QƏLƏBƏNİN 75-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ VİDEOKONFRANSDA

Sədrin çıxışları
07 may 2020 | 06:05   
Paylaşın:        

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib.
Sədr diqqətə çatdırdı ki, bu günlərdə hamımız üçün çox əlamətdar olan tarixi bir günü – Qələbə Gününü qeyd edirik.
Biz öz ölkəsinin azadlığı uğrunda canlarından keçmiş insanları böyük minnətdarlıq hissi və ağrı ilə xatırlayırıq. Mənim ölkəmin, Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  çıxışlarından birində söylədiyi fikir yada düşür: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya Müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur”.
Sədr xatırlatdı ki, Sovet İttifaqında, haqlı olaraq, əsas yanacaq tədarükçüsü kimi tanınan Azərbaycan Qızıl Ordunun çox güclü yanacaq bazasına çevrilmişdi. Böyük Vətən Müharibəsində Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərmişdir ki, bu da böyük Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan milli diviziyaları alman-faşist qoşunlarının darmadağın edilməsində: 77-ci diviziya  Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında böyük rol oynamış, məşhur 416-cı Taqanroq Azərbaycan milli diviziyası isə Qafqazdan Berlinədək şanlı yol keçmişdir.
Sədr qeyd etdi ki, 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüşdür.
30 nəfər “Şərəf” Ordeninin hər üç dərəcəsi ilə, 170 min insan isə müxtəlif orden və medallarla təltif olunmuşdur. Bu statistik göstəricilər Azərbaycan xalqının qəhrəmanlığını bir daha təsdiqləyir. 
O illərdə Azərbaycan zəhmətkeşləri böyük fədakarlıq göstərmişlər. Arxa cəbhədə, Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Əlbəttə ki, bu, Qələbənin qazanılmasına böyük töhfə olmuşdur.
Sədr təəssüflə onu da bildirdi ki, son zamanlar bir sıra qüvvələr  İkinci Dünya Müharibəsində Hitler qoşunlarının darmadağın edilməsində Sovet İttifaqının rolunu inkar etməyə cəhd edirlər. Bu qəbuledilməz və yolverilməzdir. Biz, siyasətçilər, o cümlədən dünya ictimaiyyəti həqiqətin qorunmasında əzmli olmalıyıq.
Sədr qeyd etdi ki, bu gün neofaşist meyllərin güclənməsi haqlı narahatlıq yaradır. Axı, bizə elə gəlirdi ki, faşist ideologiyası ilə birdəfəlik qurtarılıb və bir daha bu hal təkrarlanmayacaq. Ancaq təəssüf ki, biz görürük ki, tarixin saxtalaşdırılması ilə yanaşı, faşizmin və onun təhrikçilərinin  qəhrəmanlaşdırılması prosesi gedir. Məsələn, Ermənistan Respublikasında nasist Qaragin Njdeyə milli qəhrəman kimi abidənin ucaldılması faktı bizi narahat etməyə bilməz. Biz hesab edirik ki, faşizm bütün bəşəriyyət tərəfindən qınanıldığına görə belə hallara dözümlülük göstərmək olmaz.
Biz qəlbən inanırıq ki, bu müharibədə şərəfli döyüş yolu keçmiş əsgərlərin xatirələrdən silinməyən qəhrəmanlığı və şücaəti gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.
Sədr vurğuladı ki, bizim ölkəmizdə İkinci Dünya Müharibəsi veteranlarına diqqət  və hərtərəfli qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müharibə veteranlarına qayğının göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanmış çoxsaylı sərəncamlar buna parlaq misaldır.
Sədr qeyd etdi ki, bu günlərdə Azərbaycan Respublikasının  Milli Məclisi tərəfindən “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalının təsis edilməsi ilə əlaqədar qanun qəbul olunmuşdur.
Sədr çıxışının sonunda tədbir iştirakçılarını yaxınlaşmaqda olan Böyük Qələbə Günü münasibəti ilə təbrik etdi, ölkələrinə sülh və əmin-amanlıq arzuladı!
Videokonfransda  çıxış edən Belarus, Özbəkistan, Qırğızıstan, Moldova Respublikalarının parlament sədrləri və digər iştirakçılar Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə öz fikirlərini söylədilər. 
Bununla da Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans başa çatdı.

Milli Məclis Aparatının
Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU