AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
12 may 2020 | 03:05   
Paylaşın:        
Mayın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Tahir Rzayev məlumat verdi ki,  gündəlikdə parlamentə bir zərfdə daxil olmuş 4 qanun layihəsi var.
Qeyd olundu ki, həmin qanun layihələrindəki “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” və “Atçılıq haqqında” qanunlarda, həmçinin Torpaq Məcəlləsində dəyişiklik edilməsinə dair məsələlər Aqrar siyasət komitəsinə aiddir. Təqdim edilmiş qanun layihələrinin hamısı uyğunlaşdırma xarakteri daşıyır və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli qanunun tətbiqi məqsədi ilə hazırlanıb. Adı çəkilən qanunlarda bir sıra terminlər dünya təcrübəsinə uyğun olaraq dəqiqləşdirilib, “əlil” ifadəsi “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi isə “əlillik dərəcəsi” ifadəsi ilə əvəzlənib;  “qüsur” sözü əvəzinə “pozuntu” sözündən, “lal, kar, kor” sözləri əvəzinə  “görmə, eşitmə və nitq qabiliyyəti məhdud” ifadələrindən istifadə edilib. Tahir Rzayev vurğuladı ki, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ölkəmizdə yürüdülən dövlət siyasətinin mühüm prinsiplərindəndir.
Müzakirə zamanı deputatlar Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Aydın Hüseynov, İqbal Məmmədov, Eldəniz Səlimov, Müşfiq Cəfərov, Emin Hacıyev, komitənin sədr müavini Sabir Hacıyev rəy və təkliflərini bildirdilər. Çıxışlarda vurğulandı ki, ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun  inkişafında aqrar sahənin rolu böyükdür. Müstəqillik dövründə  parlamentdə aqrar sahəyə dair 300-ə yaxın məsələ müzakirə olunub, qanunvericilik aktlarının hazırlanmasında deputatlar yaxından iştirak ediblər.  Həmin qanunlar ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır.  
Fikir mübadiləsində “Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”,  “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi vacib sayıldı. 
Deputatlar “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunlarda və 1997-ci ilin 3 oktyabrında təsdiqlənmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsinə müsbət münasibət bildirdilər.  
İclasda “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi razılıqla qarşılandı.
Komitə üzvləri Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mülki- Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsini  məqsədəuyğun saydılar.
Müzakirələrin yekununda baxılan qanun layihələrinin dördü də  Milli Məclisin plenar iclasına tövsiyə olundu.  

Milli Məclis Aparatının
Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi 




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU