VYETNAM MİLLİ ASSAMBLEYASI AZƏRBAYCANA TİBBİ MASKALAR GÖNDƏRİB

Tədbirlər
04 iyun 2020 | 01:06   
Paylaşın:        
İyunun 4-də Milli Məclisdə Vyetnam Milli Assambleyasının Sədri xanım Nquyen Txi Kim Nqan tərəfindən göndərilmiş tibbi maskaların təqdimat mərasimi oldu. 
Mərasimdə Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Eldar Səlimov bildirdi ki, Azərbaycanla Vyetnam arasında zəngin tarixi köklərə əsaslanan dostluq əlaqələri mövcuddur. Müasir dövrdə iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan hökumətlərarası sazişlər, Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyinin və parlamentlərarası dostluq qruplarının fəaliyyətləri səmərəli əməkdaşlığa təkan verib.
XİN təmsilçisi qeyd etdi ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Azərbaycanda olduğu kimi, Vyetnamda da mübarizə aparılır, gərəkli addımlar atılır. Bu baxımdan dost ölkədə əldə olunan nəticələr bizi sevindirir. Vyetnam Milli Assambleyası tərəfindən  Azərbaycan Milli Məclisinə tibbi maskaların təqdim edilməsi tərəfimizdən yüksək qiymətləndirilir.
Sonra görüşdə Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli çıxış etdi. Koronavirus pandemiyasının dünyanın bütün ölkələrinə, insanlara vurduğu ziyandan danışdı. Bu infeksiyaya qarşı mübarizədə bütün ölkələrin öz səylərini birləşdirməsinin səmərəli nəticələr verdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına və bir sıra ölkələrə pandemiya ilə mübarizədə öz töhfəsini verib. 
İşçi qrupun rəhbəri dedi ki, qarşılıqlı əməkdaşlıq kontekstində Vyetnamla Azərbaycan arasında olan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ekstremal şəraitdə Vyetnam parlamentinin Azərbaycan parlamentinə 20 min tibbi maska göndərməsi bunun bariz nümunəsidir.
Deputat qeyd etdi ki, hələ sovet dövründə minlərlə vyetnamlı gənc Azərbaycanın ali məktəblərində təhsil alıb. Onlardan bir çoxu hazırda Vyetnamda yüksək postları, məsul vəzifələri tuturlar, Milli Assambleyanın deputatı olanlar var. Həmin şəxslər Azərbaycanın məzunu kimi ölkəmizlə daim səmimi dostluq əlaqələri saxlayırlar. Azərbaycan parlamentinin 100 illik yubileyində də Vyetnam parlamenti böyük nümayəndə heyəti ilə iştirak etdi. 
Çıxışını yekunlaşdıran Əli Məsimli Azərbaycan-Vyetnam parlamentlərarsı əlaqələr üzrə işçi qrupu adından 20 min tibbi maskanın Azərbaycana göndərilməsinin təşəbbüskarı olan Vyetnam Milli Assambleyasının rəhbərliyinə təşəkkürünü bildirdi.
Təqdimat mərasiminin yekununda Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov Vyetnam parlamentarlarının dost köməyinə, maskaların təqdimatına görə təşəkkür etdi. Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın imzaladığı təşəkkür məktubunu Vyetnam Sosialist Respublikası Milli Assambleyasına çatdırılması üçün XİN nümayəndələrinə təqdim etdi.  
İlkin Məmmədov bildirdi ki, Milli Məclisin Sədri bu dəstək addımını COVID-19 pandemiyası ilə qlobal miqyasda mübarizə aparıldığı dövrdə Azərbaycan və Vyetnam xalqları arasında olan dostluğun və həmrəyliyin nümayişi kimi qiymətləndirib və vyetnamlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Təqdimat mərasimində Xarici İşlər Nazirliyinin Asiya idarəsinin Cənub-şərqi Asiya, Avstraliya və Okeaniya şöbəsinin müdiri Vasif Abutalıbov iştirak edirdi. 


Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU