MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər. Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, komitə sədrləri Səməd Seyidov, Hicran Hüseynova, Tahir Rzayev, Qənirə Paşayeva, Sadiq Qurbanov, deputatlardan Fazil Mustafa, Soltan Məmmədov, Elman Nəsirov, Razi Nurullayev, Şahin İsmayılov, Tural Gəncəliyev, Sahib Alıyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Ramin Həsən, Cavanşir Paşazadə, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Nəsib Məhəməliyev, Aqiyə Naxçıvanlı ölkə gündəmindəki önəmli məsələlərdən söz açdılar. Çıxışlarda aqrar sahədə vəziyyət, kənd təsərrüfatının inkişafına dəstəyin artırılması, suvarma sistemlərinin yenilənməsi, qanunların icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi, sosial şəbəkələrdəki mövcud qanunsuzluqların aradan qaldırılması barədə fikirlər səsləndirildi.
Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (3-cü oxunuş) müzakirəsinə başlanıldı. Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirdi ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarının qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.
Fəzail Ağamalı sənədin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputat həmkarları tərəfindən səsləndirilən təkliflərə münasibətini bildirdi, işçi qrupu tərəfindən dəyərləndirilən təkliflər barədə danışdı. Qanun layihəsi səsə qoyularaq 3-cü oxunuşda qəbul edildi.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verdi. Bildirildi ki, qanun layihəsinin 2-ci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı millət vəkillərinin verdikləri dəyərli təkliflərə işçi qrupu tərəfindən baxılıb. Komitə sədri vurğuladı ki, dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edir, ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.
İclasda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə də (3-cü oxunuş) baxıldı. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirdi ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli qanununun icrası ilə əlaqədar hazırlanıb. Deputat bildirdi ki, qanunun əvvəlki oxunuşlarda parlamentdə müzakirələri zamanı millət vəkilləri tərəfindən heç bir yeni təklif qeydə alınmamışdır. Bu sənəd də səsvermə yolu ilə qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin Mətbuat və
İctimaiyyətlə əlaqələr şöbəsi