SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
21 sentyabr 2012 | 05:09   
Paylaşın:        

Sentyabrın 21-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İslası açan komitə sədri Hadi Rəcəbli   yaz və növbədənkənar  sessiyalar  zamanı görülən işlər  barədə məlumat verdi.  Bildirildi ki, ötən dövrdə komitənin  6 iclası keçirilib,  ölkədə  sosial  müdafiənin  inkişafında  xüsusi  əhəmiyyəti olan bir sıra qanunlar Milli Məclisin müzakirəsinə verilib. Bunlardan “Dağınıq  skleroz  xəstəliyinə  tutulmuş şəxslərə dövlət  qayğısı  haqqında” qanun layihəsini, “Psixatriya  yardımı haqqında”, “Pasiyentin  hüquqları  haqqında”, “Əhalinin  sağlamlığının qorunması haqqında” qanun layihələrinə, Ailə Məcəlləsinə edilən  dəyişikliklər barədə sənədləri misal  gətirmək olar. Hadi Rəcəbli onu da bildirdi ki, sessiyalar müddətində 360 nəfər vətəndaş qəbul edilib, komitəyə sosial yardım, pensiyaların artırılması, əmanətlərin qaytarılması, əlillərin mənzillə təmin olunması və digər  məsələlərlə əlaqədar  600-dən artıq  ərizə və şikayət  daxil olub. Onların müraciətləri əsasında  komitə  üzvləri bütün mümkün olan köməkliyi  göstərmişlər. 
Komitə sədri  payız sessiyasının qanunvericilik işləri planı  barədə  də söhbət  açdı. Qeyd olundu ki, komitə cəmiyyətdən gələn sosial sifarişləri nəzərə almış, bu yöndə müvafiq qanun layihələri hazırlamışdır. Bu sənədlər parlamentin payız sessiyasının müzakirəsinə təqdim olunacaqdır. Sessiya müddətində “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsi müzakirə oluna bilər. Sənəddən mübahisə doğuran bəzi maddələrin çıxarıldığı qeyd  olundu.

Hadi Rəcəbli  payız sessiyası ərzində  komitədə “Valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət  qayğısı  haqqında”, “Sosial  sifariş haqqında”, “Gənc  ailələrin  sosial müdafiəsi haqqında” qanun layihələrinin  hazırlanacağını qeyd etdi. 
Deputatlar  müzakirə olunan  məsələlərə münasibət bildirdilər.


                                                                                                             Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU