Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib. Videoqəbulda millət vəkili secicilərin xəstəliyə görə müavinətlərin təyin olunması, Şəmkirdə sosial evlərin tikilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların asfalt örtüyünün yenilənməsi, "Varlı həyat" kəndinin qazlaşdırılması, Çinarlı qəsəbəsi 1 saylı orta məktəbin binasının əsaslı təmiri və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Videoqəbulda seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün görüşdə iştirak edən İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Bir sıra digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.
Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək, Şəmkir rayonunda da sosial infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, dövlətimizin başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir, bununla bağlı mühüm tədbirlər həyata keçirilir. Həmçinin bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur, yüksək qiymətləndirilir.
Videoqəbulda millət vəkili S.Qafarovanın seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olduğu, onun istər Milli Məclisin plenar iclaslarında çıxışları zamanı, istərsə də müvafiq dövlət qurumlarına müraciətlərində seçicilərin qaldırdıqları məsələlərin əks olunduğu vurğulanıb.
S.Qafarova videoqəbulda iştirak edən bütün seçiciləri ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyə, mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.
Millət vəkili qarşıdan gələn Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə seçiciləri təbrik edib, videokonfrans vasitəsilə görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi