ELM VƏ TƏHSİL KOMİTƏSİNİN ONLAYN İCLASINDA

Komitə iclasları
12 may 2020 | 06:05   
Paylaşın:        
Mayın 12-də  Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Komitənin sədri Bəxtiyar Əliyev  bildirib ki, gündəlikdə “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi var. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanından irəli gələn məsələlərlə əlaqədar hazırlanmışdır. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır. 
“Dövlət rüsumu haqqında”  Qanuna təklif olunan dəyişikliklər isə “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.
Onlayn iclasda çıxış edən komitə üzvləri Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev və İsa Həbibbəyli qanun layihəsinin qəbulunun vacibliyindən danışdılar. 
İclasda komitə üzləri Musa Qasımlı, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli və Fatma Yıldırım iştirak edirdilər.
İclasın sonunda gündəlikdəki məsələ yekdilliklə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin Mətbuat 
və ictimaiyyətlə əlaqələr
şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU