MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 5-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. İclasda xanım Spiker bildirdi ki, gündəliyə 11 məsələ daxil edilib.
Gündəlik təsdiqləndikdən sonra parlament Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi, bir sıra məhkəmələrin hakimlərinin isə vəzifədən azad olunması haqqında məsələlərə baxdı. Hər üç məsələni parlamentə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi.
Bildirildi ki, Azərbaycan Prezidenti tərəfindən Konstitusiyaya müvafiq olaraq və Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınmaqla Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin vəzifəyə namizədliyi irəli sürülüb. Bu məsələ komitənin iclasında ciddi müzakirə olunub, son dövrlərdə məhkəmə-hüquq islahatları çərçivəsində görülən işlər təhlil edilib. Komitə üzvləri mövcud vəziyyət, hakim korpusunun fəaliyyəti, problemlər, islahatların gələcəyi barədə hakimliyə namizədlərlə birgə qarşılıqlı fikir mübadiləsi aparıblar.
I vitse-spiker deputatlara məlumat verdi ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Prezident Fərmanının icrasıyla əlaqədar son dövrlər 40-dan çox yeni normativ akt layihəsi hazırlanıb, həmin sənədlərin çoxu Milli Məclis tərəfindən artıq qəbul olunubdur. Eyni zamanda ölkəmizdə bu dövr ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu il yanvar ayının 1-dən fəaliyyətdədir. Hakimlərin təminatının yaxşılaşdırılması, ölkədə vahid məhkəmə təcrübəsinin yaradılması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Hakim ştatlarının sayı 200 vahid artırılıb, onların seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçimin aparılması proseduru yaradılıb.
Əli Hüseynli hakimliyə namizədlər barədə ətraflı məlumat verdikdən sonra deputatlar Siyavuş Novruzov, Aydın Mirzəzadə, Musa Quliyev, Sadiq Qurbanov, Vahid Əhmədov, Hicran Hüseynova, Səməd Seyidov namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə düşüncələrini bölüşdülər.
Səsvermə keçirildi. Milli Məclis Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abiddin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev, İspəndiyar Şəfiyev, Aqil Abbasov, Ələsgər Novruzov, Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimi təyin olunmasına razılıq verdi.
Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərov, Ramin Qurbanov, Ziya Şirinov, Anar Tanrıverdiyev, Emin Mehdiyev, Rəşad Həsənov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edildilər.
Aslan Kalbalıyev Ali Məhkəmənin, İlham Əhmədov Bakı Apellyasiya Məhkəməsinin, Fehruz Abbasov Şirvan Apellyasiya Məhkəməsinin, Mübariz Hüseynov isə Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifələrindən azad olundular.
Plenar iclasda gündəlikdəki növbəti məsələlərin müzakirəsinə keçməzdən əvvəl günün aktual məsələlərinə münasibət bildirildi.
Öncə Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında dünən keçirilən Zirvə görüşünə diqqət yönəltdi. Qeyd etdi ki, videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunmuşdu.
Xanın Spiker vurğuladı ki, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə qatılması bir daha Azərbaycanın və onun liderinin beynəlxalq nüfuzunun çox yüksək olduğunu göstərdi.
Qeyd etdi ki, pandemiya şəraitində ölkələr və təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Bu qlobal bəlanın yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də qarşısında duran ən mühüm vəzifələrdən biridir. Ona görə də hesab edirəm ki, möhtərəm Prezidentimizin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik baxımından çox vacibdir və bütün dövlətlərin səylərinin birləşdirilməsinə daha bir çağırışdır.
Çıxışının yekununda Sahibə Qafarova əminliklə qeyd etdi ki, Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır.
Sonra iclasda Fazil Mustafa, Musa Qasımlı, Razi Nurullayev, Azay Quliyev, Sabir Rüstəmxanlı, Sahib Alıyev, Elman Nəsirov, Əli Məsimli, Siyavuş Novruzov, Qənirə Paşayeva, Zahid Oruc bir sıra cari məsələlərə toxundular, rəy və təkliflərini bildirdilər.
Gündəlikdəki növbəti beş məsələ beynəlxalq sənədlərin təsdiqi haqqında qanun layihələri idi. “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini Milli Məclisə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim etdi. Bildirdi ki, bu Konvensiya 3 dekabr 1958-ci ildə Parisdə YUNESKO tərəfindən qəbul edilib, 23 noyabr 1961-ci ildə qüvvəyə minib və indiyədək 47 dövlət tərəfindən ratifikasiya edilib. Konvensiyanın 14-cü maddəsinə əsasən dövlətlər bu sənədi öz milli qanunvericiliklərinə uyğun qəbul və ya ratifikasiya edirlər. Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.
Komitə sədri vurğuladı ki, Azərbaycan bu Konvensiyaya xüsusi qeyd-şərtlə qoşulur və bəyan edir ki, YUNESKO-nun “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyasının müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan tərəfindən tətbiq olunmayacaqdır. Həmçinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə (Azərbaycanın Dağlıq Qarabağ regionunda və ona bitişik 7 rayonunda) həmin ərazilər işğaldan azad edilənədək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermir.
Fikir mübadiləsində deputatlar Musa Qasımlı, Etibar Əliyev, Jalə Əliyeva, Əli Hüseynli sənədin əhəmiyyətindən bəhs etdilər. Qanun layihəsinin təqdimatı və müzakirəsi zamanı YUNESKO ilə .əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd olundu. Milli Məclis Konvensiyanın ratifikasiyasına razılıq verdi.
Gündəlikdəki növbəti 3 qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdi. Bildirdi ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiqinə dair qanun layihəsi ölkənin suveren iqtisadi maraqlarına xidmət edir. Məlumat dinlənildikdən sonra sənəd səsə qoyuldu və qəbul edildi.
Deputatların nəzərinə çatdırıldı ki, “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” sənəd üzv ölkələrin ümummilli maraqlarını daha da önə çəkmək məqsədi daşıyır.
Bildirildi ki, Azərbaycan bu sənədə də qeyd-şərtlə qoşulur. Sazişdə əks olunmuş hüquqların, öhdəliklərin və müddəaların heç biri Ermənistana münasibətdə və Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyətə münasibətdə torpaqlarımız Ermənistan tərəfindən işğaldan azad olunana və təcavüzün nəticələri tam aradan qaldırılanadək tətbiq edilməyəcəkdir.
Deputatlar bu Protokolun müvafiq qeyd-şərtlə təsdiq edilməsini məqsədəuyğun saydılar.
“1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında” qanun layihəsi barədə danışan Tahir Mirkişili vurğuladı ki, bu Protokolun əsas məqsədi razılığa gələn dövlətlərin daxili bazarlarının, ticarətinin və investisiya fəaliyyətinin inkişafıdır. İndiki halda bu sənədə qoşulmaq böyük əhəmiyyət kəsb edir.
Səsvermə zamanı deputatlar bu sənədi də dəstəklədilər. Onu da qeyd edək ki, ölkəmiz bu sənəd üzrə də bəyanatla çıxış edib və Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə (Azərbaycanın Dağlıq Qarabağ regionunda və ona bitişik 7 rayonunda) bu Protokolun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad edilənə və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermədiyini bildirib.
Plenar iclasda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsini təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin əhəmiyyətini xüsusi vurğuladı. Azərbaycanın milli maraqlarına cavab verdiyini bildirdi. Deputatlar Rauf Əliyev və Aydın Mirzəzadənin fikirləri dinlənildi. Anlaşma Memorandumu ratifikasiya olundu.
Bugünkü iclasda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də (üçüncü oxunuş) baxıldı və qanun üçüncü oxunuşda qəbul edildi.
Parlamentə bir zərfdə daxil olmuş növbəti iki qanun layihəsi koronavirus pandemiyasından irəli gələn məsələlərlə əlaqədar idi. Öncə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məlumat verdi. Layihə əsas kimi qəbul edildi və müzakirə başlandı. Deputatlar Əli Məsimli, Azər Badamov fikirlərini bölüşdülər. Qanun layihəsi öncə maddə-maddə, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
Plenar iclasın yekununda koronavirus pandemiyası ilə əlaqədar Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsinə (ikinci oxunuş) baxıldı. Komitə sədri Tahir Mirkişilinin məlumatı dinlənildi. Məcəlləyə edilən dəyişikliklərin cəmiyyətdə çox geniş müzakirə olunduğu bildirildi. Qeyd edildi ki, təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.
İkinci oxunuşda müzakirəyə çıxarılmış qanun layihəsi öncə əsas kimi qəbul edildi. Fikir mübadiləsində Əli Məsimli, Razi Nurullayev, Mahir Abbaszadə rəy və təkliflərini bildirdilər. Qanun layihəsi əvvəlcə maddə-maddə, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti