HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Mayın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verdi.
Sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər barədə danışdı.
Bildirildi ki, bu gün ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Hüquq mühafizə orqanları və məhkəmə sistemində də bu istiqamətdə işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı 4 aprel 2019-cu il tarixli fərmanı bu islahatların yeni müstəvidə inkişafına təkan vermişdir. Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb.
Diqqətə çatdırıldı ki, son bir il ərzində Ali Məhkəmədə 9 hakimin səlahiyyət müddəti başa çatıb. Bununla əlaqədar Ali Məhkəmədə vakansiya yaranıb. Məhkəmənin bugünkü tələblərə cavab verməsi üçün bu ştatların komplektləşdirilməsi zəruridir.
Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sisteminin fəaliyyəti ətraflı təhlil edilib. Apelyasiya instansiyası məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi günün tələbidir. Bunları nəzərə alaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən Ali Məhkəmənin bəzi hakimlərinin Apelyasiya instansiyası məhkəməsinə keçirilməsi məsələsi qoyulub. Beş hakimin Ali Məhkəmədən azad edilərək, onlardan 4-nün Apelyasiya instansiyası məhkəməsində fəaliyyətini davam etdirməsi, bir nəfərin isə birinci instansiya məhkəməsinin hakimi kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir.
Qeyd edildi ki, Məhkəmə-Hüquq Şurası Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi üçün onun tərkibinin digər təcrübəli kadrlarla möhkəmləndirilməsi məsələsini önəmli hesab edir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə əsasən hüquq sahəsində 20 ildən çox təcrübəyə malik şəxslərin fəaliyyəti nəzərdən keçirilib və 3 nəfərin xüsusi qaydada Ali Məhkəməyə təyin edilməsi məsələsi qaldırılıb. Eyni zamanda Apelyasiya Məhkəməsinə bir sıra hakimin irəli çəkilməsi və 3 hakimin birinci instansiya məhkəməsinə keçirilməsi məqsədəmüvafiq hesab olunub.
Komitə sədri Əli Hüseynli öz çıxışında vurğuladı ki, son dövrlər ölkəmizdə yerli və mərkəzi icra hakimiyyəti orqanlarında, hökumətdə, parlamentdə islahatlar həyata keçirilir. Ölkə Prezidentinin məlum fərmanından sonra məhkəmə-hüquq sistemində də islahatlar dərinləşməyə başlayıb. Bu gün təqdim olunan təkliflər də bu islahatların tərkib hissəsidir.
İclasda çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Erkin Qədirli, Elşən Musayev, Kamal Cəfərov, Nurlan Həsənov ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini açıqladılar, təkliflərini səsləndirdilər. Deputatlar Ali Məhkəməyə və Apelyasiya Məhkəməsinə namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə düşüncələrini bölüşdülər.
Müzakirələrin sonunda gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti