən edilmiş, yeni ştat cədvəli təsdiq edilmiş, dövlət qulluqçularının vəzifələrə təyinatları həyata keçirilmiş, bir sıra dövlət qulluqçuları ixtisar edilmişdir. İnanıram ki, həyata keçirilən bu islahatlar Parlamentin işinin daha səmərəli təşkil edilməsinə, qanun yaradıcılığı prosesinin təkmilləşməsinə kömək edəcəkdir.”
Bununla da Milli Məclis bugünkü işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti