PARLAMENT KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
06 may 2020 | 01:05   
Paylaşın:        

Mayın 6-da Milli Məclisin İnsan hüquqları, Hüquq  siyasəti  və  dövlət  quruculuğu komitələrinin   birgə iclası   keçirildi.
 İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.
Qeyd olundu ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsinin vacibliyindən irəli gəlir. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydaların pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır. Layihəyə əsasən, adı çəkilən 5 qanunun müvafiq  maddələrində bu qəbildən dəyişikliklər aparılır və bu dəyişikliklərdən irəli gələn məsuliyyət  İnzibati Xətalar Məcəlləsində nəzərə  alınacaq.
Milli Məclis Sədrinin birinci müavini,  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədri Əli Hüseynli bildirdi ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanı Azərbaycan dilinin hüquqi statusunun qorunmasıyla bağlı mühüm vəzifələr qoyub. Təklif edilən dəyişikliklər  məhz bu  fərmanın icrasıyla əlaqədardır  və  ölkəmizdə dövlət dilinin saflığının qorunmasına xidmət edəcək. Qeyd  olundu ki, dəyişikliklər birinci və ikinci oxunuşda Milli Məclisin iclasında ətraflı müzakirə olunub, deputatlar dəyişikliklərin mahiyyəti barədə fikirlərini bildiriblər, irad və təkliflər  səslənib.
İctimai müzakirələr zamanı deputatlar - Hikmət Məmmədov, Erkin Qədirli,  Nizami Cəfərov,  Nurlan  Həsənov,  Nigar Arpadərai, Fəzail Ağamali,  Fazil Mustafa, Tahir Kərimli,  Kamal Cəfərov, Arzu Nağıyev, Elşən Musayev, Milli Məclis Aparatının Dövlət  quruculuğu  üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyidzadə sənədlərlə  bağlı fikirlərini açıqladılar.
İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutundan  dəvət  edilən mütəxəssislər və reklam şirkətlərinin nümayəndələri deputatların səsləndirdikləri fikirlərə münasibət bildirdilər,  reklam lövhələrində və video-çarxlarda  Azərbaycan dili normalarının pozulması hallarının yolverilməz olduğunu  vurğuladılar.

 

 Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU