“Hərbi qulluqçuların statusu haqqında” Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaqdır

Komitə iclasları
25 sentyabr 2012 | 05:09   
Paylaşın:        

Sentyabrın 25-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi.
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov əvvəlcə yaz və növbədənkənar sessiyalar zamanı görülən işlər barədə məlumat verdi. Bildirdi ki, hesabat dövründə komitə məhsuldar işləmiş, keçirilən iclaslarda müzakirə olunmuş dörd qanun layihəsi Milli Məclisdə qəbul edilmişdir. Həmçinin, vətəndaşların müraciətlərinə baxılmış və onlara lazımi köməklik göstərilmişdir.
Komitənin payız sessiyasında da gərgin işləyəcəyini vurğulayan Z.Əsgərov diqqətə çatdırdı ki, payız sessiyasının qanunvericilik işləri planına “Hərbi qulluqçuların statusu haqqında” və “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihələri daxil edilmişdir. Hər iki qanun layihəsi müvafiq qurumlarla birlikdə müzakirə ediləcək və alınmış  rəylər əsasında təkmilləşdiriləcəkdir.
Müzakirələr zamanı komitə üzvləri qanun layihələri barədə rəy və təkliflərini bildirdilər, sənədlərin əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsində hərbiçilərimizin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi əksini tapacaqdır.
Sonda komitənin payız sessiyasının qanunvericilik işləri planı təsdiq edildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU