MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirdi ki, dünən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı yayılıb.
Son vaxtlar vətəndaşların əksəriyyəti karantin rejiminin tələblərinə əməl etmədiyinə görə ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət pisləşib, xəstəliyə yoluxanlar ilə sağalanlar arasında ciddi fərq yaranıb.
Spiker vurğuladı ki, bununla əlaqədar karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınıb. Şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Əhalidən xüsusi karantin rejiminin tələblərinə əməl etmək tələb olunub.
Sahibə Qafarova bildirdi ki, yaranmış vəziyyətlə əlaqədar mən də deputatlardan, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin rejiminin tələblərinə ciddi riayət etsinlər, müəyyən edilmiş yerlərdə hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etsinlər, sanitariya-gigiyena qaydalarına əməl etsinlər. Mən düşünürəm ki, bizim işimizi işıqlandıran media nümayəndələrinin də bu tövsiyələrə əməl etməsi yaxşı olardı.
Spiker öz çıxışında daha sonra dedi ki, iyunun 3-də möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti bu virusa qarşı mübarizədə bütün lazımi tədbirləri həyata keçirir. Möhtərəm Prezidentin Ağcabədidə “Asan həyat” kompleksinin açılışında qeyd etdiyi kimi Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir. Beynəlxalq ictimaiyyət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib.
Çıxışının sonunda Sədr xüsusi qeyd etdi ki, bu tədbirlər onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onun sağlamlığı hər şeydən önəmlidir.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırdı ki, gündəliyə 4 məsələ daxil edilib. Gündəlik təsdiq edildikdən sonra deputatlar cari məsələləri müzakirə etdilər.
Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Aqil Abbas, Naqif Həmzəyev, Vahid Əhmədov, komitə sədri Siyavuş Novruzov, deputat Ceyhun Məmmədov, komitə sədri Zahid Oruc, millət vəkili Bəhruz Məhərrəmov ölkə həyatının müxtəlif sahələrində son vaxtlar baş verən hadisələr barədə fikirlərini açıqladılar, təmsil etdikləri dairələrdə seçicilərlə keçirdikləri görüşlərdən danışdılar. Deputatlar öz çıxışlarında yeni növ koronovirus (Covid-19) pandemiyası ilə mübarizə sahəsində karantin dövründə dövlət və parlament tərəfindən həyata keçirilən çevik tədbirlərin vətəndaşlar tərəfindən müsbət qarşılandığını söylədilər.
Sonra iclasın gündəliyinə daxil edilən məsələlərə baxıldı.
Əvvəlcə, Spiker Sahibə Qafarova Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə məlumat verdi. Bildirildi ki, Komissiyanın Əsasnaməsinə görə onun 5 üzvü Milli Məclis tərəfindən təyin edilməlidir. Qeyd edildi ki, namizədlər səriştəli və prinsipial şəxslərdir, cəmiyyətdə nüfuz sahibi olan insanlardır.
Qərar layihəsi səsə qoyularaq qəbul edildi.
Qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilirlər.
İclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda təqdim olundu.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili bildirildi ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub.
2019-cu ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. Qanun layihəsi və hesabat tərəfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilib və bu rəy palata tərəfindən komitə üzvlərinə təqdim olunub.
Qeyd edildi ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. İndiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdır. Təsadüfi deyil ki, Dünya Bankı da “Doing Business 2019” hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan edib.
Ötən müddətdə qeyri-neft sənayesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əmək haqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub. Azərbaycanda 2018-ci ilə nisbətən iqtisadi artım 0.7% sürətlənərk 2019-cu ildə 2.2%-ə çatıb. Qeyri neft sektoru üzrə iqtisadi artım isə 3.5% təşkil edib. 2019-cu ildəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Ümumiyyətlə qeyri neft sektorunu ÜDM-dəki payı 2018-ci ildəki 58.3%-dən 2019-cu ildə 61.7%-ə qalxmışdır. Ölkədə əmək haqqı fondunun ÜDM-də payının artırılaraq 6.1%-ə çatması təqdirəlayiq haldır.
2019-cu ildə ölkəni strateji valyuta ehtiyatları artaraq 51.4 milyard dollar təşkil edib, bu da ÜDM-in həcmindən çoxdur. 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar balansında 4.3 milyard manat həcmində profisit qeydə alınıb.
Xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi 2019-cu ildə də xüsusi əhəmiyyət kəsb edib. Ölkə Prezidenti İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının sonuncu “Doing Business”, biznes üçün şərait hesabatında yüksək qiymətə layiq görülüb ölkəmiz 190 ölkə arasında 25-ci yerə yüksəlib.
İqtisadi artıma digər dəstək istiqaməti olaraq sahibkarlar üçün 2019-cu ildən vergi yükünün azaldılması ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Bunların arasında ən nəzərəçarpanı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin muzdlu işdən aylıq gəlir vergisindən 7 il müddətində azad edilməsi, mikro sahibkarlıq subyeklərinin vergiyə cəlb olunan gəlirlərinə 75%-lik güzəştin tətbiq edilməsidir. Bunlar 2019-cu ildə ölkədə qeyri-leqal məşğulluğun səviyyəsini azaltmış, leqal şəraitdə işləmək istəyən sahibkarların sayını isə əhəmiyyətli dərəcədə artıraraq vergi daxil olmalarına müsbət təsir göstərmişdir.
Bildirildi ki, dövlət büdcəsi dövlətə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunmasına dair əsas maliyyə sənədi hesab olunur. Bu zəmində 2019-cu il dövlət büdcəsinin icrasını qənaətbəxş hesab etmək olar.
Qeyd olundu ki, 2019-cu ilin icmal və dövlət büdcələri yeni büdcə qaydasına müvafiq olaraq hazırlanmış ilk büdcədir. Büdcə qaydasının tətbiqi dövlət xərclərinin profisitliyinin əhəmiyyətli dərəcədə aradan qaldırılmasını, dövlət gəlirlərinin formalaşmasında hələ də mühüm xüsusi çəkiyə malik olan neft gəlirlərindən əvvəlcədən müəyyən olunmuş fiskal çərçivə daxilində istifadəsinə şərait yaradıb. Ötən ilin dövlət büdcəsinin icrası haqqında hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə daha yetərli və əhatəlidir.
Dövlət və icmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərclərin isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra olunub. Belə ki, 2019-cu il üçün icmal büdcənin gəlirləri 34,0 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat çox, xərcləri isə 26,5 milyard manat icra olunub.
İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat və ya 4,0 dəfə çox, yəni 7,5 milyard manat büdcə artıqlığı (profisit) yaranıb.
2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon manat olmaqla proqnoza qarşı 1 milyard 50 milyon manat və ya 4,5 faiz çox icra edilib.
Təqdirəlayiq haldır ki, əldə olunan bütün əlavə gəlirlər və dövlət büdcəsində ənənəvi formalaşan ehtiyatlar istisnasız olaraq dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsinin güclənməsinə yönəldilib.
Ötən il dövlət büdcəsinin xərcləri 97 faiz icra edilməklə 24 milyard 426 milyon manat təşkil edib.
2019-cu ildə fiskal orqanların dövlət büdcəsinə daxilolmaları artıqlaması ilə təmin etməsi və xərclərin qənaətlə icrası nəticəsində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi mənbələrindən tam istifadə edilməsinə ehtiyac qalmamış, kəsirin hesablama metodologiyasına uyğun olaraq faktiki kəsir proqnoza nisbətən qat-qat az olmuş, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz təşkil etmişdir.
Diqqətə çatdırıldı ki, büdcə xarici mənşəli risklərin ölkə iqtisadiyyatına mümkün mənfi fəsadları nəzərə alınmaqla icra olunub, makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi artım dəstəklənib.
2019-cu il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti faktiki icra göstəriciləri proqnozlaşdırılan 31,1%-ə qarşı – 26,6% təşkil edib.
Hesabatda dövlət büdcəsindən maliyyələşən dövlət proqramları və tədbirlər üzrə icra vəziyyəti və onların nəticələri barədə məlumatlar və göstəricilər öz əksini tapıb.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin büdcə gəlirlərində xüsusi çəkisi 2018-ci iilə müqayisədə 1,8 faiz bənd azalıb.
Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 2018-ci ilə nisbətən 3,4 faiz-bənd artaraq 43,8 faiz təşkil edib.
Dövlət büdcəsi xərclərinin 31,8 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Ölkə Prezidentinin imzaladığı 2 böyük sosial paketin uğurlu icrasının nəticəsi olaraq sosial müavinət və təqaüdlər orta hesabla 92,0 faiz, minimum pensiyanın məbləği 72,0 faiz, minimum əməkhaqqı 92,0 faiz artaraq, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əməkhaqları orta hesabla 50,0 faiz artırılıb.
Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 mlrd. vəsait hesabına yerinə yetirilib.
Dövlət büdcəsində əməyin ödənişi üzrə xərclər 5,0 milyard manata yüksəlməklə ümumi xərclərin - 20,5 faizinə çatıb. Dövlət dəstəyi qismində fiziki şəxslərin problemli kreditlərinin həllinə nail olunmaqla ümumilikdə 639,0 milyon manat kompensasiya məbləğinin ödənişinin həyata keçirilməsi təmin edilib.
Dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində uğurlu siyasət davam etdirilməklə bu məqsədə ümumilikdə büdcə xərclərinin 13,9 faizi həcmində vəsait yönəldilib.
Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş şəhid ailələrinin vərəsələrinə 11 min manat hesabı ilə birdəfəlik müavinətlərin verilməsi təmin edilib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmaqla dövlət və icmal büdcələrindən üst-üstə 494,0 milyon manat vəsait ayrılıb.
Dövlət borcunun idarə olunmasında səmərəliyinin və çevikliyin daha da artırılması, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondununun vəsaitlərindən daha düzgün istifadəsi hesabına 2019-cu ildə əlavə borclanmaya gedildikdən sonra belə, ilin sonuna ölkənin dövlət borcunun həcmi 164,0 milyon ABŞ dolları məbləğində azalmışdır.
2019-cu ildə vətəndaşların güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, hərbi qulluqçuların mənzillərlə təmin edilməsi, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı xərclər də icra olunub.
Komitə sədri bildirdi ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə dövlət büdcəsində nəzərdə tutulmuş məbləğdə dotasiya ayrılmış, proqnoza qarşı əlavə gəlir əldə etməklə öz xərclərini gəlirləri hesabına maliyyələşdirdiklərinə görə bir sıra rayon və şəhərlərə nəzərdə tutulduğundan az dotasiya ödənilib.
2019-cu ildə dövlət büdcəsinin uğurlu icrası 2020-ci ilin sürətli iqtisadi inkişafı üçün də mühüm zəmin yaratdı. Gözlənilmədən baş verən və xaricdən idxal olan pandemiya şəraiti iqtisadi inkişaf tempimizə təsir etsə də, bu ilin ilk 5 ayının büdcə gəlirlərinin proqnozdan artıq 500 mln manat icra edilməsi mühüm uğur sayılmalıdır. Suveren iqtisadi ehtiyatlara sahib olan Azərbaycan dövlətinin hazırkı dövrdə atdığı operativ iqtisadi addımlar Azərbaycan iqtisadiyyatının bu çətin şəraitdən minimum itki ilə çıxmasına və post pandemiya dövründə iqtisadi inkişaf tempini bərpa etməyə imkan verəcək.
Çıxışının sonunda komitə sədri qeyd etdi ki, 2019-cu il üçün dövlət büdcəsinin icrası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın stimullaşdırılması istiqamətində öz müsbət rolunu oynayıb. Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2019-cu il dövlət büdcəsinin icrası layihəsini dəstəkləməyi xahiş etdi.
İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov bildirdi ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycan Prezidenti tərəfindən təqdim olunan 2019-cu il üçün Dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və müvafiq hesabat ətraflı müzakirə edilib. İclasda faydalı, konstruktiv fikir mübadiləsi aparılıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da öz çıxışında 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisin komitə iclasında məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. Bildirdi ki, rəhbərlik etdiyi qurumun rəyi Milli Məclisə təqdim olunub.
Müzakirələr zamanı çıxış edən deputatlar Sadiq Qurbanov, Aydın Mirzəzadə, Fazil Mustafa, Elşən Musayev, Azər Badamov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Azay Quliyev, Məlahət İbrahimqızı, komitə sədri Qənirə Paşayeva, millət vəkilləri Tahir Kərimli, Musa Qasımlı, Aydın Hüseynov, komitə sədri Hicran Hüseynova, deputat Aqiyə Naxçıvanlı, komitə sədri Siyavuş Novruzov, millət vəkili Rauf Əliyev məsələ barədə öz fikirlərini açıqladılar, təkliflərini verdilər.
Maliyyə naziri Samir Şərifov səsləndirilən fikirlərə münasibət bildirdi.
Deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanunu birinci oxunuşda qəbul etdilər.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verdi.
Bildirildi ki, qanunun 13.3-1-ci maddəsinin birinci cümləsinə “o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar” sözləri əlavə edilir. Bu əlavədən sonra buradakı fikir aşağıdakı şəkildə səslənəcək: “Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir”.
Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır.
Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Qüdrət Həsənquliyev, Jalə Əliyeva, komitə sədrləri Hicran Hüseynova, Siyavuş Novruzov, Ziyafət Əsgərov məsələyə münasibət bildirdilər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Növbəti məsələ - “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verdi. Qeyd olundu ki, Məcəlləyə təklif olunan dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb.
Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.
Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur.
Bu qanun layihəsinin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Deputatlar Fazil Mustafa, Qüdrət Həsənquliyev, komitə sədri Ziyafət Əsgərov, millət vəkili Aydın Hüseynov qanun layihəsi barədə öz fikirlərini açıqladılar, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab etdilər.
Cinayət Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Bununla Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi