MİLLİ MƏCLİSİN GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ

Komitə iclasları
07 may 2020 | 04:05   
Paylaşın:        

Mayın 7-də Milli Məclisin Gənclər və İdman komitəsinin onlayn iclası keçirilib. İclası Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev aparıb.
Tədbirdə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.
İclasda “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Müzakirələr zamanı dövlətimiz tərəfindən gənclərə, xüsusilə də əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan danışılmış, bunun davamı kimi qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. Belə ki, qanunveriricilikdə nəzərdə tutulmuş “əlil” sözü Azərbaycan Respublikasının 2008-ci ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılmış, habelə əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsi ilə əlaqədar dəyişikliklər edilməsi təklif edilmişdir.
İclasda Qanun layihələri ilə yanaşı Milli Məclisin Gənclər və İdman komitəsinin hesabatının qısa icmalı da Komitə üzvlərinə təqdim edilmiş, gələcək perspektivləri müzakirə edilmişdir.
Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU