Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində
Mayın 4-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə üçüncü oxunuşda iki qanun layihəsi daxil edilib.
Birinci məsələ - “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, sənədin ikinci oxunuşu zamanı verilən təkliflər nəzərə alınıb və redaktə xarakterli bəzi düzəlişlər edilib.
Sonra Ziyafət Əsgərov bildirib ki, ölkədə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilmişdir. Gündəlikdəki ikinci məsələ - “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə əlaqədardır.
İclasda çıxış edən deputatlar Hikmət Məmmədov və Aydın Mirzəzadə təqdim olunan məsələlər barədə öz fikirlərini açıqlayıblar.
Onlayn müzakirələrdə komitə üzvləri Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşir oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Arzu Nağıyev, Bəxtiyar Sadıqov, Nizami Səfərov iştirak ediblər.
Tədbirin sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin
Mətbuat xidməti